İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistandan qaçan Qarabağ erməniləri - Qərb elə bir iddialar irəli sürür ki...

Çingiz Qənizadə: “Beynəlxalq hüquqa, ədalətə, mənəviyyata zidd bir mövqe sərgiləyirlər”

Antiterror əməliyyatından sonra Qarabağı könüllü tərk edən ermənilər Ermənistanda duruş gətirə bilmirlər. Onların bir qismi artıq Ermənistanı tərk ediblər. Jurnalist Voskan Sarkisyan Tavuş rayonunda məskunlaşmış 2970 nəfər (780 ailə) erməninin bir hissəsinin oranı tərk etdiyini bildirib. O yazıb ki, hazırda onlardan cəmi 564 ailə (1920 nəfər) Tavuşda yaşayır. Yəni bir ildə 216 ailə və ya 1050 nəfər Tavuşu tərk edib. Bu faktın özü təsdiqləyir ki, ermənilər nəinki Qarabağa qayıtmaq istəmirlər, Ermənistandan da xarici ölkələrə gedirlər. Bu da erməniləri Qarabağa qaytarmaq istəyən xarici dairələrin arzusunu ürəyində qoymaqdadır. Yanvarın 8-də Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Qarabağdan könüllü olaraq gedən ermənilərin qayıdışı haqqında danışarkən deyib ki, bu barədə yaxşı heç nə deyə bilməz: “Siz məndən ermənilərin Qarabağda yaşaması barədə soruşursunuz. Biz bu barədə ermənilər orada yaşadığı zaman danışmışıq. İndi isə qayıdış hansı şərtlərlə olacaq? Hər hansı bir muxtariyyət şərtləri iləmi? Yoxsa sadəcə Azərbaycan vətəndaşları kimi, amma məktəblərdə erməni dilini öyrənmək imkanı olan şəxslər kimi? Belə bir imkan mövcud idi.

Dağlıq Qarabağ nümayəndələrinin Azərbaycan hakimiyyəti ilə birbaşa danışıqları məsələsi 2021-2022-ci illərdə müzakirə olunmuşdu. Amma bütün bu imkanlar konkret dairələrin səyləri ilə yoxa çıxdı. İndi baş verənlərdən sonra qayıdış haqqında danışmaq mənasızdır", - deyə Mirzoyan qeyd edib.

“Azərbaycan tərəfi Qarabağın erməni əhalisinə öz evlərinə qayıtmaq imkanı yaradıb”. Bunu isə ötən ilin oktyabrında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova erməni jurnalistin guya Azərbaycanın erməni əhalisinin öz evlərinə qayıtmaması üçün Xankəndidə evləri sökməsi ilə bağlı sualını cavablandırarkən bildirib. Zaxarova qeyd edib ki, söhbət Azərbaycanın ərazisindən gedir və orada bu ölkənin qanunları qüvvədədir: “Biz öz evlərini tərk etmiş əhaliyə ora qayıtmaq üçün imkanın yaradılmasına yönəldilən konstruktiv addımları dəfələrlə şərh etmişik, vurğulamışıq. Biz azərbaycanlı həmkarlarımızla ikitərəfli təmaslar zamanı bu məsələni qaldırırıq və müvafiq izahatlar və izahlar alırıq... Mən bir daha vurğulamaq istəyirəm ki, qayıtmaq imkanı yaradılıb”.

Nəzərə çatdıraq ki, Qərb dairələri Qarabağdan könüllü gedən ermənilərə görə yenidən Bakıya qarşı təzyiq aləti kimi istifadə etməyə həvəslənib. Onlar isə geri qayıtmaq haqda düşünmürlər.

Digər tərəfdən, bu məsələ müzakirə predmeti olarsa, o zaman Ermənistandan deportasiya edilmiş azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı da paralel olaraq gündəmə gəlməlidirmi? Bundan sonra ermənilərin Qarabağa qayıdışı mümkündürmü?

Millət vəkili Elman Nəsirov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. O qeyd edib ki, bu gün Cənubi Qafqaz regionunda bir-birinə əks iki proses getməkdədir:

“Bunlardan biri odur ki, işğaldan azad olunmuş Qarabağa və Şərqi Zəngəzura soydaşlarımızın qayıdışı uğurla həyata keçirilməkdədir. Artıq 10 kənddə bu məskunlaşma həyata keçirilib və söhbət 10 mindən artıq keçmiş məcburi köçkünümüzün öz ata-baba yurduna qayıtmasından gedir. İlin sonuna qədər 30 kəndə belə bir köçün həyata keçirilməsi planlaşdırılır.

Digər əks proses isə Ermənistanda baş verir. Ermənistan əhalisi kütləvi şəkildə ölkəni tərk edir, xüsusilə də Qarabağdan könüllü olaraq çıxıb getmiş ermənilər Ermənistanda yaşamaq istəmirlər. Məsələn, erməni mətbuatının yazdığına görə, təkcə Tavuşda son müddətdə 1050 nəfər kəndin ərazisini qısa zaman ərzində tərk edib. Paşinyan da bunu etiraf etməyə başlayıb. O bildirib ki, xüsusilə erməni gənclər ölkəni tərk edir. Bunun səbəblərindən biri onların 3-cü Qarabağ müharibəsinin başlanmasından çəkinməsidir.

Xüsusilə də Ermənistana Fransadan hücum silahlarının, dağıdıcı ölümcül silahların gətirilməsi, Hindistandan, Yunanıstandan, Kipr Respublikasından və digər ölkələrdən bu tipli silahların alınması erməni gənclərində belə bir fikir formalaşdırıb ki, müharibə ola bilər. Belə olarsa, onlar mənasız ölümə getmək istəmirlər və çarə yolu kimi ölkəni tərk edirlər.

Yeri gəlmişkən, bu məsələlərlə bağlı təkcə Paşinyan deyil, ölkənin xarici işlər naziri də müvafiq sualı cavablandırıb və bildirib ki, ölkəni tərk edən ermənilər iki istiqamət üzrə bilet almırlar - yalnız bir istiqamət üzrə alırlar, yəni getdiyi yerdən qayıtmırlar. Bu artıq reallıqdır və Ermənistanın siyasi hakimiyyətinin nümayəndələri bunu etiraf etməyə başlayıblar.

Xüsusilə də ABŞ-ın Bayden administrasiyası Ermənistana silahlandırma xəttində dəstək verir və Ermənistanla strateji tərəfdaşlıq müqaviləsi imzalayıb. Bu müqavilə hərbi komponentləri də özündə ehtiva edir. ABŞ Ermənistanı “Ukraynalaşdırma” siyasətini həyata keçirməkdədir və bu, artıq sirr deyil. Bu reallıq ölkə əhalisinin ölkəni tərk etməsini şərtləndirən əsas amillərdən biridir.

İndi Ermənistanda ümidlər Trampa qalıb. Onlar Trampın gəlişi ilə bu təhlükələrin aradan qalxacağını arzulayırlar. Çünki fərqindədirlər ki, Azərbaycanla müharibə yolunu seçmək və Azərbaycanla silahlanma yarışına girmək Ermənistan üçün fəlakət olacaq.

Almaniya ekspertləri qeyd edirlər ki, SSRİ-nin dağılmasının əsas səbəblərindən biri ümumdaxili məhsulun 6 faizinin müdafiə xərclərinə yönəldilməsi idi. İndi Ermənistan da bu yolu seçib və bu, Ermənistan üçün fəlakətdir. Büdcəsi olduqca zəif olan dövlətin müdafiə xərclərini 2025-ci ildə 1,7 milyard dollara çatdırması iqtisadiyyat üçün ağır yükdür və bu, sosial məsələlərin kəskinləşəcəyinə işarədir. Ermənistan əhalisi bunu dərk etdikcə ölkəni tərk etməyə başlayır".

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə isə qeyd edib: “Öncə qeyd edim ki, hazırda Ermənistanda sosial vəziyyət o qədər acınacaqlıdır ki, hətta ölkədə daimi yaşayan insanlar belə ölkəni tərk etmək məcburiyyətində qalırlar. Nəzərə alsaq ki, onlar Qarabağda separatçı rejim dövründə Azərbaycanın işğal olunmuş torpaqlarından əvəzsiz istifadə ediblər, gen-bol əkib-biçiblər, qazanıblar və bizim yeraltı, yerüstü sərvətlərimizi talayıblar, bu qəbildən olan insanların Qarabağdan getdikdən sonra Ermənistanda duruş gətirə bilməyəcəyi aydın görünür. Çünki Ermənistanın özünün vəziyyəti olduqca acınacaqlıdır. Təkcə Qarabağdan gedən ermənilər deyil, Ermənistanın özündə yaşayan ermənilər də uzun illərdir ki, ölkəni tərk edirlər və onların bu qərarı başa düşüləndir.

Göstərilən rəqəmlərə baxdıqda, məsələn, Tavuş rayonunda məskunlaşmış 2970 nəfərdən böyük əksəriyyətinin oranı tərk etməsi, digər rayonlarda da vəziyyətin eyni dərəcədə acınacaqlı olduğunu göstərir. Hətta İrəvanın özündə də vəziyyət fərqli deyil. Onların Ermənistandan çıxıb getməsi həm də onu göstərir ki, Qarabağa qayıtmaq istəmirlər. Çünki 30 illik işğal dövründə törətdikləri cinayətlər, xalqımıza qarşı bəslədikləri kin və nifrət onların bizimlə birgə yaşamaq imkanlarını məhdudlaşdırır. Əgər bir az vicdanları varsa, etiraf etməlidirlər ki, bu millətin başına gətirdikləri bəlalardan sonra onlarla bir yerdə yaşamaq mümkün deyil.

Lakin biz bir qədər unutqan xalqıq və qapıları üzlərinə açmışıq. Kim ki, xalqımıza qarşı çirkin əməllərdə iştirak etməyib və Azərbaycan vətəndaşlığını qəbul etmək istəyir, buyursunlar gəlsinlər. Amma bir nəfərin belə geri qayıtmaması onu göstərir ki, onlar Qarabağa qayıtmaq istəmirlər. Daha yaxşı həyat arzusu ilə Avropaya, Rusiyaya və digər ölkələrə getməkdə maraqlıdırlar.

Belə olan halda sual yaranır: əgər ermənilər bunu istəmirsə, Ermənistanın siyasi hakimiyyəti bunu reallaşdıra bilmirsə, Qərbə nə düşüb? Nə üçün Qərb zorla erməniləri Qarabağa qaytarmaq və bölgəni gələcəkdə qaynar nöqtəyə çevirmək niyyəti güdür? Nə üçün Azərbaycana qarayaxma kampaniyaları aparır, qətnamələr qəbul edir və sanksiyalarla hədələyirlər? Bu, başa düşülən deyil. Cavab isə sadədir: Qərb Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı deyil və Qarabağdan gedən ermənilərdən təzyiq vasitəsi kimi istifadə etməyə çalışır.

Lakin unutmamalıyıq ki, bizim də Ermənistandan qovulmuş 300 minə yaxın soydaşımız var. Onların da geri qayıtmaq hüququ var. Qərbi Azərbaycan İcması bu gün məhz bu məsələnin üzərində işləyir və dünya ictimaiyyətinə çatdırmaq istəyir ki, “əgər siz 20-30 min erməni ilə bağlı Azərbaycana təzyiq göstərirsinizsə, bizim də 300 min azərbaycanlı olaraq ata-baba torpaqlarımıza qayıtmaq hüququmuz var. Gəlin, bu məsələyə də diqqət yetirin və bununla bağlı Ermənistan hökumətinə müraciət edin, bəyanat verin, hansısa addımlar atın”.

Təəssüf ki, Qərb bunu etmək istəmir və görünən odur ki, onlar daha çox ermənilərin yanındadırlar. Beynəlxalq hüquqa, ədalətə, mənəviyyata zidd bir mövqe sərgiləyirlər".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR