İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan yenə nümunə oldu – gerçək düşmənin kimliyi ortada

Azərbaycan dövləti növbəti dəfə prinsipial mövqeyini, böyük-kiçikliyindən, nüvəli-nüvəsizliyindən asılı olmayaraq, hər bir ölkəyə beynəlxalq hüquqa əsaslanan münasibətini ifadə etdi. İran və İsrail arasında başlayan və sonu nə ilə bitəcəyi hələ bəlli olmayan savaşa münasibətdə rəsmi Bakı qətiyyətli, aydın, ədalətli mövqeyi ilə seçildi.

İsrailin İran generallarını və din alimlərini aradan götürməsindən, dinc sakinlərin də həlak olmasına səbəb olan nöqtəli zərbələrdən bir neçə saat sonra Azərbaycan İsrailin İranda keçirdiyi hərbi əməliyyatlardan ciddi şəkildə narahat olduğunu rəsmən bəyan etdi. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında vəziyyətin gərginləşdirilməsi qəti şəkildə pislənilib.  “Tərəfləri mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyə çağırırıq. Mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini xüsusi olaraq vurğulayırıq”, sənəddə deyilirdi. Eyni zamanda vurğulanırdı ki, Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə diplomatik yollarla təmasların və müvafiq beynəlxalq mexanizmlər çərçivəsində səylərin davam etdirilməsi əhəmiyyət kəsb edir.

Gərginliyin davam etdiyi ikinci gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Seyid Abbas Ərağçi arasında telefon danışığı baş tutub.

Telefon danışığı zamanı, İsrailin İran ərazisinə qarşı başladığı əməliyyat nəticəsində yaranmış vəziyyət müzakirə olunub. Bildirilib ki, İranın xarici işlər naziri İsrail Dövləti tərəfindən həyata keçirilmiş hücum, eləcə də İran tərəfindən atılan addımlar barədə məlumat verib. Nazir Ceyhun Bayramov bölgədə vəziyyətin gərginləşməsindən narahatlıq ifadə edib. İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, digər rəsmi şəxslərin və İran vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb. Nüvə obyektlərinin ətrafında mövcud vəziyyətin narahatlıq doğurduğu vurğulanıb. Mövcud problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyin vacib olduğu diqqətə çatdırılıb. Bununla yanaşı, Azərbaycan ərazisinin hər hansı bir ölkə tərəfindən üçüncü ölkəyə, o cümlədən, qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığı vurğulanıb. İranın hava məkanının bağlı olduğu nəzərə alınaraq, Azərbaycanın quru sərhədindən istifadə etməklə müxtəlif ölkələrin və İranın nümayəndələrinə keçid üçün şərait yaradıldığı barədə məlumat verilib. Həmçinin, münaqişənin geniş bölgəyə yayılması təhlükəsini nəzərə alaraq, diplomatik səylərin bərpa edilməsinin əhəmiyyəti bir daha qeyd olunub.

Göründüyü kimi, Azərbaycan regionda və dünyada barışa, sülhə yönəlik siyasətini davam etdirməkdədir, bu istiqamətində özünün qətiyyətli siyasətinə uyğun olaraq addımlar atır. Xüsusilə də Azərbaycan ərazisinin “hər hansı bir ölkə tərəfindən üçüncü ölkəyə, o cümlədən, qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığı”nı bir daha xatırlatmaqla əslində rəsmi Bakı təkcə Tehrandakı narahatlığı nəzərə almır, həmçinin ölkəmizin ərazisindən İran əleyhinə istifadə etmək istəyən dövlətlərə də ismarıc yollamış olur ki, əziyyət çəkib bu barədə düşünməsinlər. Xatırlatmaq yerinə düşər, Azərbaycan hətta Qarabağın, Şərqi Zəngəzurun işğalda olduğu illərdə də İrana qarşı formalaşmış beynəlxalq koalisiyanın, aparıcı dünya güclərinin təklif və təzyiqlərinə qətiyyətli şəkildə “yox” dedi, öz ərazisindən İrana qarşı istifadəyə imkan vermədi. Təəssüf ki, bir sıra hallarda İranın rəsmi dairələri Azərbaycanın bu mərdi-mərdanə davranışını, siyasətini yetərincə dəyərləndirə bilmədilər, əksinə, məscidlərdə donuz saxlayan, Allahın evlərini darmadağın edən, qəbirlərimizi yer üzündən silən Ermənistana görə bizimlə üz-göz olmağa üstünlük verdilər, işğalçı və hələ sərhədləri bəlli olmayan, “kadastr sənədi olmayan” natamam ölkənin şərti ərazilərini özlərini “qırmızı xətti” elan etdilər. Amma indiki zamanda bunlar üzərində geniş dayanmağın yeri yoxdur, çünki müsəlman qonşumuz böyük bir müharibə ilə üz-üzədir və söhbət o ölkədən gedir ki, orada azı 40 milyon türk yaşayır, hava zərbələri nəticəsində həlak olan dinc insanlar, uşaqlar arasında çox təəssüflər olsun ki, soydaşlarımız da var. Bu mənada rəsmi Bakı həm də Azərbaycan türklərinin böyük və dəhşətli bir savaşın hədəfinə çevrilməsi ehtimalını nəzərə alaraq narahatlığını ifadə edir, məsələlərin danışıqlar müstəvisində həllinə təşəbbüs göstərir. 

Azərbaycan torpaqlarını təkbaşına azad etdikdən sonra 3+3 formatında regional əməkdaşlıq təklifini irəli sürəndə də bu gərgin günləri öncədən görürdü və hətta işğalçı Ermənistanın da daxil olduğu əməkdaşlıq formatını bölgənin təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətli hesab edirdi. Amma rəsmi İrəvan hansı siyasəti yürütdü? Faktiki olaraq İranın “qanını içməyə” hazır olan paytaxtlar üçün laboratoriya funksiyasını icra etdi. ABŞ-nın Ermənistan ərazisində, Arazdəyəndə “metallurgiya zavodu” inşa etməklə bağlı fəaliyyəti yadınızdadırmı? Rəsmi Bakının qətiyyəti nəticəsində həmin şübhəli obyektiv dəmir-dümürü başqa ünvana daşındı. Amma “beş addımlıq”dakı İran Ermənistana etirazını bildirmədi, sonrakı dönəmdə ABŞ-nin bu layihəsindən narahatlıq da ifadə olunmadı. Ermənistan bununla kifayətlənmədi, Avropa İttifaqının kəşfiyyatçı dəstələrini, hərbçilərini öz ərazisində yerləşdirdi, saylarını artırdı, Fransanın Qərbi Zəngəzurda baş konsulluq açmasına imkan yaratdı. İlk gündən yazırdıq, deyirdik ki, İran öz düşmənini tanımalıdır, onun düşməni öz ərazisini anti-İran koalisiyasının üzünə bağlamış Azərbaycan deyil, ərazilərini Qərb koalisiyası üçün plasdarma çevirmiş Ermənistandır. Əslində İranın “qırmızı xətti”ni pozan, ona düşmən olanları öz ərazisində yerləşdirən, İrəvandakı ABŞ səfirliyində 3 min nəfərlik kontingentin fəaliyyətinə şərait yaradan Ermənistan olub hər zaman. Azərbaycanın İsraillə əməkdaşlığı öz torpaqlarının azad olunmasına yönəlmişdi.

Bu əməkdaşlıq heç zaman İrana qarşı yönəlməyib, bunu Təl-Əvivdə də çox yaxşı bilirlər, Azərbaycanın mövqeyinə hörmətlə yanaşırlar. Hətta İsraillə münasibətləri gərgin olan qardaş Türkiyə də Bakı-Təl-Əviv münasibətlərinə normal yanaşır, sınaqdan çıxmış dostluq münasibətlərinin ona təhlükə yaratmayacağını bilir. Odur ki, İran “ürəyini buz kimi saxlamalıdır”, Azərbaycan ona qarşı hər hansı koalisiyada, yaxud da fəaliyyətdə iştirak etməyəcək. Əslində bu, yalnız İrana münasibətlə əlaqəli deyil. Rəsmi Bakı üç ildir davam edən Rusiya-Ukrayna müharibəsində də beynəlxalq hüquqa istinad edərək ədalətli mövqe tutur, hətta bəzi hallarda Kremlin təzyiqlərinə və ədalətsiz mövqeyinə tuş gəlsə belə, Ukraynanın ərazi bütövlüyünü tanıdığını, sərhədlərin dəyişməsinə qarşı çıxdığını bəyan edir, tərəfləri sülhə çağırır. İsrail-Fələstin müharibəsində də eyni siyasət sərgilənir, məsələnin iki dövlət prinsipi ilə həllini ən ideal həll variantı sayır. 

Azərbaycan terrordan və ədalətsiz müharibələrdən çox əziyyət çəkib, şəhidlər verib. Odur ki, müharibələrə, qanlı-qadalı hadisələrə, işğala qarşıdır. Şübhə etmirik ki, İsraillə təmaslar olacaqsa, eynilə prinsipial mövqe Təl-Əviv rəsmilərinə də bildiriləcək. Çünki bizim ölkənin bir üzü var, sözü də, imzası da birdir, etibarlıdır, ədalətlidir! Biz kəmfürsət dövlətlərdən deyilik...Bakı məmnuniyyətlə İran və İsrail arasında barış masası funksiyasını icra edə bilər, necə ki, Rusiya-NATO, Türkiyə-İsrail və digər tərəflərin sülh danışıqları üçün ev sahibliyi edib: sülhdən, danışıqlar masasından yaxşı variant və ünvan olaraq Azərbaycan kimi ideal ünvan yoxdur...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyun 2025

14 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR