Onlayn ictimai-siyasi qəzet
“Azad İran” teleqram kanalı tragikomik bir xəbər yayıb. Nə qədər heyrətamiz olsa da, işləmək məqsədilə Ermənistana gedib-gələn Təbriz sakini sən demə, heç bir səbəb olmadan, etnik mənsubiyyətinə, yəni azərbaycanlı olduğuna görə ermənilər tərəfindən bir neçə dəfə döyülüb.
O da bəlli olub ki, həmin şəxs zorakılığa məruz qaldığı anları əks etdirən müşahidə kamerasının görüntülərini əldə edib və təhlükəsizliyin təmin olunmadığı üçün Ermənistan hökumətini məhkəməyə verəcək.
Amma çifayda, guya bunun nəticəsi olacaq? İnanan daşa dönsün. Böyük ehtimalla, təbrizlinin özünü günahkar çıxaracaqlar. Çünki “heç bir səbəb olmadan döyülmə” deyəndə səbəb elə məlumdur da. Səbəb, günah - azərbaycanlı olmaq, Türk doğulmaq. Burda deyiblər, “günah indi döyəndədir, yoxsa döyüləndə”...
Məəttəl qalırsan, bu zavallı soydaşımız məgər hansı ölkəyə getdiyinin fərqində olmayıb? Bilmirdimi ki, İran vətəndaşlığı daşımaq onu türkə heyvani nifrətin qaldığı Ermənistanda heç bir önəm kəsb eləmir, təhlükəsizlik zəmanəti yaratmır?
Yaxud güneyli kapitulyant ölkənin başdan-ayağa terrorçular üçün açıq səmada qoruq olmasından, körpələr daxil, türklərə qarşı soyqırımları törətmiş ikiayaqlı məxluqlara orada heykəllərin, abidə komplekslərinin (Qaregin Njge, “Nemezis” və s.) qoyulmasından, həmin məkanların ziyarətgahlara çevrilməsindən heç xəbəri yoxmu?
Ümumiyyətlə, Ermənistan adlı qədim Türk yurdunda “Türk” sözünün söyüş, təhqir anlamında işlədildiyinin də fərqində olmayıb? Ən nəhayət, hansı səbəbdən hələ də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmadığı haqda elementar bilgi sahibi deyilmi?
Hələ Ermənistan məhkəməsindən ədalət də umur. A kişi, başını götür, qaç ordan. Dön öz evinə-eşiyinə, nə qədər ki, əl-ayağın yerindədir. Nə qədər ki, səni şikəst, əlil eləməyiblər. Təcili qaç! Və Allaha hər gün şükür elə ki, sağ-salamat qalmısan...
Əfsus bu, qonşu ölkədə güneylilərin başına gətirilən ilk belə acınacaqlı hal deyil. Ötən il digər bir Cənubi azərbaycanlı sürücü məhz azərbaycanlı olduğu üçün Paşinyanın monoetnik “demokratik” Ermənistanında şil-küt edilmişdi. Daha neçə soydaşımız qanına qəltan olunmalıdır ki, sizə dərs olsun, bir tikə çörəyə görə Ermənistana ayaq basmayasınız? İş axtarmaq üçün ölkə qəhətmi? Məşhur kinofilmdən məşhur bir ifadə ilə desək, “vallah siz qurd ürəyi yemisiz...”
Son olay bir daha sübut elədi ki, Ermənistan cəmiyyəti qonşu Azərbaycanla, Türkiyə ilə barışığa, dinc-yanaşı yaşamağa hazır deyil. Guya ən mötədil erməni sayılan Paşinyanın boş-boş danışmasına baxmayın. “Gallup”un vaxtaşırı keçirdiyi sorğular da biz deyəni deyir – rəyi soruşulanların mütləq əksəriyyəti Azərbaycan və Türkiyə ilə sərhədlərin açılmasının və konstitusiyadan iki qardaş ölkəyə qarşı ərazi iddiaları barədə müddəaların çıxarılmasının əleyhinədir.
Arada təbrizli qardaşlarımızın da belə sorğularla maraqlanması, ümumən Ermənistan mediasını oxuması pis olmazdı. Ən azından, öz təhlükəsizlikləri üçün...
Z.SƏFƏROĞLU
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ