Onlayn ictimai-siyasi qəzet
Ötən həftə Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün İngiltərədə işgüzar səfərdə olub. Səfər çərçivəsində Prezident İlham Əliyev 12 xarici dövlət və hökumət başçısı ilə görüş keçirib, Zirvə toplantısının açılış və bağlanış plenar sessiyalarında, enerji məsələlərinə həsr olunmuş dəyirmi masada iştirak edib, beynəlxalq əhəmiyyətli tədbirdə Azərbaycan reallıqlarını, rəsmi Bakının siyasi mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıb.
Təəssüf ki, Böyük Britaniya keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tutmayıb. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bununla bağlı mediaya açıqlamasında deyib ki, Avropa Siyasi İcmasının Londonda keçirilən görüşü çərçivəsində Ermənistanla Azərbaycan arasında görüşün keçirilməsi nəzərdə tutulub.
“Avropa Siyasi Birliyi”nə ev sahibliyi edən Böyük Britaniya tərəfindən belə bir görüşün keçirilməsi təklif olunub. Bunun Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutmuş görüş formatında olması təklif olunub. Amma Ermənistan tərəfi bundan imtina edib.
Bu günlərdə Şuşada keçirilən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Qlobal Media Forumunun açılış mərasimində iştirak edən Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziyasının aparıcısı Saynur Tezenin sualını cavablandırarkən, bir daha bu məsələyə diqqət çəkib. Bildirib ki, baş nazir N.Paşinyan onunla Böyük Britaniyada görüşməkdən imtina edib.
Prezidentin sözlərinə görə, bu görüşün keçirilməsi Britaniya hökumətinin təşəbbüsü olub: “Təklif o idi ki, bizim aramızda belə bir görüş keçirilsin, həmin Oksford tədbiri çərçivəsində. Ermənistan tərəfi bu təklifi rədd etdi. Biz buna çox təəccübləndik, çünki dörd ay bundan əvvəl Kansler Şolts Münxen şəhərində bənzər bir görüş təşkil etdi. O, görüşdə iştirak edirdi, 5-6 dəqiqə ərzində bizimlə bir yerdə oldu, sonra otağı tərk etdi. Detallar bu idi. Belə bir format düşünülmüşdü ki, o, giriş sözündən sonra otağı tərk etsin. Beləliklə, görüşümüz ikitərəfli qaydada davam etdi. Britaniya Hökuməti də eyni təklifi verdi. Görüşdə Britaniyanın Baş naziri iştirak edəcəkdi və sonra çıxacaqdı. Baş nazir Paşinyan bundan imtina etdi. Yəni, o, mənimlə danışmaq istəmirsə, hansı sülh sazişindən söhbət gedə bilər. O, Britaniyanın Baş naziri ilə danışmaq istəmirsə, Londona və Oksforda niyə səfər edirdi? Yəni, bir sıra məsələlərdə çox ciddi ziddiyyət var”.
Prezident İ.Əliyevin, eləcə də onun köməkçisinin səsləndirdiyi fikirlərdən aydın olduğu kimi, Ermənistanın baş naziri N.Paşinyan Londonda Azərbaycan dövlət başçısı ilə Londonda bir araya gəlməkdən, bununla da sülh gündəliyini irəli aparmaqdan, dialoqdan geri çəkilib. Maraqlıdır, buna səbəb nədir? Ermənistan daxilində tez-tez sülh bəyanatları verən, Azərbaycanla ən qısa zamanda sülh sazişini imzalamağa hazır olduğunu bəyan edən N.Paşinyan əsl gerçəklikdə sülhdən, dialoqdan niyə yayınır?
Mövzu ilə bağlı Medianews.az-a danışan polotoloq İlyas Hüseynov bildirib ki, Avropa Siyasi İcmasının Londonda keçirilən IV zirvə toplantısında Avropa məkanında cərəyan edən ən qlobal proseslərin müzakirəsi və yaranan çətinliklərdən çıxış yolları masaya yatırılıb. Onun sözlərinə görə, adətən bu zirvə toplantılarında müxtəlif aspektləri əhatə edən məsələlər müzakirə olunur və bu xüsusda Cənubi Qafqazda sülh, təhlükəsizlik, etimad atmosferinin gücləndirilməsi üçün təşəbbüslər irəli sürülüb: “Böyük Britaniyanın təklifi ilə Azərbaycan və Ermənistan liderləri arasında görüşüm keçirilməsi təşəbbüsü də bu sıradandır. Lakin, Ermənistanın baş naziri Nikol Paşinyan bu görüşdə iştirak etməkdən imtina edib. Bu imtinanın arxasında müxtəlif səbəblər ola bilər. Zənn edirəm ki, Böyük Britaniyanın hazırkı baş naziri ilə Ermənistan tərəfinin təmaslarının olmaması, əlaqələrinin sual altında qalması bu görüşün baş tutmama səbəbi kimi İravan tərəfindən dəyərləndirilə bilər”.
Politoloq Ermənistan üçün Fransanın vastəciliyinin daha çox önəmli olduğunu bildirib: “Ermənistan üçün belə görüşlərdə Fransa prezidenti Emmanuel Makronun iştirakı arzu olunandır. Bu zaman isə masaya başqa narrativlər yatırıla bilərdi. Ermənistanın bu görüşdə iştirak etməməsinin səbəbkarı kimi Rusiya da nəzərdən keçirilə bilər. Lakin, nəzərə alaq ki, bu gün Ermənistan siyasi rəhbərliyi daha çox Qərbə meyl edir. Amma istənilən halda Nikol Paşinyandan hər şey gözləmək olar. Bütün hallarda görüşün baş tutmaması sülh gündəliyini zədələyir və konstruktiv əməkdaşlıq formatlarının yaranmasına qarşı çıxır. Əgər görüş baş tutsaydı, biz daha pozitiv məqamları qeyd edə bilərdik. Nikol Paşinyan burada öz cəsarətsiz siyasi simasını bir daha göstərir, danışıqlarda iştirak etməməklə sülhdə maraqlı olmadığını vurğulayır. Qarşıdakı dövürdə məhz bu cür əldə olunan qənaətlərə görə, Azərbaycan diplomatiyası addımlar atmalıdır. Bizim daha çox sülhdə maraqlı olduğumuz bəyan olunmalıdır. Bu çağrışlar dünya ictimayyətinin diqqətinə çardırılmalıdır”.
Siyasi şərhçi Aqşin Kərimov isə Medianews.az-a açıqlamasında bildirib ki, Londonda keçirilən “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısı çərçivəsində Ermənistan baş naziri N.Paşinyanın Azərbaycan Prezidenti İ.Əliyevlə görüşdən imtinası erməni hökumət başçısının Fransanın təlimatları və direktivləri ilə hərəkət etməsi ilə əlaqədardır. Onun qənaətincə, rəsmi İrəvanın bu addımı Böyük Britaniya Ermənistan münasibətlərinə təsirsiz ötüşməyəcək: “Avropa Siyasi Birliyi” Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın bir araya gəlməsi nəzərdə tutulsa da erməni hökumət başçısının imtinası səbəbindən bu görüş baş tutmayıb. Ermənistanın bu reqlamentdən yayınması Böyük Britanıyanın da “damarlarına” toxunan akt kimi qiymətləndirilir. Ən azından ona görə ki, Böyük Britaniya Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçirilməsi barədə təşəbbüslə ilk dəfə çıxış edirdi. Londonda baş verən proseslər bir daha nümayiş etdirir ki, Ermənistan Böyük Britaniyanın rəqibi Fransanın təlimatları və direktivləri ilə hərəkət edir. Böyük Britaniya üçün Nikol Paşinyanın görüşdən imtina etməsi onun Ermənistanla münasibətlərinə təsir edə bilər”.
Siyasi şərhçi vurğulayıb ki, rəsmi London Azərbaycan-Ermənistan münasibətləri kontekstində Bakıya dəstək mexanizmlərini işə salıb, bunu daha da irəliyə aparmağı qarşısına məqsəd qoyub: “Gözlənilən görüşdən imtina edilməsi Böyük Britaniyanın “tərəzisində” Azərbaycanın çəkisini daha da ağırlaşdıra bilər. Bununla da London-Bakı münasibətlərində yeni strateji imkanlar yaranar. Görüş məkanı kimi məhz Londonun seçilməsi böyük gesosiyasi oyunlarda və mənzərədə sülh gündəliyinə təsir edəcək yeni imkanlar yarada bilərdi. Lakin Ermənistan bu imkanları əlindən buraxmaqla Azərbaycana qarşı olan qüvvələrin təsiri altında hərəkət etdiyini, onların təlimatlarını yerinə yetirdiyini növbəti dəfə sübut etdi. Buna görə də Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyi aparıcı xəttə olsa belə, İrəvanın gələcəkdə bundan hər hansı formada yayınma ehtimalı fonunda həmin sülh proqramı zədələnə bilər”.
A.Kərimov onu da əlavə edib ki, artıq Böyük Britaniya Cənubi Qafqazın lideri və Mərkəzi Asiyanın təhlükəsizliyində mühüm rol oynamaq istəyən Azərbaycanla işləməyi prioritetlərı sırasına daxil edib: “Böyük Britaniya Azərbaycanın regional güc olmasına diqqət yetirir, onun Ukraynadakı müharibə fonunda yaranan xaotik beynəlxalq nizamda artan oyunçuluq qabiliyyətini yüksək qiymətləndirir. Eyni zamanda Azərbaycanın Çinlə əməkdaşlığını yönləndirmək də Böyük Britaniyanın hədəfləri sırasındadır. London bu strategiyalarına nail olmaqdan ötrü Avropa Siyasi Birliyinin Zirvə sammitində İlham Əliyevlə Nikol Paşinyanın görüşünü açıq təşəbbüskarlıqla dəstəkləyirdi. Amma Ermənistanın görüşdən imtinası Londonun İrəvanla əlaqəli siyasətindəki mülayimliyi məhdudlaşdıracaq. Bu imkan verəcək ki, Azərbaycanla Böyük Britaniya geosiyasi və təhlükəsizlik sahəsindəki əməkdaşlıqlarını daha faydalı şəkildə yenidən qursun. Bakıda keçiriləcək COP29 tədbiri fonunda Bitaniyanın “yaşıl gündəliklə” Azərbaycana perspektiv üçün böyük ölçülü dəstəkləri nümayiş oluna bilər. Əgər bir ümumiləşdirmə aparsaq, Böyük Britaniya qlobal idarəçilikdə mühüm rol oynamaq iddialarını Azərbaycan üzərindən güc mərkəzkərinə göstərir. Londonun srategiyası Ukraynadakı müharibənin təhlükəli geosiyasi təsirlərini azaltmaq naminə Azərbaycanın potensialından yararlanması üçün ortaya qoyacağı strateji yanaşmalara əsaslanır. Azərbaycanın yaşıl enerji ixracı üçün arsenalını qüvvətləndirməsi Londonun qlobal siyasətdə Azərbaycanın gündəliyinə əhəmiyyətli dəstəyinə gətirib çıxaracaq”.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ