İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanla Rusiya arasında silah qalmaqalı

Hərbi ekspert: “Ermənistan Rusiyanın 44 günlük müharibədə onlara verdiyi silahları sanki pay olaraq qəbul edirmiş”

Ermənistan Rusiyadan dəyəri ödənilmiş silahların tədarükünü gözləyir. Bu barədə jurnalistlərə hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Andranik Köçəryan deyib. Silahların çatdırılacağı tarixə gəlincə isə Köçəryanın sözlərinə görə, hər bir müqavilədə həm çatdırılma üçün son tarix, həmçinin silahların tədarükü gecikəcəyi təqdirdə nəzərdə tutulan sanksiyalar öz əksini tapıb.

Andranik Köçəryanın bu açıqlaması onu deməyə əsas verirmi Rusiya Ermənistanın pulunu ödədiyi silahları İrəvana göndərmir və bununla da Ermənistanı saya salmır? Köçəryan “müqavilədə silahların tədarükü gecikəcəyi təqdirdə nəzərdə tutulan sanksiyalar öz əksini tapıb” fikri ilə Rusiyanı sanki hədələyir və şantaj edir?

KTMT-nin Azərbaycanla təhlükəli qonşuluq planı

Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, 2020-ci ildə 44 günlük müharibədən bir müddət sonra da silah məsələsi qaldırılmışdı. Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, Rusiyadan silah almaq üçün öncədən vəsait ödəmişik, ancaq Rusiya həmin silahları göndərmir. Rusiyadan isə belə bir cavab verilmişdi ki, ödənilən vəsaitin dəyərində silahları 44 günlük müharibədə Ermənistana tədarük etmişik: “Hətta bildirilmişdi ki, həmin silahlar Ənzəli sərhəd nəzarət-buraxılış məntəqəsi vasitəsilə Ermənistana göndərilib. Bu məsələ 2021-ci ilin ortalarında qalxmışdı. İndi belə görünür ki, Ermənistan hökuməti Rusiyanın hələ o zaman verdiyi cavabı yetərli saymır. Ermənistan Rusiyanın 44 günlük müharibədə onlara verdiyi silahları sanki pay olaraq qəbul edirmiş. Ona görə də hələ də Rusiyadan pulunu ödədiyi silahları tələb etməkdədir. Pulu öncədən ödənilən silahların hansı növ silahlar olması barədə isə tərəflərin açıqlamalarında indiyə qədər konkret fikir ifadə olunmayıb. O da mümkündür ki, həmin silahlar Rusiya ilə müqavilədə qeyd olunan silahlar deyil. Ona görə də Ermənistan silah tədarükü məsələsində dirəşib. Ermənilər rusların onlara pulsuz silahlar, hərbi texnikalar verməsinə o qədər öyrəşiblər ki, 44 günlük müharibədə verilmiş silahları da pulsuz verilmiş silahlar sayırlar. 44 günlük müharibədən az öncə Rusiya Ermənistana dəyəri 1 milyard dollardan artıq silahları pulsuz vermişdi. Ermənilər bu silahları da hesaba almır. Ruslar isə Ermənistanla münasibətlər soyuqlaşdığı üçün göndərdiyi silahların pulu ödənilmiş silahlar olduğunu bəyan edir. Bu isə o deməkdir ki, Rusiyanın Ermənistanın məlum tələbini yerinə yetirmək fikri yoxdur”.

Ekspert qeyd etdi ki, Andranik Köçəryanın son açıqlaması həm də İrəvanın Rusiyanı dolayısı ilə sanksiyalarla hədələməsidir: “Faktiki olaraq Ermənistanla Rusiya arasında silah qalmaqalı yaşanır. Düzdür, Ermənistan Rusiyaya qarşı sanksiya tətbiq edə bilməz, ancaq Rusiyanın pulunu aldığı silahları tədarük etmədiyini bəhanə edib NATO dövləti olan Fransadan silahlar almağına "əsas" yaratmağa, Moskvanın susmasını təmin etməyə çalışa bilər".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR