Onlayn ictimai-siyasi qəzet
Regionda sülhün və sabitliyin bərqərar edilməsi ilk növbədə bölgə dövlətlərinin marağında olmalıdır. Region dövlətləri istəmədikdən sonra kənardan sülhün gəlməsi qeyri-mümkündür. Müəyyən edilmiş sərhədlər daxilində sülhə nail olmaq hər kəs üçün prioritet olmalıdır.
Bir neçə məqamı xüsusilə vurğulamaq lazımdır ki, Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması 30 ilə yaxın davam edib və çox ağrılı bir proses olub. Təəssüf ki, BMT TŞ-nin qətnamələri, keçmişdə qalan və münaqişənin həlli üçün mandat almış ATƏT-in Minsk qrupu 30 il ərzində münaqişənin həll edilməsinə heç bir töhfə verməyib.
Hətta bugünkü vəziyyətdə görürük ki, bir zamanlar ATƏT-in Minsk qrupunun həmsədri olmuş Fransa əksinə, münaqişənin həllində yox, bölgədə hər zaman xaosun olmasında maraqlı olub. Bu ölkə Ermənistanı hər addımda revanşist hərəkətlərə təhrik edərək, sülhün və sabitliyin qarşısında maneə yaradır, bu cəhdlərinə hazırda da davam edir. Bu qüvvələr hər addımda tarixə qovuşmuş münaqişəni alovlandırmağa cəhd edirlər.
Onlar unudurlar ki, məhz 2020-ci ilin sentyabrın 27-də başlayan Zəfər yürüşümüz 44 gün kimi qısa müddətdə tarixi qələbəmizlə başa çatıb. Ermənistan məğlubiyyətə düçar olaraq, təslim olub və kapitulyasiya aktını imzalayıb. Daha sonra 24 saatdan da az davam edən lokal xarakterli antiterror tədbirləri ilə separatçıların üzərində inamlı qələbə qazanmışıq və ölkəmiz öz suverenliyini bərpa edib.
Bu gün erməni xalqı başa düşür ki, onları uzun illər ərzində idarə edən canilər yalnız Azərbaycan xalqına qarşı soyqırım cinayətləri törətməyib, eləcə də öz hakimiyyətləri uğrunda bütün kriminal əməllərə bulaşıblar.
Bu gün regionun inkişafı üçün birgə səylərin həyata keçirilməsinin zamanıdır. Bunun əsasında regionun sabitliyi və dövlətlərin birliyi dayanır. Davamlı inkişafa, sülhə və sabitliyə nail olmağın yolu isə Ermənistanın sülh müqaviləsinı imzalamasından keçir. Ermənistan müqaviləni imzalamalıdır, bunun icrasına nail olmaq üçün isə ölkəmizin kifayət qədər gücü və siyasi iradəsi var. Eyni zamanda, regiona sülhün gəlməsi hər gün dayaqları bir az da zəifləyən Ermənistan hakimiyyətinin dağılmasının qarşısını almış olacaq.
Bu baxımdan, Prezident İlham Əliyevin Gürcüstana səfəri mühüm əhəmiyyət kəsb edir. Bu gün biz Cənubi Qafqazda Azərbaycan və Gürcüstanın timsalında bir dostluq nümunəsi görürük. Ölkələrimiz tarixi, mədəni bağlılıqları ilə yanaşı, uzun illərdir ki, dostluq, sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Azərbaycanda yaşayan gürcülər, Gürcüstanda yaşayan azərbaycanlılar diskriminasiyaya məruz qalmadan yaşadıqları ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edirlər, yaradılmış bərabər imkanlardan yararlanırlar.
Xalqlarımız arasında tarixi köklərə dayanan dostluq münasibətləri hər iki ölkə SSRİ-nin tərkibində olarkən Ümummilli lider Heydər Əliyevin və Gürcüstanın mərhum Prezidenti Eduard Şevardnadzenin səyləri nəticəsində dövlətlərarası dostluğa çevrilib. Ölkələrimiz müstəqilliyini yenidən bərpa etdikdən sonra Ümummilli liderin Gürcüstanla dostluğa verdiyi önəm, imzalanmış sənədlər münasibətlərin inkişafına müsbət töhfələr verib. Bu günlərdə Gürcüstan ölkələrimiz arasında dostluq münasibətlərinin qurulmasında əvəzsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə bir sıra tədbirlərə ev sahibliyi edir.
Sevindirici haldır ki, bu gün iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin inkişafında dövlət başçılarının səmimi münasibətləri, yüksək səviyyəli qarşılıqlı səfərləri müsbət rol oynayır. Birgə icra edilən layihələr, mədəni, iqtisadi, humanitar sahələrdə genişmiqyaslı əlaqələr hər iki ölkənin maraqlarına xidmət edir.
Layihələrin birgə icra edilməsi, dəmiryolu xətlərinin, infrastruktur layihələrinin uğurlu ilə bərabər, ölkələrin hər zaman bir-birinə dəstək verməsi, beynəlxalq təsisatlarda sıx əməkdaşlığı region və dünya üçün bir dostluq nümunəsidir. Ölkəmiz hər zaman sülhə və əməkdaşlığa böyük əhəmiyyət verir, sülhə və birgəyaşayışa xidmət edən bütün müsbət addımları dəstəkləyir.
Adil Əliyev, Milli Məclisin sədr müavini
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ