Onlayn ictimai-siyasi qəzet
"Bələdiyyələrin birləşdirilməsi ilk növbədə idarəetmənin səmərəliliyini artırmaq məqsədindən irəli gəlir. Kiçik və zəif idarəetmə potensialına malik bələdiyyələr müstəqil şəkildə effektiv fəaliyyət göstərə bilmədikdə, onların birləşdirilməsi resursların daha düzgün bölüşdürülməsi və güclü idarəetmə strukturunun qurulması ilə nəticələnir".
Bu fikirləri Musavat.com-a millət vəkili Razi Nurullayev bildirib. O qeyd edib ki, bu yanaşma maliyyə və kadr resurslarının konsolidasiyasına imkan yaradır, əhaliyə göstərilən xidmətlərin keyfiyyətini artırır və daha böyük iqtisadi layihələrin icrasını mümkün edir: "Həmçinin əhali sıxlığının az olduğu bölgələrdə mövcud bələdiyyələrin fəaliyyətinin davam etdirilməsi məqsədəuyğun olmadığından, birləşmə daha rasional bir həll kimi qiymətləndirilir. Seçki ərəfəsində bələdiyyələrin birləşdirilməsinin də müsbət təsirləri ola bilər. Seçki ərəfəsində bələdiyyələrin birləşdirilməsi həm seçki prosesinin təşkili, həm də idarəetmənin gələcək səmərəliliyi baxımından müsbət təsirlər yarada bilər.
İlk olaraq seçki məntəqələrinin sayı və idarəetmə strukturu optimallaşdırılaraq resurslara qənaət təmin edilir. İkinci olaraq, yeni yaradılmış birləşmiş bələdiyyələr daha geniş ərazini və seçici kütləsini əhatə etdiyi üçün ictimai maraqların təmsil olunması güclənir. Bundan əlavə, bu addım idarəetmədə islahatların həyata keçirilməsinə və daha genişmiqyaslı iqtisadi-sosial layihələrin reallaşdırılmasına imkan yaradır. Beləliklə, birləşmə həm mövcud resursların effektiv idarə olunmasını təmin edir, həm də gələcək inkişaf üçün zəmin yaradır".
Nigar HƏSƏNLİ,
Musavat.com
16 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ