İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanla sərhədimizə 40 avropalı gəlir: Aİ missiyası kimdən yanadır...

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaza, Ermənistan-Azərbaycan sərhədinə mülki missiya göndərilməsi məsələsi reallaşır. “Yeni Müsavat” bildirir ki, Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar oktyabrın 10-da Avropa Parlamentində müzakirələr zamanı belə məlumat verib. “Aİ-nin Ermənistan-Azərbaycan sərhədinə mülki missiyası ilə bağlı qərar üzv dövlətlər tərəfindən verilməlidir. Bu məsələ Siyasi və Təhlükəsizlik Komitəsində müzakirə olunacaq”, - Klaar bildirib: “Azərbaycan və Ermənistan arasında münaqişə 30 ildən artıq bir müddətdə davam edib. 30 ildən çox davam edən münaqişə zamanı Azərbaycanın böyük bir hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Azərbaycanlılar 100 min köçkünü, qəbiristanlıqların təhqir olunmasını, kəndlərin, şəhərlərin dağıdılmasını göstərə bilər. Bu gün vəziyyət radikal dərəcədə fərqlidir. 2020-ci ildə müharibədən sonra atəşkəs imzalandı və Azərbaycanın itirdiyi torpaqlar qayıtdı. Azərbaycan indi bu şəhərlərdəki infrastrukturu bərpa etməyə çalışır. Baxmayaraq ki, ölkə bu gün təmizlənməmiş minalar və partlamamış sursatlar kimi vacib bir problemlə üzləşir”.

O vurğulayıb ki, Aİ Azərbaycanın minalardan təmizləmə səylərinin ən böyük dəstəkçisidir: “Biz burada stabilliyin dialoq yolu ilə əldə olunmağını istəyirik. Fransa müzakirələr prosesində ən yüksək səviyyədə iştirak edir. ABŞ da yüksək səviyyədə təmsil olunur. Biz tərəfləri sülh istiqamətində konkret addımlar atmağa, əldə olunan razılaşmaların müddəalarına əməl etməyə təşviq edirik”. Klaar xüsusi olaraq Birinci Qarabağ müharibəsində itkin düşən 4000 azərbaycanlının məsələsinə də toxunub: “1990-cı illərdə müharibədən sonra minlərlə insan hələ də itkindir və onların çoxu azərbaycanlıdır. Minlərlə insan hələ də öz sevdiklərini, ailə üzvlərini gözləyir, onların başına nə gəldiyini bilmir. Bunlar hamısı araşdırılmalıdır. Bütün olanlara, ötən həftələrdə üzləşdiyimiz çətinliklərə baxmayaraq, qarşıya baxdıqda deyə bilərəm ki, Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda - Azərbaycan-Ermənistan əlaqələrinin normallaşmasına töhfə vermək istiqamətində yaxşı mövqedədir. Regionda vəziyyət çox təhlükəli olaraq qalır, vəziyyət qeyri-stabildir. Ötən otuz ildən bəri qalmış qəzəb hissi var. Ancaq biz bu iki ölkənin qonşuları olaraq onlara kömək etməliyik. Kömək etməliyik ki, bunun öhdəsindən gəlsinlər. Çünki bu, çiçəklənən, sülhün olduğu Cənubi Qafqaz üçün vacibdir. Ədalətli sülhün əldə olunması istiqamətində görüləcək işlər çoxdur”. İlkin məlumata görə, missiya yaxın günlərdə artıq Ermənistanda olacaq və 40 nəfərdən ibarət heyətlə təmsil olunacaq, iki ay burada qalacaq. Azərbaycan isə onlarla yalnız əməkdaşlıq edəcək, bizim ərazilərdə fəaliyyət göstərməyəcəklər. Klaarın açıqlamasında müəyyən pozitiv çalarlar var ki, həmin missiya obyektiv ola bilər. Bu qrupdan hansı gözləntilər var? Onlar sülh, sərhədlərin müəyyənləşməsi prosesinə gerçək töhfə verə biləcəkmi?

Qulamhüseyn Əlibəyli: Siyasi dialoq prosesinin davam etdirilməsi müsbət  haldır

Qulamhüseyn Əlibəyli: “Sərhədlərin dəqiqləşməsinə töhfə verə bilərlər, proseslər Rusiyanın nəzarətindən çıxır”

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin “Yeni Müsavat”a bildirdiyinə görə, Aİ-nin mülki missiyasının bölgəyə gəlişi sərhədlərin dəqiqləşməsinə töhfə verə bilər. Partiya lideri hesab edir ki, onların mandatı elə sərhədləri müəyyənləşdirmək məsələsidir: “Təbii ki, delimitasiya işi sülh prosesi üçün də bir zəmin yaradır. Prinsip etibarı ilə Avropa Birliyinin mülki missiyanın sərhədimizə gəlməsi proseslərin Rusiyanın tam nəzarətindən çıxması deməkdir. Bunu da müsbət hal kimi qiymətləndirmək lazımdır”. Q.Əlibəylinin fikrincə, mülki missiyanın iki ay regionda olması həm də sərhəd münaqişəsinin səngiməsinə xidmət edə bilər: “Sözsüz ki, münaqişəni törədən erməni tərəfidir, amma ən azı çəkinəcəklər ki, təxribatlar etməsinlər. Rusiya isə təşəbbüsü əldən çıxarmamağa çalışır. Moskva prosesə mane olmağa çalışacaq, amma gecdir, Azərbaycan və Ermənistan arasında bu məsələdə razılaşma var, Avropa İttifaq çətiri altında bu prosesi davam etdirməyin tərəfdarıyıq”.

Elxan Şahinoğlu “Real” TV-də veriliş açıb: “Bu sahədə boşluq var idi”

Elxan Şahinoğlu: “Missiya üzvləri tərəfsiz olmalıdırlar, bir ölkənin dominantlığına imkan vermək olmaz”

Analitik Elxan Şahinoğlunun sözlərinə görə, Praqadakı ortaq bəyanatın vacib bəndi Ermənistanın Azərbaycanla sərhədinə Avropa İttifaqının mülki missiyasının göndərməsidir: “Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron istəyirdilər ki, bu komissiya hər iki tərəfdə fəaliyyət göstərsin. Prezident İlham Əliyev buna razılıq verməyib, Azərbaycan, sadəcə, bu komissiya ilə əməkdaşlığa razılıq verib. Bəyanatdakı "Azərbaycan missiya ilə özünə aid olacaq dərəcədə əməkdaşlıq edəcək" cümləsinin mənası odur ki, rəsmi Bakı missiya ilə əməkdaşlıq etsə də, avropalı məsləhətçilərin təkliflərini nəzərə almaya da bilər. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq. Missiyanın tərkibinin necə formalaşması Azərbaycan üçün əhəmiyyətlidir. Missiya üzvləri tərəfsiz olmalıdırlar, bir ölkənin dominantlığına imkan vermək olmaz".

Asif Nərimanlı: "Gəncəyə terror hücumlarından iki il ötür"

Asif Nərimanlı: “Azərbaycanın maraqları nəzərə alınmasa, rəsmi Bakı öz ərazisində fəaliyyət göstərməyən missiya ilə əməkdaşlıqdan imtina imkanını özündə saxlayır”

Siyasi şərhçi Asif Nərimanlı isə qeyd edir ki, Aİ və Fransanın “mülki missiyası” bölgədə davamlı yox, maksimum iki ay müddətində qalacaq, əsas işi delimitasiya-demarkasiya komissiyasına kömək etməkdir: “Bakının komissiyanın gündəliyinə daxil etdiyi sərhədin SSRİ dövrünün xəritələrinə uyğun müəyyən edilməsi prinsipi dəyişmir. Azərbaycanın maraqları nəzərə alınmasa, rəsmi Bakı öz ərazisində fəaliyyət göstərməyən missiya ilə əməkdaşlıqdan imtina imkanını özündə saxlayır. Azərbaycan və Ermənistan Praqa bəyanatında BMT və Almatı bəyannaməsinə sadiq qalaraq, bir-birinin ərazi bütövlüyünü tanısa da, bu, sərhədin delimitasiya edilməsi qarşısında ciddi əngəl deyil. Delimitasiyadan sonra ərazilər beynəlxalq sənədlərdə sərhəd müqaviləsinə uyğun təsbit edilə bilər. Beləliklə, Bakı Qərb cəbhəsini neytrallaşdırır, Moskva-İrəvan qarşıdurmasına zəmin yaradır və Rusiya-Qərb toqquşmasını "müşahidə missiyası"nın yerləşəcəyi Ermənistan ərazisinə köçürür".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR