İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan XİN-in axçi-sözçüsünə: Azərbaycan özü-özünə hücum edə bilməz!  

Ermənistan hökuməti Azərbaycanla sülhə hazır olduğunu bəyan eləməklə bahəm, bu sülhün sabotaj olunması üçün əlindən gələni əsirgəmir. Vaxtaşırı “stəkanda fırtına”lar yaradıb beynəlxalq diqqəti israrla “Qarabağda etnik təmizləmə” uydurmasına çəkməyə çalışır. Bu da növbəti “isti” fakt. Kapitulyant ölkənin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ani Bədəlyan bu gün X sosial şəbəkəsində görün nə çərənləyib.

Artıq tarixdə qalan “Qarabağ məsələsi”nin beynəlxalq mediada “işıqlandırılması”na toxunan axçi-məmur yazır: “2023-cü ilin sentyabr-oktyabrında beynəlxalq mediada Azərbaycanın təcavüzündən sonra Dağlıq Qarabağdakı vəziyyətə həsr olunmuş 1800-dən çox məqalə dərc olunub. Sentyabrda dünya mətbuatında mindən çox, oktyabrda isə 800-dən çox material dərc olunub. Nəşrlər öz vətənlərini tərk edən 100 mindən çox insanın hekayələrinə istinad ediblər” (Üslub saxlanılıb).

Ardı da var: “Azərbaycanın sentyabrda Dağlıq Qarabağa hərbi hücumundan və etnik təmizləmədən sonrakı vəziyyətin beynəlxalq səviyyədə obyektiv işıqlandırılmasını qeyd edə bilərik”.

Buna deyərlər “dütdülü” ilə özünə təsəlli. Məxsusi vurğulayaq: bu, hansısa radikal erməni müxalifətçisinin, revanşist-daşnakın yox, İrəvanın rəsmi mövqeyidir!

İş də ondadır ki, bir ölkə özü-özünə təcavüz eləyə bilməz. Bu, cəfəngiyatdır, hüquqi nihilizmdir. Azərbaycan suveren və adekvat dövlət kimi heç yerdə, heç kimə, dinc əhaliyə hərbi hücum-zad eləməyib. Yalnız nəzarətsiz ərazisindəki qanunsuz silahlı birləşmələri və Ermənistanın işğalçı ordusunun qalıqlarını zərərsizləşdirib. Vəssalam. Hansıları ki, 44 günlük müharibənin sonunda Putin tam məhv olmaqdan güclə xilas eləmiş, faktiki əlimizdən almışdı.

Məntiqlə kapitulyasiya sənədindən sonra onlar sağ qalmalarına şükür edib də təcili Qarabağdan rəd olub getməli idilər. Bunu 10 noyabr (2020) sənədinin 4-cü bəndi də tələb edirdi. Amma biz ötən müddətdə nə gördük? Separatçı ünsürlər şadlıqlarına şitlik elədilər. Ənənəvi sırtıqlaqlarına basıb, rusun arxasından bizə yenidən meydan oxumağa başladılar. Heyrətamiz həyasızlıqla “ikinci erməni dövləti” oyununa davam elədilər, Qarabağda səngərlər qazıb təzə “cəbhə xətti” çəkməyə girişdilər.

Odur ki, cavabımız nə olacaqdısa, o da oldu. Ən yüksək səviyyədə xəbərdarlıqlarımlz nəticə vermədiyindən sonuncu “dəmir qapazı” başlarına endirib məsələni birdəfəlik bitirdik...

Qayıdaq Ermənistan XİN rəsmisinin yuxarıdakı sayıqlamasına.

Nə demək “Azərbaycanın Dağlıq Qarabağa təcavüzü”, “hərbi hücumu”, “etnik təmizləmə”? Hansı “etnik təmizləmə”, hansı “Dağlıq Qarabağ”, hansı “təcavüz”? Təcavüz, hərbi hücum - bir ölkənin başqa dövlətə silahlı basqısına deyilir. Azərbaycan hansı tanınmış dövlətə və ya ölkəyə hücum edib ki?

Yenə prinsipial sual ortaya gəlir: Ermənistan rəsmilərinin “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” bəyanatlarına indi necə inanaq? Tanıyırsınızsa, beynəlxalq hüquqa sayğınız azacıq qalıbsa, onda Qarabağda qanunsuz dəstələrə qarşı antiterror tədbirləri reallaşdırmaq haqqımızı necə dana bilərsiniz? Azərbaycan öz ərazisində ikinci bir “dövlət”in”, ikinci “ordu”nun varlığına sonsuzadək dözümmü göstərməli idi?..

Ermənipərəstləri belə bezdirən “etnik təmizləmə” nağılına gəlincə, bunu da özünüzə saxlayın. Artıq dünya bu sərsəmləməni rədd eləyib. Dünya həmin dünya deyil, könüllü köçü ona “genosid” kimi sırıya bilməzsiniz? Ola bilsin Fransa və onun kimi 1-2 ölkə sırf öz maraqları və “xristian təəssübkeşliyi” naminə uydurma iddianı təsdiqləsin. Ancaq bu, qətiyyən beynəlxalq birliyin rəyi, mövqeyi demək olmayacaq! Necə ki, saxta “erməni soyqırımı”nı ABS daxil, 27 xristian ölkəsinin tanışması ilə erməni “yarası” məlhəm tapa bilmədi.

Görəsən eyni bataqlığa nə qədər girmək olar? Heç məlum heyvan bunu eləmir...

Siyasət şöbəsi,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR