İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanı silahlandıranlar - Prezidentin mesajı hansı dövlətlərədir?

İrəvana ötürülən silahlarla bağlı şok açıqlama: “Ermənistan həm Rusiyadan, həm Hindistandan, həm də İordaniyadan rus silahı alır və bu silahları Hindistan və İordaniyanın Rusiya ilə birgə yaratdıqları müştərək müəssisələr istehsal edirlər”

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə Ermənistanın silahlandırılması mövzusuna da toxundu və olduqca ciddi mesajlar verdi.

Dövlət başçısı Ermənistanın müharibədən sonrakı dövrdə də silahlandırılması ilə bağlı bunları söylədi: “...Əgər yenidən Ermənistanın silahlanmasına pul ayrılacaqsa, biz bunu qeyri-dost addım kimi qiymətləndirəcəyik və öz addımlarımızı buna uyğun şəkildə atacağıq”.

Qeyd edək ki, müharibədən sonra rəsmi Bakı Rusiyaya bir neçə dəfə Ermənistana “İsgəndər-M" raketlərinin verilməsi barədə sorğu da ünvanlamışdı, lakin rəsmi cavab ala bilməmişdi. Ermənistana pulsuz silah verən, silah almaq üçün kredit ayıran yeganə ölkə Rusiya olduğundan Prezidentin mesajı kimə ünvanlandığını bilmək olar. Belə anlaşılır ki, Kremlə xəbərdarlıq edilir. Konkretləşdirsək: Rusiya Ermənistanı silahlandırmaqda davam etsə, bu, Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir edəcək. Onu da nəzərə alaq ki, Ermənistana silah verən ölkə təkcə Rusiya deyil. Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun açıqladığı beynəlxalq silah transferləri haqda son hesabatında deyilirdi ki, Ermənistan Hindistan və İordaniyadan ən fəal silah idxalçılarından birinə çevrilib. Hesabatda qeyd olunurdu ki, 2017-2021-ci illər ərzində Hindistanın silah ixracında Ermənistanın payı 13 faiz təşkil edib. Beləliklə də, İrəvan Hindistandan silah idxalı həcminə görə üçüncü ölkə olub. Eyni zamanda Ermənistanın İordaniyadan silah ixracatında payı 10 faiz təşkil edib. Bu göstərici ilə Ermənistan İordaniyadan da silah idxalı həcminə görə üçüncü ölkə olub.

Bəs Rusiya Ermənistanın Azərbaycan qarşısında hərbi zəif düşməməsi üçün bu ölkəyə hərbi texnika verməkdə davam edəcəkmi? Sanksiyalar dövründə Rusiyanın silah bazarında alıcıların sayı azalacağı üçün Ermənistan Moskvanın daha da səxavətli olacağına ümid edə bilərmi?

Elçin Mirzəbəyli — Vikipediya

 Elçin Mirzəbəyli

Siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Ermənistanı uzun illərdən bəri silahlandıran və bunu əksər hallarda ödənişi ciddi şübhə doğuran kreditləşmə ilə həyata keçirən yeganə dövlət Rusiyadır: “Digər ölkələrdən Ermənistan silah-sursat və hərbi texnikanı pulla alır. Bunun qarşılığının diaspor, yaxud Ermənistan tərəfindən ödənildiyi önəmli deyil. Ermənistana silah və hərbi texnika satan Hindistanın dünya silah bazarındakı payı yüksək deyil. Hindistanın silah satışından əldə etdiyi gəlirin ən yüksək həddi 151 milyon dollar təşkil edib. Əgər 2017-2021-ci illər üçün ortaq bir rəqəm müəyyənləşdirmək istəsək, bu, təxminən hər il üçün 120 milyon ABŞ dolları təşkil edəcək. 5 il ərzində Hindistanın silah satışının həcmi 600 milyon ABŞ dolları təşkil edib. Bunun 13%-i isə 78 milyon dollar təşkil edir, yəni 1 il üçün 15 milyon 600 min dollar. Bu, zənnimcə, böyük rəqəm deyil. Digər tərəfdən, Hindistan Rusiyaya məxsus T-90 tanklarının və SU-30 təyyarələrinin istehsalı da məşğul olur”. E.Mirzəbəyli ilginc məqamları da açıqladı: “Ola bilsin ki, Ermənistana silah satışında Rusiyanın çəkisi çox olmasın deyə, onların bir hissəsini Hindistana ötürüblər və Ermənistan rus silahını Hindistan vasitəsilə alıb. Çünki Hindistanın hərbi-sənaye kompleksi ortalığa müstəqil məhsul qoymaq potensialında deyil. Əks təqdirdə, quru qoşunlarını və hərbi dəniz qüvvələrinin istifadəsində olan yerli İNSAS avtomatik silahını ”Kalaşnikov" avtomatları və SSRİ dövründə istifadə olunan keçici 7,62x39 mm patronları ilə əvəzləmək qərarına gəlməzdilər. İordaniyaya gəldikdə isə bu ölkənin “Jadara Equipment and Defence Systems” şirkəti artıq uzun illərdir ki, Rusiyaya məxsus RPQ-32 qumbaraatanları istehsal edir. Ola bilsin ki, Ermənistan Rusiyadan aldığı silahların həcmini qismən də olsa azaltmaq üçün, məsələn, RPQ-32 qumbaraatanlarını İordaniyadan alıb. Son nəticədə RPQ-32 də Rusiya silahıdır. Bu baxımdan, Ermənistan həm Rusiyadan, həm Hindistandan, həm də İordaniyadan rus silahı alır və bu silahları Hindistan və İordaniyanın Rusiya ilə birgə yaratdıqları müştərək müəssisələr istehsal edirlər". Siyasi şərhçi qeyd etdi ki, indiki şəraitdə Rusiyanın Ermənistana silah satışını, yaxud pulsuz verilməsini dayandırması bu ölkənin bölgədə yarada biləcəyi bütün təhlükələrin qarşısının alınması deməkdir: “Təbii ki, əgər Rusiya əvvəlki qaydada Ermənistanı silahlandırmağa davam edəcəksə, rəsmi Moskvanın çox sevdiyi ”dost olmayan ölkə" ifadəsi onun özünə münasibətdə istifadə olunmalı və buna uyğun da addımlar atılmalıdır".

Hərbi ekspert Belarus-Azərbaycan hərbi yaxınlaşmasının səbəblərindən  danışır - 07.05.2019, Sputnik Azərbaycan

Üzeyir Cəfərov

Ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirdi ki, Prezident İlham Əliyevin müşavirədə Ermənistanın silahlandırılması mövzusuna xüsusi olaraq toxunması sıradan münasibət deyildi: “Çünki son vaxtlar Ermənistanın 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə qeyri-adi dərəcədə aktivləşməsi hər kəsi narahat edir. Üstəlik, müxtəlif platformalarda Ermənistan ordusunu həm maddi, həm də mənəvi dəstəkləyəcəklərini bəyan etmələri o anlama gəlir ki, yenə bəzi maraqlı qüvvələr bölgədə qan axıdılması üçün zəmin hazırlayırlar. Əgər yenidən Ermənistanın silahlanmasına pul ayrılırsa, bu, artıq ekstremist-separatçı qüvvələrin baş qaldırmasına açıq dəstək deməkdir. Hər kəsə bəllidir ki, Cənubi Qafqazda Ermənistana maddi və mənəvi dəstək verən ölkələrin başında Rusiya Federasiyası dayanır. Biz bunu müstəqilliyimizin ilk illərindən bu vaxta kimi saysız-hesabsız konkret faktlar-sübutlarla müşahidə etmişik. Fakt faktlığında qalır ki, Rusiya Ermənistanı silahlandırmaqda davam edir”.

Ü.Cəfərov rəsmi Moskvanın bu faktı rəsmən açıqladığını da xatırlatdı: “Rusiyanın xarici işlər naziri Sergey Lavrov bugünlərdə öz erməni həmkarı ilə görüşdə bunu bir daha mətbuata açıq şəkildə bəyan etdi. Təəssüfləndirici haldır ki, Rusiya bölgədə sülhün, əmin-amanlığın bərqərar olunması üçün səyləri əməldə sübut etmək əvəzinə, sözdə bir, hərəkətdə, əməldə başqa addımlar atır. Bu ilin fevralında iki ölkə arasında imzalanan sənədin müddəalarına da hörmət qoymur. Hesab edirəm ki, Ukraynadakı məlum hadisələrdən sonra həm dünyada, həm də bölgədə çox şeylərə baxış dəyişəcək. Ona görə də, hesab edirəm ki, biz maksimum dərəcədə diqqətli və ehtiyatlı şəkildə işlərimizi planlaşdırmalı və həyata keçirməliyik. Ermənistanı da məcbur etməliyik ki, onlar hazırkı reallıqları nəzərə alıb, öz siyasətlərində praqmatik qərarlar qəbul etsinlər”.

63 yaşlı Qafar Çaxmaqlı: “Həmişə hər şeyi sıfırdan başlamışam” - MÜSAHİBƏ

Qafar Çaxmaqlı

Politoloq Qafar Çaxmaqlı bildirdi ki, Azərbaycandan ağır zərbə alan Ermənistanda ordunun yenidən qurulması tədbirləri haqqında yeni bir konsepsiya işlənib hazırlanıb: “Buna Ermənistanın yeni müharibəyə hazırlaşması və güclü ordu yaradılması proqramı da demək olar. Əsas məsələ yeni, müasir silahların alınmasıdır və bu ölkədə hesab edirlər ki, onlara uyğun qiymətlər, kreditlə və müəyyən şərtlərlə silah verəcək ölkələr var. Rusiya Ermənistanı silahla təmin edəcək yeganə ölkə hesab olunmur, amma ənənəvi əlaqələr davam etdiriləcək. Rusiya Azərbaycanla strateji müttəfiq müqaviləsi imzalayandan sonra şübhəsiz ki, daha əvvəlki kimi Ermənistanı silahla təmin etməyəcək, amma silah alveri yenə də ticarətdir və Rusiyanın da gələcəkdə gəlir mənbələrindən biri olacağından sanmıram ki, o, bu işdən geri duracaq. İnanmıram ki, bu işə mane olacaq faktorlar var. Amma Rusiyanın bəzi silahları bir işə yaramadığından Ermənistan başqa ölkələrə də baş vuracaq. Avropa ölkələri içərisində Ermənistan dost hesab etdiyi Fransadan silah almaq təşəbbüsləri göstərir. Həmin siyahıda yenə də Ermənistanın dost hesab etdiyi İran və Hindistan da var.  Şübhə yoxdur ki, ABŞ da bu siyahıda yer alacaq. Hindistana Ermənistan Müdafiə Nazirliyinin heyəti səfər edib, danışıqlar aparılır. Məncə, Prezidentin nəzərdə tutduğu bu ölklərdir”. Q.Çaxmaqlı digər məqama da diqqət çəkdi: “Şübhəsiz, başda Rusiya olmaqla, Ermənistanın silahlandırılması, hərbi cəhətdən ayağa qaldırılması Rusiyanın bölgədə müəyyən balanslaşdırma siyasətinin nəticəsidir. Rusiya bunu heç vaxt gizlətməyib, fərq ondadır ki, Rusiya Ermənistana silahları güzəştli şərtlərlə və kreditlə verib. Bundan əvvəlki mənzərəyə baxsaq, Rusiya kreditlə silahları verir, pulunu qaytara bilməyən Ermənistanın bəzi müəssisələrinə çökür. İndi Ermənistan iqtisadiyyatının önəmli bir hissəsinin Rusiyadan asılılığı vardır. Bir çox müəssisələrin mülkiyyət haqqı Rusiyanındır. Elə buna görə Ermənistan Rusiyanın caynağından çıxa bilmir. Bu hal Azərbaycanla Rusiya arasında münasibətlərin gərginləşməsinə gətirib çıxara bilər. Biz çalışmalıyıq ki, Ermənistana silah alımı ilə bağlı kvota qoyulsun. Ermənistanı təcavüzkar ölkə kimi tanıtmaq lazımdır”. Politoloq qeyd etdi ki, Ermənistanın silahlandırılmasında bəzi ölkələrin marağının olduğu da bəllidir: “Belə bir durum onu göstərir ki, Ermənistan məlum iddialardan əl çəkməyib və hətta bəzi erməni dairələri Azərbaycanla müharibənin bitmədiyi barədə bəyanatlar verirlər. Demək, erməni təhlükəsi dövlətimiz üçün hələ aradan qalxmayıb. İşğaldan azad etmədiyimiz Qarabağın bəlli əraziləri bizim üçün hər zaman Azərbaycanın altına qoyulmuş dinamitdir. Ermənistanın adı çəkilən və çəkilməyən ölkələrdən aldığı silahların Qarabağa daşınmayacağının qarantisi varmı? Belə olan durumda biz daha güclü olmalıyıq, daha müasir silahlara malik olmalıyıq. Nə vaxtsa Ermənistanla savaş meydanında qarşı-qarşıya gələcəyimizi istisna etmirəm. Ola bilsin o, bu gün real deyil. Amma Ermənistanda savaş rutorikası, qisas söyləmləri azalmaq əvəzinə, artmaqdadır. Yeni radikal qurumlar yaranmaqda və ətraflarına tərəfdar kütləsi toplamaqdadırlar. Paşinyan sonrası Ermənistan bir başqa ölkə ola bilər”.

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR