Onlayn ictimai-siyasi qəzet
"Bakıda ictimai nəqliyyata əlçatanlıq təxminən 80 faizdir". Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdiri Tərlan Səfərov deyib. "Bu o deməkdir ki, paytaxtda əhalinin 20 faizinin ictimai nəqliyyata əlçatanlığı yoxdur. Hazırda Bakıda yeni avtobus şəbəkəsi hazırlayırıq. Bu şəbəkə ilə ictimai nəqliyyata əlçatanlığın 93 faizin üstünə çıxarılması planlaşdırır", - o bildirib.
"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Yeni marşrut şəbəkəsi yaradılır
AYNA-dan sorğumuza cavab olaraq bildirildi ki, paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə qurum tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün yeni marşrut şəbəkəsi hazırlanıb: "Yeni marşrut şəbəkəsi data əsaslı analitik alət olan Bakının "Rəqəmsal əkiz"i vasitəsilə simulyasiya edilib. Nəticədə yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyənləşib. Yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq edilir".
Qurumun məlumatına görə, Bakıda 31 küçə və prospektdə 89 km xüsusi hərəkət zolağı təşkil edilib: "Müxtəlif ərazilərdə təşkil edilən həmin zolaqlarla gün ərzində 68 min dəfəyə yaxın avtobus hərəkət edir və 900 mindən çox sərnişin daşınır. Zolaqlar sayəsində avtobuslar son təyinat nöqtəsinə 10-15 dəqiqə daha tez çatır. Avtobus parkının yenilənməsi və genişləndirilməsi istiqamətində də işlər aparılır. Son bir ildə yalnız Bakı şəhərində 200-dən çox avtobusun istismara verilməsi təmin edilib. Tədris mövsümünün başlaması ilə əlaqədar sərnişindaşıma imkanlarının yaxşılaşdırılması üçün xətlərə buraxılan avtobusların sayı artırılıb".
Avtobusların sayı 2500-ə çatdırılacaq
Həmçinin bildirildi ki, gələcəkdə Bakı şəhərində 2500 avtobus fəaliyyət göstərəcək: "2022-ci ilin sentyabr ayında Bakı şəhəri üzrə sərnişindaşımada 1 780 avtobus istismar edilirdisə, 2023-cü ildə bu say 2 011-ə çatdırılıb. Bu ilin müvafiq dövründə daha 170 avtobus marşrut xətlərinə cəlb edilib. 160 yeni elektrik avtobusunun da alınaraq sərnişinlərin xidmətinə verilməsi ilə bu say 2 341-ə çatdırılacaq. Hədəf isə sərnişinlərə xidmət göstərəcək avtobusların sayının 2 500-ə çatdırılmasıdır".
"Avtobusların çoxu yararsızdır"
Nəqliyyat eksperti Adil Nəbiyev bildirdi ki, ictimai nəqliyyatda əlçatanlığın 80 faiz olması həqiqəti tam əks etdirmir. Hazırda əlçatanlıq 40-50 faiz civarındadır: "Bakının elə kəndləri var ki, onlarda həqiqətən də nəqliyyata əlçatanlıq yoxdur. Həmin ərazilərdən avtobuslar keçən yollara çıxmaq üçün sakinlər uzun məsafə qət edirlər. Avtobuslar isə köhnə, istifadəyə yararsız olur. Havalar soyuduqda həmin avtobuslar demək olar ki, fəaliyyət göstərmir. İnsanlar əziyyət çəkirlər".
A.Nəbiyev avtobuslara əlçatanlığın niyə tam olmadığı məsələsinə də aydınlıq gətirdi: "Yetəri qədər avtobus mövcud deyil. Mövcud avtobusların da istismar müddəti tez bir zamanda bitir. Bunun səbəbi onlara düzgün qulluq edilməməsidir. Məsələn, 2015-ci ildə Fransadan avtobuslar gətirildi. Lakin onlara düzgün baxılmadığı üçün bir çoxunun motoru sıradan çıxdı, soyutma sistemləri xarab oldu. Avtobus bazalarına baxsaq görərik ki, onların yarısından çoxu yararsız vəziyyətdədir. Normalda əldə olan avtobusların 90 faizi fəaliyyət göstərməlidir. Ehtiyatda yalnız bir neçə avtobus saxlanılmalıdır. Amma görürük ki, avtobusların əksəriyyəti nasaz halda qarajlarda dayanır".
"Yeni avtobuslar gətirilsə də, say artmır"
Ekspertin fikrincə, Bakıda avtobus zolaqlarının çəkilməsindən əlavə, avtobusların sayı da artırılmalıdır: "Bakıda ciddi avtobus çatışmazlığı mövcuddur. Yeni avtobuslar gətirilir. Lakin onların gətirilməsinin məqsədi sayı artırmaq deyil. Yalnız sıradan çıxan avtobusların yerini doldurmaqdır. Ətraf əraziləri nəzərə almasaq, Bakı şəhərinə 2 500-3 000 avtobus lazımdır. Lakin bu qədər avtobus yoxdur. Əslində avtobus zolaqları salınır ki, əlçatanlıq daha yaxşı təmin edilsin və gecikmələr yaşanmasın. Lakin zolaqlar çəkilsə də, yenə də interval çoxdur. Bunun da səbəbi nəqliyyat çatışmazlığıdır. Avtobus da metroda olduğu kimi 3-5 dəqiqə intervalla fəaliyyət göstərsə, bu zaman daha yaxşı olar. Lakin bu intervalı hazırkı avtobus sayı ilə təmin edə bilmərik".
"93 faizlik hədəfə çatmaq qeyri-mümkündür"
A.Nəbiyev düşünür ki, hazırkı nəqliyyat sistemimizlə yaxın gələcəkdə qoyulan 93 faizlik hədəfə çatmaq qeyri-mümkündür: "İctimai nəqliyyat dedikdə, yalnız avtobus nəzərdə tutulmur. Buraya metro və sürət qatarları da aiddir. Metroda vəziyyətin necə olduğunu bilirik. İctimai nəqliyyata əlçatanlığın maksimum həddə olmasını görməyimiz çox çətindir. Üstəlik, əhalinin sayının gündən-günə artdığını da nəzərə alsaq, qarşıya qoyulan məqsədlərə yaxın on ildə çatmağımız inandırıcı görünmür".
"Müəyyən güzəştlər nəzərdə tutulmalıdır"
Nəqliyyat eksperti Rövşən Həsənovun fikrincə, ictimai nəqliyyatla təmin edilməmiş ərazilərə marağı artırmaq üçün işlər görülməlidir: "20 faiz kifayət qədər böyük rəqəmdir. Çox güman ki, bu, Bakının az yaşayış olan, yolları bərbad vəziyyətdə olan qəsəbə və kəndlərini əhatə edən ərazilərdir. Həmin yerlər avtobus daşımaları üçün rentabelli hesab olunmur. İş adamlarının yeni nəqliyyat vasitələri alıb, işçi cəlb etməsi, həmin sahəyə sərmayə buraxması səmərəli olmadığı üçün müəyyən güzəştlər nəzərdə tutulmalıdır. Belə olduğu halda, onların da bu işi görmək üçün marağı olacaq".
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ