İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın ölkəmizə qarşı Venesiya Komissiyası “tələsi”

İki ölkənin konstitusiyaları bu quruma göndərilə bilərmi? - şərh

Artıq dəqiqdir ki, Ermənistan öz konstitusiyasını beynəlxalq hüquqa uyğunlaşdıranadək tərəflərin imzalayacağı hər hansı sənəd yekun sülh müqaviləsi sayılmayacaq. Çünki böyük sülh anlaşması üçün əsas maneə qalmaqdadır...

Hərgah, günlər əvvəl baş nazir Nikol Paşinyan növbəti dəfə və riyakarcasına “bizim konstitusiyada Azərbaycana torpaq iddiası yoxdur”, - deyə bəyan etmişdi. Həmçinin Azərbaycan və Ermənistan konstitusiyaları arasında paralellik aparmağa cəhd etmişdi. Onun iddialarına görə, guya Azərbaycan Konstitusiyasında da oxşar müddəalar var.

Doğrudur, Azərbaycan Konstitusiyasında dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktına istinad mövcuddur. Onun 2-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikası ADR-in hüquqi varisidir. Ancaq orada heç bir ölkəyə qarşı ərazi iddiasından danışılmır, konkret yer adı çəkilmir. Yəni qonşu Gürcüstan, Rusiya, İran heç vaxt bununla bağlı Bakıya ünvanlı narahatlıq, narazılıq bildirməyib və Azərbaycanla sülh müqavilələri imzalanıb.

Hüquq varisliklə bağlı analoji müddəalar, məsələn, Gürcüstanın, Moldovanın, Estoniyanın, Latviyanın və Litvanın konstitusiyalarında da yer alır. Yaxud şimal qonşumuz Rusiya özünü SSRİ-nin hüquqi varisi elan edib. Ermənistan Konstitusiyasında isə (Müstəqillik Aktına istinadlar daxil) Azərbaycanın və qardaş Türkiyənin konkret ərazilərinin adları çəkilir və bu, üst-üstə 200 min kv km-lik bir ərazidir.

Ermənistan parlamentinin spikeri Alen Simonyan öz növbəsində Bakının konstitusiya dəyişikliyi tələbinə belə bir təklif verib. Sitat: “Seçim variantı kimi Ermənistan hakimiyyəti iki ölkənin konstitusiyalarını Venesiya Komissiyasına göndərə bilər, qoy o da ərazi iddialarının olub-olmadığı haqda qərar versin”.

Bəs Azərbaycan və Ermənistan konstitusiyaları Venesiya Komissiyasına göndərilsə, rəy necə ola bilər? Bu nədir, İrəvanın silahlanmaq üçün əlavə vaxt udmaq cəhdi, yoxsa..?

 Çingiz Qənizadə 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirib ki, Ermənistanın bu təklifi vaxt qazanmaqla bərabər, həm də Azərbaycan əleyhinə bir siyasi tələdir. Hüquq müdafiəçisi deyib ki, Avropa Şurasının Venesiya Komissiyasına hazırkı şəraitdə müraciəti mənasızdır. Ç.Qənizadənin sözlərinə görə, AŞ-nin bu komissiyası Azərbaycana münasibətdə obyektiv mövqe sərgiləməyə bilər: “Ermənistana bəllidir ki, Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasında nümayəndə heyəti səsvermə hüququndan məhrum edilib. Hazırda bu təşkilatla əlaqələr dondurulub və gərginlik mövcuddur. Nümayəndə heyətimiz bu sanksiyaya etiraz olaraq haqlı şəkildə AŞ PA-dakı fəaliyyətini dondurub. Sizcə, belə vaxtda Avropa Şurasının Venesiya Komissiyasının bizim konstitusiya ilə bağlı rəyi nə ola bilər?”

Ç.Qənizadə hesab edir ki, ikincisi, burada diktə edən tərəf Bakıdır və İrəvanın hər hansı təklif irəli sürməyə mənəvi haqqı çatmır: “Üstəlik, bu müraciətə ehtiyac yoxdur. Çünki bizim konstitusiyada Qərbi Zəngəzurun Azərbaycana birləşdirilməsi ideyası yer almır. Ancaq Ermənistan Qarabağı öz tərkibinə qatmaq istəyini Müstəqillik deklorasiyasında və konstitusiyada saxlamaqdadır. Ona görə də bu cür bəyanatlar həm də İrəvanın məkrli niyyətlərindən irəli gəlir. Onlar bununla guya paralellik aparır, qarşılıqlı mübahisə olduğunu təlqin etməyə çalışırlar”. Hüquq müdafiəçisi heç bir halda Venesiya Komissiyasına bu konstitusiyaları göndərməyə zərurət görmür və obyektiv rəy veriləcəyinə də inanmır: “Bundan əvvəl də Venesiya Komissiyası Azərbaycan əleyhinə qərəzli rəylər açıqlayıb. Bu qurumun bizə haqsız münasibəti çoxdan məlumdur. Yəni həm "Media haqqında" qanun, həm QHT-lər barəsində qərəzli rəylər veriblər. Sonuncu dəfə ötən il Gürcüstana qarşı qərəzli mövqe sərgiləmişdilər. İndi bu komissiyaya necə inanmaq olar? O baxımdan, İrəvan tezliklə öz qanunvericiliyinə dəyişiklik etsə yaxşıdır. Ermənistan sülh istəyirsə, alternativi yoxdur".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Mart 2025

21 Mart 2025

BÜTÜN XƏBƏRLƏR