İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanla sərhəddə Kreml-Brüssel qapışması: KTMT də müşahidəçi göndərir...

Moskva-Qərb qarşıdurması Azərbaycan-Ermənistan sərhədinə keçir

Moskva Avropa Birliyinin 50 nəfərdən ibarət monitorinq qrupunun Azərbaycan-Ermənistan sərhədinə yerləşdirilməsi təşəbbüsünü gerçəkləşdirən İrəvana qarşı açıq hücumlardan hələ ki çəkinir. Baxmayaraq ki, XİN rəsmisi Mariya Zaxarovanın son açıqlamalarında İrəvana qarşı qəzəbli çalarları hiss etmək olar. Onun fikrincə, məhz Ermənistan Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və bunun müqabilində bölgədə Qərbin mövqelərini gücləndirmək istəyir.

Rusiya Federasiya Şurasının keçmiş üzvü Frans Klintseviç News.am saytına müsahibəsində açıq şəkildə xəbərdarlıq edib ki, Ermənistanın Rusiyadan imtina etməsi və Qərbə üz tutması İrəvan üçün “faciəyə çevriləcək”.

Qeyd edək ki, Avropa Birliyinin mülki müşahidə missiyasının  Cənubi Qafqazın münaqişə bölgələrində fəaliyyət təcrübəsi var. Belə bir missiya 2008-ci ildə Rusiya və Gürcüstan arasında müharibə zamanı atəşkəs əldə edildikdən sonra separatçı Cənubi Osetiya və Abxaziya regionlarının inzibati sərhədləri boyunca yerləşdirilib. Lakin separatçılar müşahidəçiləri bu rayonların ərazisinə buraxmayıblar. Avropa missiyasının müxtəlif üzv dövlətlərindən olan 200-ə yaxın müşahidəçisi var və illik təxminən 18 milyon avro büdcə ilə fəaliyyət göstərirlər. Onun qərargahı Tiflisdə yerləşir. Missiya 2008-ci il oktyabrın 1-də monitorinq fəaliyyətinə başlayıb və o vaxtdan bəri gecə-gündüz, xüsusən də Rusiyanın dəstəklədiyi separatçı Abxaziya və Cənubi Osetiya regionları ilə inzibati sərhədlərə bitişik ərazilərdə patrul xidməti həyata keçirir. Onun missiyası hərbi əməliyyatların yenidən başlanmasının qarşısının alınmasını təmin etmək, Abxaziya və Cənubi Osetiyaya bitişik ərazilərdə yaşayan yerli icmaların təhlükəsiz və normal həyatının bərpasına kömək etmək və münaqişə tərəfləri arasında etimadın yaradılmasıdır.

Qeyd edək ki, Avropa Birliyinin Gürcüstandakı müşahidəçi missiyasının mandatı əvvəlcə 12 ay üçün nəzərdə tutulsa da, sonradan vaxtaşırı uzadılıb. Praqa razılaşmasına görə, Ermənistana göndərilən missiyanın mandatı cəmi 2 aydır, lakin müddət bitdikdən sonra daha 2 aylıq uzadıla bilər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə MDB Xarici İşlər Nazirləri Şurasının iclasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistana müşahidəçi göndərməyə hazır olduğunu açıqlayıb:  “Ermənistan KTMT-nin fövqəladə sammitinin çağırılmasını xahiş etdikdən dərhal sonra KTMT-nin baş katibinin, Birləşmiş Qərargah rəisinin Ermənistana göndərilməsi qərara alındı. Oraya getdilər, tövsiyələr gətirdilər, bir aydan çoxdur ki, bu tövsiyələr bizim əlimizdədir. Bu tövsiyələr sırasında Ermənistan ərazisinə, Azərbaycanla sərhədə KTMT müşahidəçilərinin monitorinq missiyasının göndərilməsi də var. Tələb olunan yeganə şey Kollektiv Təhlükəsizlik Şurasının qərarıdır ki, onu KTMT sədri çağırmalıdır”.

Bəs bütün sadalananlar Qərb-Moskva gərginliyinin Ermənistan-Azərbaycan sərhədinə keçməsidirmi? Bu, Ermənistana yaxşı heç nə vəd etmir. Eləcə də sərhədin müəyyənləşməsinə əngəllər yaradacağı gözlənilirmi?

Politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, son 30 ildə Ermənistanın Azərbaycan sərhədlərini atəşə tutmaq adəti formalaşıb: “44 günlük Vətən müharibəsindən sonra isə qısa bir müddət sakitlik olsa da, bir müddət sonra əvvəlki dövrlərdə olduğu kimi, Azərbaycan sərhədlərini atəşə tutmağı intensivləşdirdilər. Ermənistan tərəfinin sülh barədə fikirləri istər müharibədən əvvəl, istərsə də sonra həmişə xarici ictimaiyyət üçün deyilmiş fikirlərdir. Reallıqda onlar bu sülhlə razılaşmırlar, bizim torpaqlardan pay istəyirlər. Çünki bütün dünyadakı  erməni lobbisinin və erməniliyin ideoloji nüvəsində məhz bizim torpaqlardan pay ummaq, Türkiyəyə qarşı genosid iddiaları və s. durur. Amma Ermənistan tərəfi istəsə də, istəməsə də, sülh sazişinə gedən prosesin iştirakçısıdır. Bu proses isə Ermənistan üçün də öhdəlik və məsuliyyət formalaşdırıb. Sülhə gedən yolda ümumilikdə Ermənistanın da imza atdığı razılaşdırılmış, sülhəqədər prosesləri tənzimləyən öhdəliklər var. Ermənistan istəsə də, istəməsə də sülh sazişini imzalamağa məcburdur, əks halda, bu, müharibə şərtləri formalaşdırır. Azərbaycan Prezidentinin və sülh sazişi üçün çalışan tərəflərin verdiyi mesajlardan irəlidə iki aylıq bir müddət üçün gözləntilər var. Bu müddət ərzində ilin sonuna kimi Avropa Birliyi və Fransanın Azərbaycan-Ermənistan sərhədində missiyası fəaliyyət göstərəcək. Artıq onlar ərazidə missiyanın yerləşməsi üçün bir sıra addımlar atıblar. Missiya mövzusunda anlaşılmaz bir məqam var , o da budur ki, bu missiya haqqında tərəflərin fərqli fikri var. Məsələn, Avropa Birliyinin missiya haqqında şərhi, Fransa XİN-in missiya haqqında şərhi və Ermənistanın bu missiya haqqında fikirləri bir-birindən fərqlənir. Ona görə də bu mərhələdə hələ bu mövzu aydınlığa çıxmalıdır”.

Dəyişən dünyada Azərbaycanın yeri - Yeganə Hacıyeva ilə söhbət

Yeganə Hacıyeva

Ekspert qeyd etdi ki, Qərb-Moskva gərginliyinin Ermənistan-Azərbaycan sərhədinə keçməyə başlaması barədə sualın cavabı netdir: “Qərbin bu mərhələdə Ermənistan mövzusunda Rusiya ilə heç bir narahatlığı yoxdur, əksinə, qatı konfrontasiyada olduqları Rusiya ilə Ermənistan mövzusunda kollegial qərarlar verirlər, razılaşırlar və s. Bunun da əlbəttə əsasları var, istər ABŞ-da, istərsə də Rusiya hökumətində fəaliyyət göstərən erməni lobbi qrupu hər iki ölkənin imkanları hesabına öz təcavüzkar siyasətini yeritməyə çalışır. Rusiyanın missiya mövzusunda Ermənistanla gərginliyi haqqında isə onu qeyd etmək istəyirəm ki, Cənubi Qafqazdakı daha öncəki bu missiyaların fəaliyyəti Rusiyanın nəzarətində olduğu üçün çox da ciddi narahatlığı yoxdur. Çünki Qərbin Ermənistana hansı missiyanı göndərməsindən asılı olmayaraq, onun 102-ci hərbi bazası Ermənistan ərazisindədir, ölkənin 80% müəssisələri, yolları onun mülkiyyətidir və s”.

Sərhədə missiya göndərilməsi barədə Qərb-Rusiya mövqeyinin haçalanmasının dərinləşəcəyi halda bu vəziyyətin sərhədin delimitasiyası və demarkasiyasına əngəllər yaradıb-yaratmayacağına gəlincə, Y.Hacıyeva hesab edir ki, ermənilər bu vəziyyətdən istifadə edib pozuculuq edə bilərlər: “Biz onların  xarakterinə bələdik. Hətta sülh müqaviləsi bağlansa belə, gələcəkdə sərhəd xəttində gərginliklər ola bilər. Daha sonrakı mərhələdə missiyanın fəaliyyət göstərmə imkanları var, burada haşiyə də açım ki, bu missiyanın həyata keçirilməsində Fransadan dürüstlük gözləntimiz yoxdur. Fransa bizə münasibətdə heç vaxt dürüst olmayıb, olmayacaq da. Amma Avropa Birliyinin bu missiyada reallığı daha az təhrif edə biləcəkləri gözləntimiz var. Düzdür, biz deyə bilmərik ki, onlar həmin zaman üçün fəaliyyəti dövründə sərhəddə ermənilərin sülhü pozmaq cəhdlərini tam da fiksə edəcəklər, tam miqyasda monitorinq keçirəcəklər, prosesləri izləyəcəklər və s. Yəni tam olmasa da, Avropa Birliyindən qismən gözləntimiz var. Onların dürüst monitorinqi bu ilin sonuna kimi irəlidəki iki aylıq müddətdə sülh sazişinin imzalanması üçün proseslərə dəstək ola bilər. Ümumilikdə, Ermənistanın sülh sazişinə gedən yolda razılaşmaları pozmaqla bağlı təxribatları var və proses boyu davam edir. Heç kim təminat vermir ki, bu proseslərdən sonra da, hətta sülh müqaviləsi bağlanandan sonra da epizodik də olsa, sərhəd xəttində gərginliklər olmayacaq”.

Etibar SEYİDAĞA
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR