İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın boynundakı ilgək sıxılır - Moskva və İrəvan tələsməlidir!

Bakının səbri tükənir; Kreml nəhayət, sözdən əmələ keçəcəkmi? Paşinyanın Rusiya səfəri başlayır - əsas gözlənti...

Ermənistanda radikal-revanşist qüvvələri birləşdirən müxalifət düşərgəsi baş nazir Nikol Paşinyana, daha doğrusu, onun elan elədiyi “sülh erası”na qarşı növbəti müddətsiz aksiyalara başlayıb. Paşinyanın keçən həftə parlament tribunasından söylədiyi bəzi acı gerçəkliklər, o sırada Azərbaycanla sülh müqaviləsini tezləşdiməyin zəruriliyi ilə bağlı fikirləri barışmaz müxalifəti özündən bir az da çıxarıb. Sülh prosesinin tormozlanması üçün erməni kilsəsi, daxildəki və xaricdəki erməni din xadimləri, katolikoslar da hərəkətə keçib.  

Yada salaq ki, Ermənistanın etirazçı müxalifəti əsasən Rusiyaya bağlı qüvvələrdən, ən əvvəl Qarabağ klanının tərəfdarlarından ibarətdir. Onların isə ciddi reytinqi, cəmiyyətdən geniş ictimai dəstəyi yoxdur, gözlənilmir. Ona görə ki, erməni xalqının əksəriyyəti müharibə arzulamır, müharibədən yorulub və Nikol Paşinyanın sülh platformasını dəstəkləyir.

Müxalifətin iki ildir ortaya real “yol xəritəsi” qoya bilməməsi da ona hər hansı şans saxlamır. Hərçənd düşərgə liderləri ən çox elə olmayan “yol xəritəsi”ndən danışırlar. Guya erməni xalqını ağ günə çıxaracaqlar. Mahiyyətə varanda isə bəlli olur ki, əsas hədəfləri məhz Paşinyanı devirməkdir, nəinki erməni xalqını həqiqi inkişaf və rifah yoluna çıxarmaq.

Təzələnən kapitulyasiya sənədi - Ermənistan ona təklif ediləni götürməsə...

Qısası, kapitulyant ölkədə seçki yolu ilə hakimiyyəti dəyişmək mümkün görünmür. Qalır, baş nazirə qarşı sui-qəsd planı. Siyasi mübarizədə terror üsullarının çox yaxşı mənimsənildiyi bir toplumun tərkib hissəsi kimi barışmaz müxalifətin buna gedəcəyi əslində istisna edilməməlidir.

*****

Lakin Moskva nə qədər qəribə də olsa, “qərbçi” Nikol Paşinyanın iqtidarda qalmasında maralıdır. Bunu Ukrayna böhranı da diktə edir. Hər halda, Rusiya başının bərk qarışdığı bir vaxtda forpost Ermənistanda siyasi təlatümlər və çaxnaşmalar istəməz. Başqa yandan, Azərbaycan-Ermənistan sülh gündəliyi hansısa şəkildə irəli aparılmalıdır. Əks halda, bölgədə müharibə riski azalmayacaq. Hansı müharibə ki, şimal qonşumuza gərək deyil.

Azərbaycanla sülh müqaviləsinin gecikməsinin ən böyük zərbəsi isə əlbəttə ki, Ermənistana dəyir və dəyəcək. O səbəbə ki, bu izqoy ölkə blokadada və yeni regional layihələrdən kənarda qalmağa davam edir, durumu getdikcə daha da pisləşir, boynundakı ilgək sıxılır.

Ötə yandan, rəsmi Bakı aydın şəkildə bəyan edib ki, onun 5 bənddən ibarət sülh təklifi əbədiyyən masa üzərində qalmayacaq. Bu yerdə xatırladaq ki, Azərbaycanın 8 kəndi (Qazaxda 7 və Naxçıvanın Kərki kəndi) hələ də işğal altındadır və sülh yolu ilə olmasa, Azərbaycan hərbi yolla onları geri qaytarmaq hüququna malikdir. Bu da hərbi toqquşmanın genişlənməsinə və kapitulayant ölkənin daha ağır zərbə almasına gətirə bilər. O halda həmçinin Rusiya üçün qəliz seçim vəziyyəti yarana bilər. Ermənistan müxalifəti bunamı can atır?.. 

*****

Zəngəzur dəhlizi: Azərbaycan və Ermənistan kommunikasiyaların bərpasında  niyə razılığa gələ bilmirlər? - BBC News Azərbaycanca

Yaxud ləngiyən Zəngəzur dəhlizi məsələsi. Azərbaycan Prezidenti keçən həftə açıq şəkildə bildirdi ki, əgər İrəvan götürdüyü yazılı öhdəliklərə əməl eləməsə, Bakı da öz öhdəliklərinə cavabdehlik daşımayacaq. Söhbət əlbəttə ki, həm də Laçın dəhlizinin taleyindən gedir.

Deməli, Moskva da, İrəvan da tələsməlidir. Bu mənada ötən həftə rəsmi Kremlin ATƏT-in Minsk Qrupundakı həmsədr İqor Xovayevi Azərbaycan-Ermənistan barışığı üzrə xüsusi nümayəndə təyin eləməsi diqqətçəkicidir. Rusiya şübhə yox ki, bununla hər şeydən öncə Qərbə prosesin içində olduğunu, bölgədən kənarlaşmadığını göstərməyə çalışır. Yəni xüsusi nümayəndənin praktik anlamda işin xeyrinə olacağını söyləmək hələ tezdir. Bunu zaman göstərəcək.

Odur ki, Putinin bu gün Moskvaya rəsmi səfəri başlayan Nikol Paşinyana hansı təlimatı verəcəyi kifayət qədər mühümdür. Kreml, nəhayət, sözdən əmələ keçəcəkmi, yoxsa yenə vaxt uzatmağa çalışacaq? Bunu tezliklə görəcəyik. Bəllidir ki, Ermənistan və Rusiya 10 noyabr (2020) kapitulyasiya sənədinin əsas bəndlərinə hələ də ciddi yanaşmır. Lakin onların vaxt uzatmaq limiti faktiki qalmayıb. Çünki Azərbaycanın səbir kasası dolmaq üzrədir...    

*****

Qüdrət Həsənquliyev: “İnsanlar düşünəndə ki, bu qaragüruh hakimiyyətə gələ  bilər, onları dəhşət bürüyür”

 Qüdrət Həsənquliyev 

Qeyd edək ki, bu yöndə təhlilçilərin gözləntiləri heç də birmənalı deyil. Məsələn, millət vəkili Qüdrət Həsənquliyev hesab edir ki, Azərbaycan təzyiqləri artırmalıdır (Moderator.az).

“İndiki mərhələdə hər şey Rusiyadan asılıdır. Azərbaycan və Türkiyə Rusiya ilə ciddi müzakirələr aparmalıdır. Eyni zamanda Ermənistana təzyiqləri artırmalıyıq. Sülh müqaviləsi imzalanmadan sərhədlərin delimitasiya və demarkasiyasına başlamaq olmaz. Əks halda, onlar danışıqları uzatmağa çalışacaqlar”, - deyə deputat vurğulayıb.

O, erməni ekspertlərin guya Ərdoğan və Putinin hakimiyyətdən getməsindən sonra regionda Qərbin güclənəcəyi, onlar üçün daha əlverişli şəraitin yaranacağı haqda fikirlər irəli sürməsinə diqqət çəkərək ehtimal edib ki, bu səbəbə ermənilər danışıqları uzatmağa çalışacaqlar: “Hesab edirəm, Paşinyan bizə müəyyən ümidlər verməklə gərginliyi azaltmağa çalışır, sülh sazişi imzalamağa yox. Bunun əksi olsaydı, Azərbaycanın 5 bənddən ibarət, beynəlxalq hüququn prinsipləri əsasında hazırlayıb təqdim etdiyi sülh sazişini bir həftə ərzində imzalaya bilərdi. Amma Ermənistan sülh sazişini Qarabağ ermənilərinin statusuna bağlayır. Bu isə danışıqların sonsuzluğa qədər davam etməsi deməkdir”.

Sözünə davam edən deputat 30 il ərzində Ermənistanın həmişə bu mövqedən çıxış etdiyinə diqqət yönəldib: “Paşinyan heç kimə lazım olmayan açıqlamaları ilə daha çox kənar qüvvələri proseslərə daxil etməyə çalışır, daxildə müqavimət təşkil etmək, özünü isə beynəlxalq birliyə ”sülh göyərçini" kimi təqdim etməyə cəhd göstərir".

*****

Bu qəbildən proqnozların, eləcə də Paşinyanın “sülh göyərçini” obrazının gerçəyə yaxınlıq dərəcəsini tezliklə biləcəyik. Bir şey qalmayıb...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR