Onlayn ictimai-siyasi qəzet
“Yenə naftalin iyi verən radikal müxalifət aranı qarışdırmaq uğrunda yarışda önə çıxmağa çalışır. Dünyada baş verən siyasi, iqtisadi kataklizmlər, müharibə, terror təhdidləri fonunda Azərbaycanda təmin olunmuş siyasi, iqtisadi, sosial sabitlik təbii ki, düşmənlərimizi narahat edir. Vətən müharibəsində şanlı qələbə əldə etmişik. Dünyada uzun illərdir davam edən, hələ də həllini tapmayan 50-yə yaxın donmuş münaqişə var. Azərbaycan isə ağır məsələni öz gücünə həll etdi. Bundan sonra təbii ki, yalnız Ermənistan yox, onlardan da betər düşmənlər üzə çıxdı, maskalar cırıldı”.
Bu fikirləri Musavat.com-a millət vəkili Vüqar İskəndərov deyib.
O bildirib ki, bu düşmənlər hər vəchlə Azərbaycanın üzərinə gəlməyə çalışırlar:
“Onlar təzyiqlər göstərməyə çalışırlar, amma heç biri fayda vermir. Ölkə başçısı İlham Əliyev qlobal miqyasda siyasi qrossmeysterdir. Hər şeyi yaxşı görür, ölçür, biçir, preventiv məsələləri həll edir, ölkəni bütün təhdidlərdən qoruyur. İkinci məsələ Prezidentin ətrafında sıxlaşmış xalqdır. İnsanlar sabitliyin, qələbənin, düzənin qədrini bilirlər, anlayırlar. Baş verən hadisələri görür, analiz edirlər. Buna görə də həmin güclər, bədxahlar Azərbaycana bu və ya digər formada təsir göstərə bilmirlər. Yerdə qalır sapı özümüzdən olan baltalar, bir qrup xainlik etmək üçün hər şeyə hazır olan radikallar. Bir himə bənddirlər ki, bacarsalar, ölkədə xaos, anarxiya yaratsınlar. Bunu da bacarmayıblar və bacarmayacaqlar. Çünki elektorat yox, arxalarında böyük insan qrupu yox, 30 ildir eyni məsələni danışırlar, artıq onların fikirlərindən kəskin naftalin iyi gəlir. Köhnəliblər, arxaikləşiblər, yenə də eyni val, eyni fikirlər. Yaxın qonşuluğumuzda, İranda baş verənlər, İsraildə olan məsələlər fonunda yenidən bədxah qüvvələr radikal müxalifətdən istifadə etməyə çalışır”.
Vüqar İskəndərov səslənən tələbləri belə şərh edib:
“Onların tələbləri çox gülüncdür. Ölkəmizdə siyasi məhbus yoxdur. Bunu özləri də yaxşı bilirlər. Bir partiya üzvü yol qəzası edir, məsuliyyətə cəlb olunur deyə haray-həşir salınır. Siyasi partiya funksioneri xuliqanlıq edir, haray-həşir salınır. Sosial şəbəkələrdə siyasi status yazıb, başqa vaxt cinayət törədib həbs olunursa, haray-həşir salınır. Bütün bunlar siyasi cılızlıqdır. İndiki situasiyada xalq-iqtidar birliyi, ümumiyyətlə, ölkədə siyasi sabitlik fonunda, hətta siyasi partiyalarla görülən işlərdəki uğurlarımız, lazım olan vaxtda dövlətin ən qayğılı, çətin anlarında bu qüvvələrin birləşməsi, ölkəmiz, dövlətimiz naminə birgə bəyanatları hər birimizi sevindirir. Radikallar yalnız suyu bulandırmağa çalışırlar, amma alınmayacaq. İndiki məqamda bu, yalnız kənar qüvvələrə nökərçilik etməkdir. Kimlərinsə sifarişini yerinə yetirməyə cəhddir. Bunun başqa adı yoxdur. Buna başqa don geyindirməyə ehtiyac yoxdur. Düşünürəm ki, Əli Kərimli və onun dəstəsi, Milli Şurası və digər bu səpgili radikallar vaxtında getdikləri bu səhv yolu, yanlışlığı anlamalıdırlar. Ölkəmizin hərtərəfli inkişafı üçün dəstək verə bilmirlərsə, heç olmasa mane olmasınlar”.
Nigar HƏSƏNLİ,
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ