İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan və havadarlarının “humanitar böhran” şousu bitdi

Ağdam yolunun açılması “blokada”, “genosid” kimi cəfəng iddiaları sabun köpüyü kimi əritdi

Ermənistanın, Qarabağdakı xunta rejiminin “blokada”, “genosid” kimi cəfəng iddiaları sabun köpüyü kimi əriməkdədir. Düzdür, hələ də ermənilərin çirkli pulları ilə qidalanan çevrələr, senatorlar bu saxtakarlıqları tirajlamaqdan yorulmurlar, amma Azərbaycanın haqlı tələbləri addım-addım reallaşır və günün birində bütün sərsəm iddialara nöqtə qoyulacaq.

Bu mənada Ağdam-Xankəndi yolunun açılması şübhəsiz ki, Azərbaycanın qələbəsidir. Son 3 ay ərzində Azərbaycan bu yolun əhəmiyyətini həm Ermənistana, həm beynəlxalq ictimaiyyətə anlatmağa çalışdı. ABŞ-da keçirilmiş son görüşdə sentyabrın 1-dən paralel şəkildə yolların işə salınacağı razılaşdırılsa da, Qarabağdakı separatçıların qalıqları buna imkan vermədilər. ABŞ, Fransa kimi ölkələr isə razılaşmanın tələblərinin yerinə yetirilməsinə səy göstərmək əvəzinə, Azərbaycana çox ciddi təzyiq yolunu tutdular və yalnız Laçın yolunun açılmasını tələb kimi irəli sürməyə başladılar. Rusiyanın və Qızıl Xaçın yüklərinin bu yolla Xankəndinə yola düşməsi Azərbaycanın növbəti dəfə düz olduğunu, ona təzyiq etməyin mümkünsüz olduğunu hamıya göstərdi.

Beləliklə, Azərbaycan dövlətinin tələblərinə uyğun şəkildə Ağdam-Xankəndi yolu ilə yüklərin daşınmasına başlandı, bundan sonra Laçın yolu ilə də yük maşınının keçidi təmin edildi. Qarabağdakı terrorçuların, Ermənistanın buradakı tör-töküntülərinin 19 sentyabrdakı növbəti şərəfsiz, xain hücumu, insan itkilərinə səbəb olan terroruna lazımi cavablar verilir və davamı olacaq. Amma paralel şəkildə Azərbaycan dövləti mülki əhaliyə xətər yetirmək niyyətində olmadığını bəyan edib, rəsmi qurumlar bu barədə açıqlamalar yayıblar. Məqsəd Azərbaycan ərazisində yaşayan dinc əhalini milliyyətindən asılı olmayaraq, terrorçu xunta rejiminin əsarətindən xilas etməkdir, bu barədə səsgücləndiricilər vasitəsilə də Xankəndi sakinlərinə müraciətlər edilir. Bu fakt bir daha sübut edir ki, Azərbaycanın nəinki erməniləri “genosid” etmək, hətta onlara hansısa humanitar problem yaşatmaq niyyəti də yoxdur. Əks təqdirdə, 3 həftədir Azərbaycanın unla dolu yük maşınları Ağdamda Əsgəran yolunun açılması üçün gözləməzdi. Azərbaycan haqlı olduğunu bir daha sübuta yetirdi və ermənipərəst çevrələri fakt qarşısında qoydu. İndi ABŞ, Fransa və bu sırada olan digər ölkələr nə vəziyyətdə qaldıqlarını başa düşürlərmi? Azərbaycanın qətiyyətli addımlarına qarşı təxribatlar ola bilərmi?

Ermənişünas alim, professor Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, kimsənin, hansısa ölkə və ya beynəlxalq təşkilatın tutduğu mövqedən asılı olmayaraq Azərbaycanın özünün doğru bildiyi gerçəklər var: “Ardıcıl şəkildə o yolu getməklə uğur əldə etməyin mümkün olduğunu Azərbaycan dəfələrlə sübut edib. Bu dəfə də Azərbaycan öz ərazisində haradan yol verəcəyini özü müəyyənləşdirdi. İndi Xankəndi -Ağdam yolu müzakirə mövzu olmaqdan çıxdı. Bununla paralel Laçın-Xankəndi yolunun da hansı statusla işləyəcəyini dirəniş göstərənlər qəbul etmiş oldular. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bütün problemlərin həllinin məhz Azərbaycan dövlətinin iradəsindən asılı olduğunu Amerikası da , Fransası da gördü. Arxasına bu dövlətləri alan və onların maraqları doğrultusunda hərəkət edən Ermənistan bundan sonra da təxribatlar törədəcək, sülh müqaviləsini uzatmağa çalışacaq”. Q.Çaxmaqlı qeyd etdi ki, oktyabrın 5-də Qrenadada görüşə Ermənistan sülh müqaviləsi mətni ilə getmir: “Bunu Paşinyan deyir. O zaman bu görüşün nə mənası var? Qarşıdakı günlərdə Azərbaycana qarşı yeni təzyiqlərin olacağını istisna etmirəm. Qərb Azərbaycanın əli ilə Rusiyanı bölgədən çıxarmaq cəhdlərində bulunacaq. Amma bunlar bir nəticə verməyəcək”.

Politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra regionda yeni bir nizam yaradıb: “Bu, sülhə və təhlükəsizliyə xidmət edir. Amma Ermənistan tərəfi Qarabağa iddialar və burada separatçıları dəstəkləməyi davam etdirdi. Təbii ki, Azərbaycan buna imkan verə bilməzdi. Laçın yolunda nəzarət buraxılış məntəqəsinin qurulması Ermənistanın iddialarına və separatizmə böyük zərbə vurdu. Ermənistanın və separatçıların Laçın yolunun əvvəlki vəziyyətinə, silah-sursat daşımaq üçün başlatdığı humanitar souya Fransa və digər ölkələrdə müəyyən dəstək versələr də, nəticədə bunun heç də belə olmadığını Azərbaycan sübut etdi. Məhz Azərbaycan daima Laçın yolunun humanitar məqsədlər üçün açıq olduğunu deyirdi və mülki ermənilərin giriş-çıxışının təmin edildiyi də ortada idi. Təbii ki, burada siyasi məqsədlər güdülürdü. Ancaq Azərbaycan ona imkan vermədi. Ağdam-Xankəndi yolunun açılması Azərbaycanın buradan "Qızıl Xaç"a məxsus yüklərin keçidini həyata keçirməsi, həmçinin paralel olaraq Laçın yolundan istifadə Azərbaycanın siyasi qələbəsidir". Politoloqun fikrincə, ABŞ və Fransanın mövqeyi demək olar ki, Azərbaycanın prinsipial siyasəti nəticəsində fiaskoya uğrayıb: “Azərbaycan özü daxili işini müəyyən edir və heç bir ölkə bu məsələyə qarışa bilməz. Separatçıların "dövlət naziri" təyin etmək oyunları da nəticə verməyəcək. Görünür, hələ də Ermənistan və Fransa dəstəyini nümayiş etdirir. Ağdam-Xankəndi yolunun açılması göstərir ki, Azərbaycan reinteqrasiya siyasətini uğurla davam etdirəcək. Xankəndidə separatçılar və silahlı dəstələr demək olar ki, axırlarını yaşayırlar. Azərbaycan öz ərazisində "boz zona"nın qalmağına dözümlü yanaşmayacaq".

Qeyd edək ki, ABŞ Dövlət katibi Entoni Blinken Ağdam-Xankəndi yolunun açılmasına reaksiya verib. “Birləşmiş Ştatlar bu gün həm Laçın, həm də Ağdam yolları ilə Qarabağa mühüm humanitar yüklərin daşınmasını alqışlayır”, - Blinken özünün X sosial şəbəkə hesabında bildirib.

Azərbaycan məsələlərin dinc tənzimlənməsi üçün əlindən gələni etdi, hətta 44 günlük müharibədə qalib olduğu halda, yenə də qarşı tərəfin təxribatlarına təmkinli reaksiyalar göstərdi. Ancaq görünür, artıq bıçaq sümüyə dirənib. Biz yolları açdığımız, bərpa etdiyimiz halda, bizə qarşı alçaq terrora əl atanlarla danışmağın heç bir mənası qalmadı. Bəli, bu qədər təzyiqlərə rəğmən, Ağdam-Xankəndi yolunun açılması Azərbaycanın qələbəsidir. Amma düşmən və havadarları bu qələbəni həzm edə bilmədi, son terror aktları da bunun nəticəsidir. Cavablarını alacaqlar!

Allah Ordumuzu qorusun!

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR