İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistana sanksiya çağırışı - Aİ İrəvanla niyə yumşaq davranır?

Ermənilər indi də sanksiyalı Rusiya mallarının reixracından qaz vurub qazan doldururlar

Qərbin çoxsaylı sanksiyalarından Rusiyanın yayınması mövzusu dünya mediasının diqqətində qalmaqda davam edir. Şübhəsiz, bu vəziyyət Moskvanın Ukraynaya qarşı işğalçı müharibənin gedişinə təsirsiz ötüşməyə bilməz. Rusiyaya bu işdə kömək edən ölkələr sırasında isə onun Qafqazdakı marioneti Ermənistan öndə gəlir. 

Amerikalı iqtisadçı, Beynəlxalq Maliyyə İnstitutunun (IIF) baş iqtisadçısı Robin Brooks  artıq neçənci dəfədir Avropa İttifaqını (Aİ) Ermənistana ixracı dayandırmağa çağırır. Bu barədə o, X səhifəsində yazıb: “Ermənistanın Rusiyaya ("qara") ixracı əhəmiyyətli dərəcədə artıb. Bu artım demək olar, tamamən Çindən və Avropa İttifaqından Rusiyaya malların təkrar ixracı hesabına baş verir. Aİ Çin malları ilə bağlı çox şey edə bilməz, ancaq şübhəsiz, Avropa ixracatının Ermənistana axınını dayandıra bilər. Buna son qoyulmalıdır".  

Ermənistanın Rusiyaya sanksiyalı malların ötürücüsü rolunu oynadığını xarici mətbuat on dəfələrlə yazıb. Məsələn, "Bloomberg" Agentliyi 2022-ci ildə Ermənistanın yarımkeçiricilər ixracının həcminə görə dünyada 4-cü yeri tutduğuna dair məlumat yayıb. Məlumatda qeyd edilir ki, bu göstərici üzrə Ermənistan Yaponiya, Almaniya və Hindistanı arxada qoyub. Onun satdığı məhsulun əsas alıcısı isə Rusiyadır. 

"Bloomberg"in əldə etdiyi məlumata görə, 2022-ci ildə Ermənistandan Rusiyaya yarımkeçiricilər ixracı 187 faiz artmaqla 1,2 milyard dollar təşkil edib. Agentlik bunu Ermənistanda yarımkeçirici istehsalının artması ilə izah edib. Lakin Ermənistan statistikasında bu istehsalın artmasına dair hər hansı məlumata rast gəlmək mümkün deyil. Ermənistan Dövlət Statistika Komitəsinin rəsmi statistikasına əsasən, 2022-ci ildə Ermənistanın sənaye sektorunda cəmi 3,3 faiz illik artım qeydə alınıb. Bu sektorda istehsal olunan 6,1 milyard dollar və ya 2 trilyon 683 milyard dramlıq məhsulun 1,8 trilyon dramı13,5 faiz artım nümayiş etdirən emal sənayesində əldə olunub. Bu zaman emal sənayesinin kompüter, optik, elektrik və elektron avadanlıq istehsalı sahələrində 11,4 faizlik geriləmə qeydə alınıb. 2023-cü ilin birinci rübündə isə bu sahələrdən  kompüter və elektrik avadanlıqları istehsalında 26 faiz, elektron və optik avadanlıqlar istehsalı sahəsində 39,5 faiz geriləmə baş verib. Bu halda təbii olaraq sual yaranır ki, Ermənistan Rusiyaya ixrac etdiyi yarımkeçiriciləri haradan alıb? Sualın cavabı, əlbəttə, aydındır: onun satışını Rusiyaya qadağan edən Qərb ölkələrindən.

2023-cü ilin avqustunda müstəqil “Verstka” nəşri Rusiya Gömrük Komitəsinin gizli statistikasını əldə edərək çox maraqlı məlumatlar yayıb. Həmin məlumatlardan aydın olur ki, Rusiyaya ikili idxalda Ermənistan şirkətləri aktiv şəkildə iştirak edirlər. Məsələn, Rusiyanın “Pobeda” şirkəti bu ilin yanvarında iki dəfəyə 580 min dollarlıqdan yuxarı "Honeywell" şirkətinin məhsulu olan qeyri-hərbi məqsədli radiolokasiya aparatları gətirib. Hər iki halda göndərici Ermənistanın "A Trade service" şirkətidir. 

Ermənistanın Ukraynada müharibə başlayandan bəri ildırım sürətilə çoxalan xarici ticarət dövriyyəsində ən çox artımın qeydə alındığı mal qruplarına baxmaq yetərlidir ki, ölkənin Rusiyanın ən böyük yardımçılarından olduğunu müəyyən edəsən. Son iki ildə İrəvanın “maşın və mexanizmlər, avadanlıqlar”, “yerüstü, hava və su nəqliyyatı vasitələri”, “qiymətli və yarımqiymətli daşlar,qiymətli metallar və onlardan hazırlanan məmulatlar” idxalı və ixracında 10 dəfədən yuxarı artım qeydə alınıb. İqtisadiyyatın real sektoru - sənayesi heç 10 faiz belə artmayan ölkənin idxal-ixracındakı bu artım birmənalı olaraq Qərbdən Rusiyaya qadağan olunan malların çatdırılması hesabınadır. 

Ermənistan rəsmi statistikasına baxdıqda görünür ki, əgər 2021-2022-ci illərdə bu ölkədən Rusiyaya əsasən spirtli içkilər, brilyant, balıq, pomidor, ərik, albalı, şaftalı, gavalı ixrac edilibsə, 2023-cü ildə telefon aparatları və digər rabitə sistemləri, monitor və proyektorlar, dəmir ərintilər, maşın, mexanizm və avadanlıqlar böyük fərqlə üstünlük təşkil edib. 

Rusiyaya sanksiyalı malların çatdırılmasında iştirakına görə 2023-cü ildə bir neçə Ermənistan mənşəli şirkətə sanksiya tətbiq olunub. Lakin onların yaradıcı və benefisiarları əsasən Rusiya vətəndaşlarıdır. Yəni sırf Ermənistan vətəndaşlarının sahib olduqları şirkətlərə münasibətdə heç bir addım atılmayıb. 

Bu ilin əvvəlindən ABŞ, Avropa İttifaqı Rusiyanın əsas ticarət tərəfdaşlarından olan Çin, Türkiyə, BƏƏ, Qırğızıstan, Qazaxıstan və sair ölkələrin onlarla şirkətinə sanksiya tətbiq ediblər. Eyni zamanda ötən ilin dekabrında ABŞ prezidenti Maliyyə Nazirliyinə Rusiya ilə qadağan olunan əməliyyatları maliyyələşdirən banklara qarşı sanksiyaların tətbiq olunmasını nəzərdə tutan tapşırıq verib. Nəticədə, Çin, BƏƏ, Türkiyə bankları Rusiya ilə nəinki sanksiyalı malların, bütün növ malların ticarətini maliyyələşdirməkdən çəkinməyə başlayıblar, Rusiyalı müştərilərə xidmət dayandırılıb. Bütün hallarda məqsədin Rusiyanın hərb sənayesində istifadə oluna biləcək malların ona çatdırılmasının qarşısını almaq göstərilir. 

Lakin nə ABŞ Maliyyə Nazirliyi, nə də Avropa İttifaqının diqqətini bu ilin yanvarında Ermənistanın xarici ticarət dövriyyəsindəki 78 faizdən yuxarı artımın böyük hissəsinin Rusiya ilə bağlı ticarətin payına düşməsi cəlb etməyib. 

Onu da qeyd edək ki, ötən ilin dekabrından G7 ölkələri və Avropa İttifaqına Rusiyada istehsal olunan brilyant və almazların idxalını qadağan ediblər. Rusiya mənşəli belə daşlardan üçüncü ölkələrdə hazırlanan zinət əşyaların idxalı isə sentyabrın 1-dən qadağan ediləcək. Son iki ildə Ermənistan Rusiyadan xammal alaraq brilyant, almazla bəzənmiş zinət əşyalarının ixracını 20 dəfədən çox artırıb. 

Rusiyanın brilyant və almazının Qərbə idxalı qadağan olunandan sonra - bu ilin yanvarından Ermənistanın eyni məhsullar üzrə ixracı rekord səviyyədə artıb. Bununla bağlı Ermənistanın bu ilin  yanvar ayındakı xarici ticarət statistikası çox maraqlı məqamları üzə çıxarır. İrəvanın statistika qurumunun rəsmi məlumatına görə, bu ilin yanvarında ölkədə 500-510 milyon dollarlıq sənaye istehsalı qeydə alınıb. Lakin ölkədən sənaye məhsullarının ixracı 934 milyon dollara çatıb. Yəni Ermənistan daxildə istehsal etdiyi sənaye məhsulundan az qala ikiqat artığını ixrac edib. Daxildəki istehlakı da nəzərə alsaq, bu qədər ixracın bilavasitə Rusiyadan qaynaqlandığını yenə statistika əsasında rahatlıqla söyləmək mümkündür. Belə ki, yanvar ayında qeydə alınan 934 milyon dollarlıq ixracatın yarısından çoxu yalnız bir məhsul qrupuna daxil olan mallardır. Söhbət qiymətli daşlardan və qiymətli metallardan gedir. Yanvarda bu malların ixracı 587 milyon dollar təşkil edib. Bu o deməkdir ki, qiymətli daşların və qiymətli metalların ixracı ötən illə müqayisədə 9 dəfə artıb. Keçən il bu göstərici cəmi 65 milyon dollar idi. Bu fenomenal sıçrayış nəticəsində qiymətli daşların və qiymətli metalların ixracdakı çəkisi demək olar ki, 63 faizə çatıb. İqtisadiyyatın bütün digər sahələri ixracın cəmi 37 faizini təşkil edib ki, bu da 347 milyon dollar deməkdir.

Yanvarda Ermənistanın özündə istehsal olunan bir çox malların ixracı, ilin əvvəlində qeydə alınan ixracın 2,1 dəfə artması fonunda nəinki artmayıb, hətta azalıb. Halbuki bu məhsul və ya məhsul qruplarının bəziləri həmişə Ermənistan ixracatında əsas çəkiyə malik olub. Söhbət xüsusilə, məsələn, emal sənayesinin yeyinti sənayesi kimi sahələrindən gedir.

İrəvana sanksiya əvəzinə sığal - Qərbin daha bir “ikili standartı”

İlin əvvəlində Ermənistandan hazır ərzaq məhsullarının ixracı təxminən 22 faiz azalıb. Ötən il 63 milyon dollar, bu il 49 milyon dollar dəyərində məhsul ixrac edilib. Heyvandarlıq məhsullarının ixracı 32 faizdən çox, kimya və əlaqəli sənaye sahələrinin ixracı 39 faiz, plastik məmulatların ixracı 39 faiz, mineral məhsulların ixracı 19 faizdən çox azalıb.

Əvəzində qiymətli daşlar və qiymətli metalların ixracı ötən illə müqayisədə 522 milyon dollar, ümumi ixrac isə 485 milyon dollar artıb. İxracın 90 faizi BƏƏ-yə reallaşıb. Bəs bu qədər qiymətli daşları və metalları Ermənistan haradan alıb? Əlbəttə ki, Rusiyadan. Məhz bu səbəbdən Rusiyadan Ermənistana idxal bir neçə dəfə artıb: Yanvarda ötən illə müqayisədə 2,9 dəfə çox mal gətirilib. İdxal 211 milyondan 614 milyona yüksəlib. Bu idxalın 70 faizə yaxınını qiymətli metallar və daşlar təşkil edib. 

Nəticədə əgər ötən ilin son aylarına qədər Ermənistanın Rusiya ilə ticarət əlaqələrində təkrar ixrac hesabına ixrac artımı üstünlük təşkil edirdisə, bu ilin əvvəlində əks tendensiya müşahidə olunub. Rusiyaya ixracın artımı praktiki olaraq dayanıb, bunun əvəzinə idxal kəskin artmağa başlayıb. 

Yuxarıda da qeyd etdik ki, G7 və Aİ Rusiya qiymətli daşları və metallarının üçüncü ölkələrdən idxalını sentyabrdan dayandıracaq. Yəni Ermənistan ona qədər bu məhsulları Rusiyadan alıb BƏƏ vasitəsilə, yaxud elə birbaşa həmin qadağanı qoyan ölkələrə satmaqdan yüz milyonlarla dollar gəlir əldə edəcək. Qərb isə buna eyni rahatlıqla göz yumacaq. 

Xatırladaq ki, martın 13-də Avropa Parlamentinin Ermənistana dəstək ifadə edən qətnaməsində bu məsələ bir quru cümlədə əksini tapıb. Sitat: “Ermənistanı Aİ-nin qəbul etdiyi sanksiyalardan yayınma ehtimalı ilə bağlı ayıq-sayıq olmağa çağırırıq”.  Faktlar göstərir ki, İrəvanın bu sahədə ayıqlığı sanksiyalı malların ticarətini indi başqa istiqamətdə genişləndirməyə hesablanıb. Qərb isə ermənilərə, həmişəki kimi, səbrlə yanaşır...

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR