İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan yenə müharibə havasına girir - Qərb Qafqazda İsrail-Fələstin “təcrübəsi”nə can atır...

Ermənistan rəhbərliyi havadarlarının fitvasına uyub, gərginliyi tətikləyir; qeyri-konstruktivlik Paşinyanın ölkəsinə baha başa gələ bilər; İrəvan üçün şok: “Azərbaycan öz konstitusiyasına uyğun olaraq AXC-nin varisi kimi çıxış edə bilər”

Ötən həftəsonu Ermənistan baş naziri Nikol Paşinyan yenə “sülh göyərçini” obrazına girmişdi. Bu rolda inandırıcı görünmək üçün isə həmişəki kimi Azərbaycanı guya sülhdən yayınan, hətta müharibə tərəfdarı qismində təqdim etməyə çalışırdı.

Nikol Paşinyanın utnmazcasına Azərbaycanı növbəti dəfə “etnik təmizləmə”də suçlaması, “Ermənistanı Qərbi Azərbaycan adlandırmaqla Bakı müharibəyə hazırlaşır” kimi “nostradamusluğu” bu qəbildəndir. Halbuki erməni baş nazir yalan danışdığını, iftira atdığını yaxşı bilir. Ona görə ki, söhbət, sadəcə, soydaşlarımızın öz dədə-baba yurdlarına qayıdışı kimi təbii və elementar insan haqqından gedir. O haqdan söhbət gedir ki, Paşinyan daxil, Ermənistan rəsmiləri nədənsə söz açmağı sevmirlər. Çünki “artsax məsələsi” o saat Qərbi Azərbaycan mövzusunun kölgəsində qalır. Yaxud N.Paşinyanın belə bir ittihamı, daha dəqiqi, hiyləgər gedişi və qabaqdangəlmişliyinə diqqət edək: guya Ermənistanın sülhlə bağlı “3 prinsipi”nə Azərbaycan tərəfi hələ də cavab verməyib. Halbuki ondan xeyli qabaq rəsmi Bakı beynəlxalq hüquqa söykənən 5 məlum baza prinsipi irəli sürüb. Sülhpərvərlik daha necə olur ki? İrəvan isə 5 baza prinsipindən yayınmaq üçün üç ildir min oyundan çıxır, cəfəng iddialar və boyunu aşan şərtlər irəli sürür. Özünü hətta məğlub kimi yox, az qala qalib ədası ilə aparır.

Təbii ki, İrəvan belə destruktiv ritorikanı dəyişməyincə, 30 illik dönəmdəki kimi sülh danışıqlarını imitasiya etdikcə və havadarlarının diktəsi ilə ikitərəfli dialoqdan qaçdıqca, sülh anlaşması da əlçatmaz olacaq. O səbəbə noyabrın 30-da şərti sərhəddəki daha bir görüşdən pozitiv nəticə gözləməyə dəymir. Böyük ehtimalla, ümidlər 2024-cü ilə keçir. Digər tərəfdən, Azərbaycanı etnik təmizləmədə ittiham edən, ona qara yaxan tərəf, - Ermənistan olsun, ya Fransa, - necə Azərbaycanla sülhdə maraqlı olduğunu söyləyə, ədalətli anlaşmadan danışa bilər? Axı bu, sülh ritorikası deyil, sülhün imitasiyasıdır, hətta özünüifşadır. Ermənistanın Hindistan və Fransadan aldığı silahlar ortada, üstəlik, rəsmi İrəvan silahlanma prosesini dayandırmaq niyyətində olmadığını etiraf edir. Eyni zamanda Ermənistanın 2024-cü il dövlət büdcəsində hərbi sahəyə xərclərin artırılması da bu ölkənin gerçək niyyətlərini nümayiş etdirir. Sülhə hazırlaşan ölkə əhalisinə xərcləməli olduğu vəsaiti silah-sursata yönəldir. Belə olan halda suallar ortaya çıxır: bəs iki ölkə arasında böyük sülh anlaşması İsrail-Fələstin anlaşması kimi uzana bilərmi? Belə bir təhlükə varmı? Xarici havadarları hara kimi İrəvanın ipini əllərində saxlaya biləcəklər? Aşağıda ekspertlərimizdən bu kimi suallara aldığımız cavablar əksini tapacaq.

Bu arada tanınmış rusiyalı politoloq Maksim Şevçenko 2024-cü ildə Ermənistan və Azərbaycan arasında yeni müharibənin olacağını iddia edib. Düzdür, o, savaş ehtimalını 50:50-yə nisbətdə proqnozlaşdırıb, amma ehtimal yenə də az deyil. Çünki istənilən sülhün alternativi müharibədir. Ümumilikdə əksər ekspertlərin qənaəti budur ki, Ermənistan rəhbərliyi havadarlarının fitvasına uyub, gərginliyi tətikləyir, amma qeyri-konstruktivlik Paşinyanın ölkəsinə baha başa gələ bilər. Bəs rəyini öyrəndiyimiz tanınmış fikir adamları bu proqnozla bağlı nə düşünürlər?

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında rəsmi İrəvanın destruktiv fəaliyyətindən bəhs etdi: “Proseslər onu göstərir ki, Ermənistan sülh müqaviləsi bağlamağa hazırlaşmır. Sülh müqaviləsi, sadəcə, bir kağız parçası deyil. Onu imzalayana qədər real addımlar atılmalı idi. Sərhədlərin delimitasiyası ən azı başlanmalı, Zəngəzur dəhlizində infrastrukturun bərpası həyata keçirilməli idi. Bütün bunlar olmadan sülh müqaviləsinin bağlanması real görünmür. Əlbəttə, hər hansı çərçivə sənədi imzalana bilərdi. İndi ona da ümidlər yoxdur”. Ekspert əmindir ki, ABŞ və Fransa Ermənistanı qarşıdurmaya hazırlayır: “Təəssüf ki, Ermənistanın rəhbərliyi də müstəqil siyasət aparmaq imkanında deyil. ABŞ və Qərb Cənubi Qafqazda Rusiyanın mövqelərini zəiflətmək naminə yenidən münaqişəni alovlandırmaq xətti götürüb. Ermənistanla Azərbaycan arasında yenidən müharibənin alovlanması yaxın vaxtlarda real görünməsə də, istisna da deyil. Ermənistan müasir hücum silahları almaqda davam edir. Həmçinin beynəlxalq hüquq müstəvisində və qlobal informasiya məkanında Azərbaycana qarşı müharibə aparmaqdadır”.

Sahib Məmmədov (siyasətçi) — Vikipediya

Sahib Məmmədov

S.Məmmədovun sözlərinə görə, sərhədlər delimitasiya və demarkasiya olunmayınca, Azərbaycanın Ermənistanın nəzarətində qalan kəndləri geri qayıtmayınca, gərginlik azalmayacaq: “Digər tərəfdən də ABŞ və Qərb Ermənistandan alət kimi istifadə etməkdədir. İstənilən danışıqlara Ermənistan vaxtı uzatmaq üçün vasitə kimi baxır. Azərbaycan hakimiyyəti danışıqlardan imtina etmir və güman edirəm ki, etməyəcək də. Ermənistan revanş üçün əlverişli şərait gözləməkdədir. Belə şərait isə yalnız Azərbaycanın daxilində stabilliyin davamlı pozulması halında ola bilər. Azərbaycana qarşı anti-Azərbaycan qüvvələrin bütün səyləri də ölkədə daxili stabilliyi pozmaqdır. Buna nail ola bilməyəcəklər, amma cəhdlər də dayanmayacaq”.

Deputat Arzu Nağıyev təltif edildi | 1news.az | Xəbərlər

Arzu Nağıyev 

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev bildirdi ki, Nikol Paşinyanın son vaxtlar verdiyi bəyanatlar birbaşa Qərbin verdiyi bəyanatlarla üst-üstə düşür və daha doğrusu, onların dediyini təkrarlayır: ""Etnik təmizləmə" sübuta yetmədikcə, məhkəmə perspektivi də alınmır. Paralel olaraq Qərbin kvadrat kilometrlərlə statistikasını da ortaya ataraq özünü guya sığortalayır və Qərbi Azərbaycan məsələsindən qorxduğunu bu və ya digər şəkildə büruzə verir. Təbii ki, bununla Qarabağ məsələsindən müəyyən qədər yayınmağa şərait yaradır və hətta vaxtilə qondarma quruma rəhbərlik etmiş şəxsləri ikinci plana keçirir. Üç prinsip məsələsinə gəldikdə, yenə də özlərini tam sığortalamağa çalışır, beynəlxalq qurumlar üçün SSRİ dağıldıqdan sonra varis kimi qalan Ermənistan SSR-in mənsubiyyətini ortaya atır. Əgər belədirsə, onda Azərbaycan öz konstitusiyasına uyğun olaraq AXC-nin varisi kimi çıxış edə bilər. Bizim də beş baza prinsipimiz var və aydın şəkildə bütün maddələrdə hər bir nüans nəzərə alınıb və 2020-ci ilin noyabr sazişi də öz əksini tapıb". A.Nağıyev xatırlatdı ki, biz qalib, diqtə edən tərəfik: “Danışıqlara gəıdikdə, ilk növbədə sərhəddə keçirilməsi nəzərdə tutulan görüşdə delimitasiya və demarkasiya məsələsi müzakirə olunmalıdır və sülh müqaviləsinin imzalanmasına zəmin yaradılmalıdır. Azərbaycan tərəfi Ermənistandan tam müsbət bir addım gözləməsə də, öz işini tam görməkdədir”. Deputat digər məqama da diqqət çəkdi: “Antiterror əməliyyatlarından 2 ay ötüb və demək olar ki, bu müddət ərzində atəşkəsə nail olunub və atəşkəs rejimi pozulmur. Bu, Qərbi, daha çox Fransanı narahat edir. Çünki Rusiya regiondadır,Türkiyə nüfuzludur, Fransa isə bölgəyə Ermənistan vasitəsilə daxil ola bilmir. Məhz buna görə də silahlanma və digər vasitələrlə yeni bir münaqişə, silahlanma yaratmağa çalışırlar. Çünki onlar sülh istəmirlər. Azərbaycan olaraq sülh müqaviləsinin imzalanması prioritet istiqamətdir. Yox, əgər bunu Ermənistan istəmirsə, ən çox itirən də onun özü olacaq. Tənəzzül və geriləmə, daxili münaqişələr uzanıb gedəcək və siyasi məqsədlərə çatdırmaq üçün 1000 kilometrlərlə uzaqda olanlar onlara yerində yardımçı ola bilməyəcəklər,heç bunu istəmirlər də... Biz bundan çəkinmirik və son görüşlər və beynəlxalq tədbirlər də göstərdi ki, Azərbaycanın haqlı olduğunu dünya qəbul edir və başa düşürlər. Başa düşməlidirlər ki, biz əldə etdiyimiz suverenliyi, bərpa etdiyimiz ərazi bütövlüyümüzü qorumaq iqtidarındayıq və baş verə biləcək hər hansı bir münaqişə heç kimdən yan ötməyəcək...”

Fransanın qərəzli mövqeyi (Murad Özkalili, Məhəmməd Əsədullazadə) - ARB24  (Gündəm) - YouTube

 Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə isə bu fikirdədir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Qərbə “inteqrasiya” siyasəti regional sülhə deyil, destruktiv fəaliyyətlə davam edir: “Halbuki Avropa İttifaqı və Vaşinqton Ermənistan və Azərbaycan arasında vasitəçilik missiyasını yerinə yetirib, sülh müqaviləsinə töhfə verməli idi. Baş verən proseslərdən aydın olur ki, Qərb və İrəvan birgə tandem formalaşdırıb, regionda Azərbaycana təzyiq etmək, Ermənistanın "gündəmi" əsasında sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Bu “gündəm” beynəlxalq hüquqa zidd və Azərbaycanı güzəştə getmək planına malikdir. Baş nazir Nikol Paşinyan Avropa İttifaqının yarım hərbi müşahidə missiyasını ölkəsində yerləşdirməsi və onların sayının artırılması istiqamətində addımlar atması, Fransa və Hindistandan silahlar alması göstərir ki, bu ölkə sülhə hazır deyil". M.Əsədullazadə hesab edir ki, N.Paşinyanın “Sülh qovşağı” adı altında planı da məhz beynəlxalq müstəvidə Azərbaycana qarşı cəbhə açmağı hədəfləyir: “Ermənistanın bütün addımları sülhə deyil, hərbi təxribatlara yönəlib. Sərhədlərin delimitasiya və demarkasiyasında 1975-ci il xəritəsinə istinad etməsi, üçüncü tərəfin vasitəçiliyini irəli sürməsi, sadəcə, vaxt qazanmaq, silahlanmaqdır. Həmçinin Azərbaycanın anklav kəndləri ilə bağlı "barter" təklifi irəli sürür. Göründüyü kimi, Ermənistan rəhbərliyi Qərbin dəstəyini hiss edərək, Azərbaycana şərtlərlə çıxış edir. Belə olan təqdirdə təbii ki, sülh müqaviləsinin bağlanması mümkün olmayacaq". Ekspertin fikrincə, hərbi toqquşma Ermənistan tərəfindən mümkündür. Bu ölkənin silahlanması ona dəlalət edir: “Düşünürəm ki, Qərb regionunda sülhdə maraqlı deyil. Necə ki, Yaxın Şərqdə sülh istəmir, idarə olunan böhran yaradıb İsraillə Fələstin arasında. Ermənistan vasitəsilə Cənubi Qafqazda bunu edir”.

İl başa çatır, Ermənistan üçün ayrılan şans limiti də tükənməkdədir...

E.PAŞASOY,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR