Onlayn ictimai-siyasi qəzet
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanın iqtisadi potensialından istifadə imkanlarını məhdudlaşdırır.
Musavat.com xəbər verir ki, bu fikir Ermənistan Xarici Kəşfiyyat Xidmətinin hesabatında əksini tapıb.
Hesabatda qeyd olunur ki, Ermənistan ikincili sanksiyalara görə hər iki ölkə ilə iqtisadi əməkdaşlıqda ehtiyatlı davranır:
“Ermənistan Respublikası üçün mühüm iqtisadi çağırış bəzi ticarət tərəfdaşlarına, xüsusən də Rusiya Federasiyasına və İran İslam Respublikasına qarşı cari sanksiyalardır: bunun nəticəsində mövcud iqtisadi potensialımızdan istifadə ikinci dərəcəli risklərlə məhdudlaşır”.
Hesabat müəllifləri bildirirlər ki, “ikinci dərəcəli sanksiyaların sərtləşdirilməsi şəraitində Ermənistan iqtisadiyyatı yeni məhdudiyyətlərlə üzləşəcək”: “Biz hesab edirik ki, 2025-ci ildə Ermənistan iqtisadiyyatına potensial olaraq əhəmiyyətli təsir göstərə biləcək Rusiya və İrana qarşı sanksiyaların ləğvi və ya yumşaldılması ehtimalı azdır, ona görə də ikinci dərəcəli sanksiyaların doğurduğu risklər 2025-ci ildə də Ermənistan üçün aktuallığını qoruyacaq”.
Sənəddə deyilir ki, Rusiyaya qarşı davam edən sanksiyaların tətbiqi, Rusiya-Ukrayna münaqişəsi və digər mühüm amillər Rusiyada iqtisadi artımın ləngiməsi ehtimalını artırır və Ermənistan iqtisadiyyatı üçün də əlavə risklər yaradır.
BMT-nin hesablamalarına görə, Ermənistanın ÜDM-i 2024-cü ildə 6 faiz, Dünya Bankının proqnozuna görə 5,5 faiz artacaq. Ermənistanın 2024-cü il dövlət büdcəsində ÜDM-də 7 faiz artım nəzərdə tutulub.
Ölkənin hakimiyyət orqanları iqtisadi artımın 2025-ci ildə 5,1%-ə qədər yavaşlamasını gözləyir. Dünya Bankı 5 faiz, BMT 5,2 faiz, Avrasiya İnkişaf Bankı 5,5 faiz artım proqnozlaşdırır.
Musavat.com
23 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ