Onlayn ictimai-siyasi qəzet
İrəvan sülh sazişi istəsəydi, konstitusiyaya düzəliş edərdi və Aİ missiyasını regiondan çıxarardı
Ermənistan sülhə hər an hazır olduğu bəyan edir. Lakin sözdən əmələ gəldikdə, sülh prosesini pozan hərəkətlərə yol verir. Sonuncu belə destruktiv addım yenə Avropa Birliyinin sifarişi ilə oldu: yanvardan quruma sədrlik edəcək Polşanın prezidenti Andjey Duda Arazdəyənə gələrək sərhədimizdə “binokl şou”su göstərdi.
Onun sərhəddə nəyi müşahidə etdiyi aydın deyildi. Aydın olan isə bu addımların kövrək sülh prosesinə xələl gətirməsidir. Çünki regionda gedən strateji rəqabət sülh müqaviləsinin imzalanması imkanlarını azaldır. Bu da Ermənistanın sülh əleyhinə olduğunun sübutudur. Əgər İrəvan sülh əleyhinə olmasaydı, bu gün tələb edilən iki mühüm şərti yerinə yetirərdi - konstitusiyaya düzəliş və Aİ missiyasını regiondan çıxarmaq. Bu iki tələb yerinə yetirilmədiyi üçün Ermənistanın sülhə qarşı çıxdığı görünməkdədir.
Aqşin Kərimov
Eyni zamanda bura silahlanmanı əlavə etmək olar. Ermənistan bunu öz hərbi potensialını yaxşılaşdırmaq kimi təqdim edir, lakin Qərbdən aldığı stimul revanş üçün həvəsləndirir. Siyasi təhlilçi Aqşin Kərimova görə, Fransa bu yol xəritəsini inkişaf etdirmək üçün Hindistanın da Ermənistana dəstəyini gücləndirici mexanizm kimi nəzərində saxlayır: “Beləliklə, Fransa-Hindistan-Ermənistan dostluğu və əməkdaşlığını strateji olaraq dərinləşdirmək Cənubi Qafqazda təhlükəsizliyi, sülh mühitini şikəst etmək naminə təsnifatlandırılır. Regionda Hindistanın əsasən Çin, üzdə görünən tərəfdə isə Pakistan, Fransanın isə arxa səhnədə Böyük Britaniya ilə rəqabətində Ermənistan "əlamətdar" kompensasiyaedici faktor kimi çıxış edir. Yəni Ermənistan həm Fransanın, həm də Hindistanın xidmətində durmaqla Azərbaycana qarşı mümkün hərbi təxribatlar zamanı təhlükəsizlik zəmanətləri almağa həvəslənir. Bunun müqabilində Fransa da, Hindistan da Ermənistandan kəşfiyyat məlumatları alıb və ya İrəvana kəşfiyyat informasiyaları ötürüb dominant oyunçu olmağa şirniklənirlər".
Təhlilçinin sözlərinə görə, bununla belə, Azərbaycan Ermənistan üçün açıla biləcək strateji nöqtələri dondurur, üstəlik, strateji müttəfiqi Türkiyə və tərəfdaşları ilə əməkdaşlıqları genişləndirir: “Azərbaycanın Ermənistanın təxribat siyasətinə qarşı əsas güclərindən biri də onun hərbi arsenalıdır və sərhəddə strateji məntəqələri nəzarətdə saxlamasıdır. Bu mənada Ermənistanın Azərbaycana qarşı güclü hərbi-siyasi alətlər əldə etməsi müşkülə çevrilir, üstəlik, İrəvan həm də Bakı ilə Fransanın rəqabətinin arasında sıxılır. Azərbaycan Fransa ilə əlaqələrinin pisləşməsi bahasına olsa da, özünün strateji və təhlükəsizlik maraqlarını qoruyaraq Parisin də işini çətinləşdirir. Çünki Fransa Azərbaycanın müttəfiqlik arealının genişlənməsini və hərbi qüdrətini gücləndirməsini, regiondakı dinamikalarda əsas hərəkətverici qüvvə olduğunu dərk edir. Lakin Fransa hələ də Azərbaycan əleyhinə diqqətçəkən nümunələr axtarır və hesab etmək olar ki, Paris bu axtarışlarını kəşfiyyat səhnəsinə sıçratmaq üçün müxtəlif üsullar arayır”.
Ehtiram Mehdiyev
Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyevin fikrincə, 2024-cü il sülh sazişi üçün itirilmiş təqvim oldu, lakin proses bu il inkişaf etdirildi: “Ən azından ikitərəfli modeldə danışıqlar davam etdi, delimitasiya üzrə əsasnamə ratifikasiya olundu, liderlərin görüşü keçirildi, sülh mətnini razılaşdırmaq üçün bir sıra irəliləyişlər əldə edildi. Ancaq təməl problemlər qalmaqdadır. Bu da Ermənistanın sülh əleyhinə atdığı addımlardan irəli gəlir. İrəvan avropalı kəşfiyyatçıları sərhədə doldurub və qızışdırıcı siyasət yürüdür, habelə, ərazi iddialarını qanunverici aktlarından çıxarmır. Buna görə də fundamental məsələlər həllini tapmadıqca, sülh sazişi yubanacaq. Çünki Paşinyan hakimiyyəti cəmiyyətə sülh mətnini təqdim edə bilmir. İqtidarın fikrincə, bu, təslimçilik aktı kimi dəyərləndirilə bilər”.
Hazırladı: Emil SALAMOĞLU
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ