İnsanlara hürriyət, millətlərə istiqlal!

17 yaşlı Umud 51 yaşlı qohumunu toyda niyə bıçaqlayıb? - Məkətəbli qızın dili tutulub TƏFƏRRÜAT

Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində 17 yaşlı Umudun kəndçiləri 51 yaşlı Elsevər adlı şəxsi öldürmək istəməsinin səbəbi məlum olub. Umud bacısını narahat etdiyi üçün Elsevəri toy məclisində bıçaqlayıb.

Musavat.com xəbər verir ki, Umuda qarşı Cinayət Məcəlləsinin 29.120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Cinayət hadisəsi kənddəki “Uğur” şadlıq sarayında baş verib. Onların hər ikisi qohumlarının uşağının sünnət toyunda iştirak edirmişlər.

İstintaqla müəyyən edilib ki, Umudun Elsevəri bıçaqlamasının səbəbi bacısına sataşması, onu narahat etməsi olub. Elsevərin Umudun məktəbli bacısını narahat etməsi şahid ifadələri və qızın özünün də ifadəsi ilə tədiq edilib. Lakin Elsevər bunu qəbul etməyib.

Umud istintaq zamanı dindirilən zaman hadisənin baş vermə səbəbi və hadisə günün yaşananlar haqda bunları danışıb:

“Əvvəllər Elsevərin yanında işləyirdim. Mənim ustam idi. Elsevərin evimizə girəcəyini, bacımı yoldan çıxartmağa çalışacağını düşünməzdim. Elsevəri bu səbəbdən vurmuşam. Hadisə baş verən gün restorana getdim. Orada olanda özümü saxlaya bilmədim. Vurduqdan sonra polisə təslim oldum.

Elsevərin dəfələrlə bacıma sataşdığını eşitmişdim. Bacım məktəbə gedəndə Elsevər yolda ona “gəl otur maşına, yoxsa atanı öldürəcəm” deyib. Bacımın 14-15 yaşı olduğu üçün qorxmuşdu. Bacıma məktub da göndərmişdi. Yazılar kiril əlifbası ilə yazıldığı üçün nə olduğunu bilmədim. Məktubu tapdıqdan sonra anamla polisə gedib izahat verdik. Həmin hadisədən sonra Elsevəri ilk dəfə toyda gördüm. Əvvəlcədən onu vurmaq fikrim yox idi. Onu görəndə arxadan yaxınlaşıb bıçaqla vurdum. Birinci məqsədim qulağından vurmaq idi. Amma səhvən boğazından dəydi. Elsevəri bıçaqladıqdan sonra qardaşı mənə stul atdı”.

Umud bildirib ki, hadisəni törətdiyi bıçağı işlədiyi sexdən götürərək hərdən üzərində gəzdirirmiş.

Zərərçəkmiş Elsevər bildirib ki, hadisə vaxtı Umud arxadan ona yaxınlaşanda ofisiant olduğunu düşünüb:

“Heç nə başa düşmədim. Gözümü açanda xəstəxanada olduğumu gördüm. Hadisənin necə baş verdiyini unutmuşam. Əvvəllər aramızda problem yox idi. Biz həm də qohumuq. Hadisədən 3 il əvvəl Umudun babası Əhliman evimizə gələrək məni Umudgilin həyətinə girəndə gördüyünü dedi. Mən də Umudgilin həyətinə girmədiyimi, evdə olduğumu dedim. Bu hadisədən sonra bir az uzaqlaşmaq üçün Bakıya getdim. Lakin iş olmadığına görə iki ay sonra geri qayıtdım. 3 il ərzində bir dəfə Əhlimanın qardaşı oğlu ilə bir az problem yaşamışdım. Amma Əhliman onu başa saldı, qohum olduğumuzu bildirdi, məsələ bağlandı. Deyilən məktublar mənə aid deyil. Mən yazmağı bacarmıram”.

Deyilənləri qəbul etməyən Elsevər Umudu bağışladığını, şikayətçi olmadığını deyib.

Umudun bacısı dindirilən zaman Elsevərin onu narahat etdiyini təsdiqləyib: “Mənə dəfələrlə hədə-qorxu gəlib, qorxudub. Əgər ona yaxınlaşmasan, məni də, ailəmi də kənddə biabır edəcəyini deyirdi. Qorxduğum üçün Elsevərin elədiklərinin heç birini ailəmə deyə bilmirdim. Elsevər evimizə girib ayaqqabımın içərisinə məktub və pul qoymuşdu. Məktəbə gedən zaman Elsevər maşınla arxamca gəlirdi. Maşına minməyimi istəsə də etiraz edirdim. Bunları anama dedikdən sonra 6 ay dilim tutuldu. Qorxudan danışa bilmirdim”.

Umudun anası da qızı kim eyni məzmunlu ifadə verərək Elsevərin qızını narahat etdiyini, bu barədə polisə də məlumat verdiklərini söyləyib.

Məhkəmə Umudun yaşını, zərərçəkmiş şəxslər barışıq olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq onun barəsində 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib.

İ.Muradov,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyun 2025

14 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR