İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsəd getdi, Türkiyənin bu məsələdə də yolu açıldı - 15 il sonra reallaşan ŞOK layihə

Musavat.com-un hazırladığı xəbərdə bildirilir ki, Suriyada yeni dövrün başlaması ilə siyasi proseslərlə yanaşı, regional iqtisadi layihələrlə bağlı müzakirələr də gündəmə gəlib.

Belə ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın açıqlamalarından sonra Türkiyədə strateji əhəmiyyətli Qətər-Suriya-Türkiyə qaz kəməri layihəsi ilə bağlı müzakirələr yenidən canlanıb.

A.Bayraktar Suriyadakı hadisələri şərh edərkən Qətər təbii qazının Türkiyə üzərindən Avropaya nəqli ilə bağlı layihənin yenidən canlandırılması ehtimalını belə şərh edib:

“Ərazi bütövlüyünü təmin etmiş və sabitlik əldə edilmiş Suriya üçün niyə olmasın? Fövqəladə fürsət ola bilər”.

Bəs, Bəşər Əsədin 2009-cu ildə qəbul etmədiyi iddia edilən layihə nə dərəcədə əhəmiyyətlidir və Əsəddən sonra onun həyata keçirilməsi mümkündürmü?

Layihə Qətər təbii qazının Avropaya nəqlini nəzərdə tutur. 2009-cu ildə Qətər əmiri Şeyx Həməd bin Xəlifə Al Sani prezident Rəcəb Tayyib Ərdoğanla görüşündə iki ölkə arasında təbii qaz kəmərinin tikintisi ilə bağlı razılığa gəldiklərini açıqlamışdı.

10 milyard dollar dəyəri olan layihəyə əsasən xətt Qətərin Ras Laffan bölgəsindən başlamalı, Səudiyyə Ərəbistanı, İordaniya və Suriyadan keçərək Ankaraya, ordan da Nabukko xətti ilə birləşərək Avropaya çatmalı idi. Beləliklə, Nabukko layihəsinin daha səmərəli fəaliyyət göstərməsi, Avropanın təbii qaz təhlükəsizliyinin artacağı proqnozlaşdırılırdı.

Lakin məlumata görə, Əsəd 2009-cu ildə Moskvanın tələbi ilə Avropanın yaxın müttəfiqi olan Rusiya qazından asılılığını azaltmamaq üçün bu layihədən imtina edib.

Avropa İttifaqı Komissiyası və Beynəlxalq Enerji Agentliyinin (BEA) məlumatlarına görə, Rusiya bu dövrdə Aİ-nin ümumi təbii qaz idxalının təxminən 34-40 faizini təmin edib. Bu dövr həm də Aİ-nin enerji təchizatında Rusiyanın çəkisinin yüksək olduğu dövr kimi diqqəti çəkir.

BEA məlumatlarına görə, həmin il Rusiya təbii qazının idxal payı 38 faiz ətrafında olub. Yəni bu dövrdə Avropanın Rusiyadan asılılığı davam edirdi.

COVID-19 dövründə təbii qaza tələbat artdıqca və təklif sabit qaldıqca qiymətlər sürətlə artdı. Rusiyanın Ukrayna üzərindən Avropaya təbii qaz nəqlini azaltması və qış aylarında Avropada istifadə üçün ayrılan təbii qaz ehtiyatlarının normal həddən aşağı düşməsi təbii qaz təchizatı ilə bağlı böhrana səbəb oldu.

Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Avropa Rusiya qazından tamamilə imtina etməyi hədəfləsə də, nəticə əksini göstərdi. Keçən ilin əvvəlində Norveçdən gələn təbii qazın azalması və bərpa olunan enerji mənbələrinin azalması Avropada təbii qaz böhranının əsas səbəbləri kimi qiymətləndirilib.

Müharibədən öncə Rusiyanın Aİ-yə verdiyi təbii qazın payı təxminən 40 faiz idisə, müharibədən sonra Aİ Rusiya qazından asılılığını xeyli azaltdı. Norveç, ABŞ və Əlcəzair kimi alternativ təchizatçılar meydana çıxdı.

Son olaraq, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Türkiyə ilə Qətər arasında 15 ildir dayandırılan layihənin Əsəd rejiminin devrilməsindən sonra yenidən həyata keçirilə biləcəyini bəyan edib.

Nazirin layihənin yenidən canlanaca biləcəyini deməsi isə müsbət siqnal kimi dəyərləndirilib.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR