Onlayn ictimai-siyasi qəzet
İkinci Qarabağ müharibəsinin ən faciəli hadisələrindən biri olan Bərdə şəhərinə raket hücumundan dörd il ötür.
Musavat.com xəbər verir ki, 2020-ci ilin 28 oktyabrında Ermənistan Silahlı Qüvvələrinin "Smerç" raketlərindən istifadə etməsi nəticəsində Bərdə şəhərində dinc sakinlərin sıx yerləşdiyi yaşayış məntəqələri və ticarət obyektləri ağır hücuma məruz qaldı. Bu hücum zamanı Ermənistanın beynəlxalq hüquqla qadağan edilmiş kaset bombalarından istifadə etdi ki, nəticədə 20 nəfər mülki şəxs və Fövqəladə Hallar Nazirliyinin bir əməkdaşı şəhid oldu, 70-ə yaxın insan yaralandı. Həmçinin bir çox mülki obyekt və avtomobil yararsız vəziyyətə düşdü və şəhərə böyük miqdarda maddi ziyan dəydi.
Faktla bağlı Azərbaycan Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Bərdə rayonu müharibə dövründə üç dəfə raket və ağır artilleriya hücumlarına məruz qalıb, ümumilikdə 29 nəfər şəhid olub 112 nəfər yaralanıb, mülki infrastruktura böyük ziyan dəyib.
İkinci Qarabağ müharibəsi boyu Ermənistanın mülki hədəflərə qarşı həyata keçirdiyi hücumlar nəticəsində isə 93 mülki şəxs, o cümlədən 12 uşaq və 27 qadın həlak olub, 454 nəfər yaralanıb. Eyni zamanda, müharibə zamanı minlərlə yaşayış binası, nəqliyyat vasitələri və fermer təsərrüfatları ziyan görüb. Bu hücumlar beynəlxalq səviyyədə müharibə hüququ pozuntusu kimi qiymətləndirilib.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ