Onlayn ictimai-siyasi qəzet
ABŞ-da keçirilən üçtərəfli görüşdən sonra, Ermənistanla Azərbaycan arasında sülh anlaşması var. Bu, yekun sülh müqaviləsi olmasa da, tərəflər ciddi şəkildə bir çox məsələləri sülh sənədində paraflayıb.
Siyasi ekspert Məhəmməd Əsədullazadə bunu Musavat.com-a bildirib.
Ekspert Nikol Paşinyanın anklav kəndlərlə bağlı fikirlərinə də münasibət bildirib: “Təbii ki, sülh prosesində əsas məsələlərdən biri ərazi bütövlüyünün tanınması və anklavlarla bağlı məsələdir. İki ölkə bir-birinin ərazi bütövlüyünü tanıyır və sərhədlərin delimitasiya-demarkasiyasını icra edəcəklər. Komissiyalar işləyir və Ermənistan tərəfi anklavlarla bağlı müsbət qərar verəcək. Təbii ki, seçki ərəfəsində müxalifət bundan Paşinyana qarşı istifadə edir. Guya anklavların qaytarılması ilə Gürcüstan-Ermənistan yolu Azərbaycanın nəzarətinə keçəcək. Həmçinin İran - Ermənistan sərhədinin də Azərbaycana nəzarətinə keçəcəyi ilə bağlı yazılar verilir”.
M.Əsədullazadə vurğuladı ki, N. Paşinyan anklavlarla bağlı ciddi mövqe ortaya qoyub: “Çünki anklavlarla bağlı Azərbaycanın mövqeyi beynəlxalq hüquqa uyğundur və İrəvan bunu qəbul edib. Nikol Paşinyan Gədəbəyin Başkəndini istəyir. Düşünürəm ki, Başkənd Ermənistana verilməməlidir. Birinci, Ermənistan vurduğu zərbəyə görə təzminat ödəməlidir. Bununla bağlı Azərbaycan Ermənistana mövqeyini bildirməlidir. Yaxud da anklavlarla bağlı mübadilə ola bilər. Düşünürəm ki, İrəvan dörd kəndi Azərbaycana qaytaracaq, bu, şəksizdir. Amma, Başkəndlə bağlı ortaq məxrəc əldə ediləcək. Ermənistanın Baş naziri reallıqları qəbul edir. Vaşinqtonda keçirilən görüşün nəticəsidir ki, regionda müsbət proseslər gedir”.
Elşad,
Musavat.com
24 Avqust 2025
23 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ