Onlayn ictimai-siyasi qəzet
Ermənistan sülh imzalamaq əvəzinə, müxtəlif bəhanələrlə “sülh manevrləri” edir. Sülh üçün şərtlər və atılması gərəkən addımlar aydındır. Ancaq İrəvan bunun - Azərbaycanın konkret təklifləri ətrafında saziş imzalamaq əvəzinə, hər dəfə qeyri-real təkliflər paketi yollamaqla prosesi uzadır.
Ümidlər vardı ki, COP29 ərəfəsində hansısa bir çərçivə sazişi imzalana bilər. Bu, həm də o kontekstdə qeyd edilir ki, Ermənistan Bakıda keçiriləcək COP29-a dəvətlidir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Bakıda keçiriləcək COP29 İqlim Konfransında iştirak etmək niyyətində olduğu barədə “Hraparak” qəzeti yazıb. Bakının xoş məramına baxmayaraq, hələ də Ermənistan rəhbərliyi mövqeyini qətiləşdirməyib. Amma erməni rəsmilər davamlı şəkildə COP29-u sülh müqaviləsinin imzalanması üçün şans kimi qiymətləndirib, yarımçıq sülhü imzalamaq üçün cəhdlər göstərməkdədirlər. Qəribədir, hələ də sülh imzalamaq istədikləri ölkənin dəvətinə rəsmi reaksiyaları bəlli deyil, amma sülh layihəsini alayarımçıq imzalamağa çalışırlar. Yeri gəlmişkən, elə bugünlərdə Bakı sülh sənədinin 11-ci variantını İrəvana göndərib.
Qlobal tədbirə sayılı günlər qalmış isə Ermənistan hökuməti Azərbaycanla sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketini təqdim etdiyini xatırladıb. Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan bildirib ki, “Son təkliflərimizi göndərmişik və Azərbaycan tərəfinin cavabını gözləyirik”.
Maraqlıdır, Ermənistan bu “manevrlər”i hara qədər edə biləcək? Azərbaycan tərəfi bu “məktub-məktub” oyununu sonlandırmaq üçün hansı addımları ata bilər?
Fikrət Yusifov
Sabiq maliyyə naziri, siyasi ekspert Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında rəsmi İrəvanın avantürist siyasəti ilə bağlı maraqlı fikirlər söylədi: “Ermənistan artıq 4 ilə yaxındır ki, Azərbaycanla sülh müqaviləsi bağlamaq ətrafında siyasi spekulyasiyalarla məşğuldur. İlk baxışda baş nazir Nikol Paşinyanın sülh müqaviləsi ilə bağlı çağırışları maraqlı görünsə də, reallıqda bu çağırışlar sözdən uzağa getmir. Yəni "sülh müqaviləsi istəyirik" deyib, görüntü yaradan erməni hökuməti gerçək olaraq sülh müqaviləsi bağlamaq üçün heç nə etmir. Dünya tarixində heç bir məğlub ölkə qalib ölkənin torpaqlarına rəsmi iddialı olduğu halda, onunla sülh müqaviləsi bağlamağa təşəbbüs göstərməyib. Ancaq erməni həyasızlığının hüdudları çox genişdir. Torpaq iddiaları ortada olduğu halda hansı sülh müqaviləsindən söhbət gedə bilər? Bunlar özləri Azərbaycan tərəfin yerində olsaydılar belə bir müqavilə imzalamağa razılıq verərdilərmi? Əsla! Baxın, nə qədər siyasi sərsəm olmalısan ki, başqasının torpağına rəsmi olaraq iddialı qala-qala onunla sülh müqaviləsi bağlamağa çağırışlar edəsən..."
F.Yusifov xatırlatdı ki, bundan əvvəl Ermənistan Azərbaycanın sülh müqaviləsi üzrə təkliflərinə 70 gündən sonra cavab vermişdi: “İndi Azərbaycanda keçiriləcək COP29 kimi mötəbər beynəlxalq tədbirə sayılı günlər qalmış Ermənistan hökuməti əl-ayağa düşüb, tələm-tələsik Azərbaycanla sülh müqaviləsi bağlamağa çalışır. Nə baş verir? Mən Ermənistan hökumətinin bu çağırışlarını 44 günlük müharibədəki ağır məğlubiyyətdən sonra onların sülh müqaviləsi ətrafında oynadıqları oyunların davamı hesab edirəm. 30 il Ermənistanda və Qarabağda azərbaycanlıları terror edən və hərbi cinayətlər törədən bu dövlət birdən-birə bütün dünyaya özünü "sülh göyərçini" kimi təqdim etməyə çalışır. Təbii ki, bu, bir görüntüdür. Sülh istəyən öncə torpaq iddiasından əl çəkməlidir. Bunlar isə min bir bəhanə ilə bu iddialardan əl çəkmək fikrində deyillər. Deməli, sülh müqaviləsi bunlara təhlükəsizliklərini təmin etmək üçün lazımdır ki, belə bir şəraitdə ordularını yetərincə gücləndirə bilsinlər". Sabiq nazir qeyd etdi ki, növbəti il üçün Ermənistanın ötən illərlə müqayisədə hərbi xərclərini bir neçə dəfə artırması da dediklərimizin sübutudur: “Azərbaycan hökuməti Ermənistanın bu oyunlarının nəyə hesablandığını çox yaxşı bilir və rəsmi Bakı İrəvanın sülh müqaviləsi ətrafındakı yalançı göz yaşlarına haqlı olaraq inanmır. Ermənilərin əsas hədəfi zaman əldə edib, öz ordusunu yeni müharibəyə hazırlamaqdır. Onların sülh müqaviləsi ətrafındakı bütün oyunları buna hesablanıb”. F.Yusifov şübhə etmir ki, okeanın o tayından bugünlərdə Azərbaycana Ermənistanla COP29 ərəfəsində sülh müqaviləsi bağlamaqla bağlı gələn “təhdid” məktubu da Ermənistan hökumətinin oradakı erməni lobbisinin əli ilə qurduğu bir oyun idi: “İndi ermənilərin ümidləri puç oldu. Bütün imkanlarını bir araya gətirib seçkilərdə demokratları dəstəkləyən erməni lobbisinin və paralel olaraq Ermənistan hakimiyyətinin gözləntiləri doğrulmadı. İstisna etmirəm ki, özünü dünyaya "sülh göyərçini" kimi göstərmək istəyən Nikol Paşinyan COP29-da iştirak üçün Bakıya gələ bilər. Bununla da o, bütün dünyaya bir daha göstərməyə çalışacaq ki, biz Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün əlimizdən gələni etsək də, Azərbaycan bunu “istəmir”. Təbii ki, Azərbaycanla bağlı məsələlərdə ikili standartlar prizmasından çıxış edən Qərbin siyasi dairələri də bunu əllərində bayraq edib bizim üzərimizə gəlməyə çalışacaqlar. Bütün hallar üçün ABŞ-dakı seçkilər ermənilərin bütün bu saxta sülh müqaviləsi oyunlarına da son verəcək. Biz gerçək sülh müqaviləsi istəyirik. Bu müqavilə hər iki tərəfi qane etməlidir..."
Tural İsmayılov
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov qeyd etdi ki, bu günə qədər Azərbaycan və Ermənistan arasında sülhlə bağlı yekun anlaşmaların əldə edilməməsinin günahkarı Ermənistandır: “Ermənistanın regiona və bölgəyə gərginlik gətirən siyasi dəsti-xətti bütövlükdə rəsmi Bakı və İrəvan arasında sülh sənədinin imzalanmasına icazə vermir. Həmçinin Ermənistanın təxribatçı mövqelərinə rəğmən hələ də özünü sülhpərvər ölkə kimi göstərməsi, Azərbaycanı ittihametmə tendensiyası davam edir”.
T.İsmayılov bildirdi ki, Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyanın açıqlamaları da ənənəvi erməni yalanının növbəti dəfə Paşinyan komandasında olan siyasətçilərdən biri tərəfindən söylənilən etirafının davamıdır: “Azərbaycan Ordusunun gücü hesabına torpaqlarını azad etsə də, Ermənistanla dürüst, səmimi sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaza obyektivliyin gəlməyi naminə çalışır. Amma təəssüflər olsun ki, Ermənistanın həyata keçirdiyi xətt aqressiv davranış, regiona qarşı qeyri-səmimi münasibət iki ölkə arasında yekun sülh sənədinin imzalanmasında maneələr törədir. Ümumiyyətlə, iki dövlət arasında sülhün imzalanması və dövlətlərarası münasibətin bərpası rəsmi İrəvandan asılıdır. Ermənistan və havadarlarının müxtəlif bəhanələrlə bölgədə sülhdən yayınması acı reallığı növbəti dəfə göz qabağına qoyur”.
Məhəmməd Əsədullazadə
Politoloq Məhəmməd Əsədullazadə də hesab edir ki, Ermənistan tərəfin Azərbaycana yeni sülh təklifi paketi göndərməsi manipulyasiyadır: “Çünki sülh mətni hazırdır və Ermənistan Konstitusiyasında qanunvericilik bazasında Azərbaycana qarşı ərazi iddialarını çıxarmalıdır. COP29-a kimi Ermənistan Azərbaycanla hər bir baza sənədi imzalamaq istəyirsə, sülh qovşağı təkliflərini prosesə salmamalıdır. Artıq Trampın ABŞ prezidenti seçilməsi Ermənistan hakimiyyətini məyus edib. Çünki Donald Tramp Cənubi Qafqaz siyasətini prioritet etməyəcək. Ermənistan məcbur qalıb Türkiyə və Azərbaycanla əlaqələri normallaşdıracaq, Vaşinqtondan Ermənistana dəstək olmayacaq. Düzdür, Bayden çalışır ki, ilin axırına kimi sülh müqaviləsi bağlansın. Amma Ermənistan hakimiyyətinin yenə sənəd oyunlarını görürük. Əgər sülh müqaviləsinin 90 faizi razılaşdırılıbsa, nədən sülh təkliflərini Ermənistan tərəfi verir?! Bu, anlaşılmazlıq yaradır”. M.Əsədullazadənin sözlərinə görə, yaxşı olardı ki, Ermənistan sülh müqaviləsinin mətnini tam yerinə yetirsin və yekun sülh müqaviləsi bağlasın: “Regionda siyasi proseslər Ermənistan əleyhinə işləyir. Azərbaycanla sülh müqaviləsi bağlayarsa, Ermənistan daha da müstəqil siyasət aparacaq”.
E.PAŞASOY,
“Yeni Müsavat”
07 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ