İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın Minsk Qrupu xiffəti...

Bakının tələbi reallaşmasa, İrəvan sülh yerinə “qulağının dibini görər” - mövqe

“Supergüclər ATƏT-in Minsk Qrupunun həmsədrliyini ləğv etmək istəsəydilər, artıq onu ləğv edərdilər”. Belə bir iddianı erməni müxalif siyasətçi Tevan Poqosyan irəli sürüb. Bəs keçmiş həmsədr dövlətlərin - ABŞ, Rusiya və Fransanın  belə bir hüququ varmı? Yoxsa yalnız Bakı və İrəvanın ATƏT-ə birgə müraciəti ilə bu üzdəniraq qrup rəsmən ləğv edilə bilər? Qeyd edək ki, Rusiya MQ-nin artıq mövcud olmadığını bəyan edib. Ötən ay isə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Bakı və İrəvana MQ-nin de-yure ləğvi uçub ATƏT-ə birgə müraciət etməyi məsləhət görmüşdü.

Sitat: “2022-ci il oktyabrın 6-da Praqada keçirilən Azərbaycan, Ermənistan, Fransa və Avropa Birliyinin sammitinin nəticələrinə əsasən, Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıması, 2023-cü ilin sentyabrında yerdə vəziyyətin kardinal şəkildə dəyişməsi ATƏT-in Minsk Qrupunun mandatının aktuallığını itirməsi ilə nəticələnib. Minsk konfransının bütün strukturları - Minsk Qrupu, yüksək səviyyəli planlaşdırma qrupu, ATƏT-in fəaliyyətdə olan sədrinin Qarabağ məsələsinin həlli üzrə şəxsi nümayəndəsi vəzifəsi ləğv edilməlidir. Rusiya tərəfi hesab edir ki, bununla bağlı müvafiq qərarların qəbul edilməsinin optimal yolu Bakı və İrəvanın müvafiq qurumların ləğvi ilə bağlı birgə müraciətidir”.

Yada salaq ki, baş nazir Nikol Paşinyan da az öncə Minsk Qrupunun ləğvini mümkün saymışdı. Lakin sözdən əmələ keçməyə tələsmir. Halbuki Bakının sülh sənədi ilə bağlı 4 şərt-tələbindən biri məhz MQ-nin rəsmən ləğvi ilə bağlıdır. Ermənistanın baş naziri Nikol Paşinyan bildirmişdi ki, “Biz Minsk Qrupunun həmsədrliyini aşağıdakı əsaslarla ləğv etməyə razıyıq: əgər münaqişə yoxdursa, münaqişəyə xidmət edən formatın nə mənası var? Lakin biz əmin olmaq istəyirik ki, Minsk Qrupu həmsədrliyinin ləğvi Azərbaycan üçün eyni şey deməkdir. Yəni bu, sülh deməkdirsə, ATƏT-in Minsk Qrupu nəyə lazımdır?”

Politoloq Züriyə Qarayeva "Yeni TV"-nin canlı yayımında

Züriyə Qarayeva

Siyasi ekspert Züriyə Qarayeva Minsk Qrupunun de-fakto ləğv edildiyini, Rusiyanın da bunu təsdiqlədiyini xatırlatdı. O qeyd etdi ki, Tramp-Putin yaxınlaşması fonunda bəzi tərəddüdlər meydana gəlsə də, yenidən həmsədrlərin toplaşması mümkünsüzdür: “Çünki Rusiya lideri fransız həmkarı Makronla dialoqa birdəfəlik son qoyub. Trampın Makronu necə qarşıladığını da gördük. Ona görə də ABŞ-Rusiya təmasları başlasa da, bunun Minsk Qrupunu fəaliyyətinə təsir edəcəyini gözləmirəm. Hazırda Ukrayna münaqişəsi onları bir araya gəlməyə qoymur. Hətta atəşkəsə gedilsə belə, sanksiyalar ləğv edilməyəcək. Unutmayaq ki, Tramp ilk prezidentliyi dövründə Rusiyaya sanksiyalar tətbiq siyasətçidir. Odur ki, bu yaxınlaşmadan kimlərsə çox da ümidlənməsinlər. Yəni ABŞ-Rusiya dialoqu Minsk Qrupunu dirildə bilməz”. Z. Qarayeva əlavə etdi ki, əgər buna cəhd edilsə də, Azərbaycana təzyiq göstərmək mənasızdır: “Bakı əsla razı olmayacaq ki, Minsk Qrupu dövriyyəyə girsin. Axı buna ehtiyac yoxdur?! Onları nəyi həll edəcəklər? Vasitəçilik etməli olduqları məsələ həllini tapıb. Rusiya da istəməz ki, Qafqazın iki ölkəsinin məsələsinə Fransa və ABŞ yenidən qarışsın. Artıq Azərbaycan və Ermənistan sülh danışıqları aparır, sərhədlər müəyyənləşir, Minsk Qrupu nəyimizə lazımdır?”

Təhlilçi qeyd etdi ki, Ermənistanın da Minsk Qrupuna maraq göstərdiyinə inanmır: “Onun güvəndiyi Makronun nüfuzu yerlə sürünür. Nə Tramp, nə Putin onu sayırlar. Ortada ən mühüm məsələ isə Türkiyə faktorudur. Qardaş ölkə Qafqazdadır və proseslərdə iştirak edir. Azərbaycan tək deyil və ona görə bizi Minsk Qrupunun masasına gətirə bilməzlər. Bir daha deyirəm ki, axı keçmiş həmsədrlər nəyi müzakirə edəcəklər? Biz sülh sənədi üçün mətni razılaşdırırıq, bu dövlətlər isə müdaxilə etməsələr yaxşıdır. Ermənistan da həvəsə düşməsin ki, ABŞ-Rusiya danışıqları Minsk Qrupunun bərpasına səbəb olacaq. Ancaq erməni ekspert bir məsələdə haqlı görünür ki, böyük güclər hələ də bu formatın de-yure ləğvinə tələsmirlər. Amma Bakı və İrəvan siyasi iradə ortaya qoymalıdır və ATƏT qarşısında bu məsələ  qaldırılmalıdır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR