İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan seçim etməlidir: Ya sülh və “Qafqaz evi”, ya da “Dəmir Yumruq”

Azərbaycan erməni separatizminə son qoydu və bununla ərazi bütövlüyünü təmin etdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində iki vacib məqama toxunub. Birincisi, cənab Prezident separatizmə son qoyan lokal xarakterli anti-terror tədbirlərindən sonra Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün zəmin yaradıldığını bildirib. İkincisi, Cənab Prezident lokal xarakterli antiterror tədbirlərindən sonra bölgədə yaranmış yeni reallıqlar fonunda “Qafqaz evi” ideyasının gerçəkləşməsi zərurətini vurğulayıb.

Dövlət başçısı “Qafqaz evi” ideyasını 44 günlük müharibədən sonra bir neçə dəfə səsləndirib. Azərbaycan Prezidenti iki il əvvəl “CNN-Türk” telekanalına müsahibəsində Cənubi Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistan arasında üçtərəfli əlaqələrin yaradılması üçün ilkin addımlar atılmasına hazır olduğunu bildirmişdi. Gürcüstan bu ideyanı dəstəkləyərkən, Ermənistan yenə “ənənəvi” siyasətinə sadiq qaldı, sülh və əməkdaşlıq əvəzinə təxribatları davam etdirdi. Ermənistan keçmişdə də “Qafqaz evi” ideyasının reallaşmasını əngəlləyərək qonşularına qarşı ərazi iddialarını üstün tutmuşdu. Ermənistanın qazancı nə oldu? On minlərlə insan həlak oldu, xalqımıza qarşı Xocalı və digər qətliamlar törədildi və sonda məğlub oldular. Cənab İlham Əliyev 44 günlük müharibədən sonra Ermənistana həm sülh sazişini imzalamağı, həm də Cənubi Qafqazın 3 ölkəsinin bölgədə sülh və əməkdaşlıq quruculuğuna başlamasını bir neçə dəfə təklif edib. İrəvandan hələ ki, cavab yoxdur.

Cənab Prezident “CNN-Türk” telekanalına müsahibəsindən bir il sonra “Qafqaz evi” təklifini yenə təkrarlayıb. Ötən il oktyabr ayının 24-də Prezident İlham Əliyev qonşu Gürcüstan Respublikasına işgüzar səfəri zamanı “Qafqaz evi” ideyası fikrinə bu sözlərlə qayıdıb:

“Biz hesab edirik ki, Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasınlar. Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Tiflisdə Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrə başlaması haqqında fikir mübadiləsi apardıq. Əgər Ermənistan tərəfi buna hazırdırsa, biz buna hazırıq”. Dövlət başçısı bu açıqlaması ilə Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması baxımından Azərbaycan-Gürcüstan-Ermənistan, yəni üçlü formatda vahid müzakirə platformasının yaradılmasının vacibliyini qeyd etmiş oldu. Gürcüstanın Baş naziri cənab İrakli Qaribaşvili Azərbaycan Prezidentinin təklifini dəstəkləyib.

Bölgə əməkdaşlığı ilə bağlı başqa təklif də var: 3 (Azərbaycan, Gürcüstan, Ermənistan) + 3 (Türkiyə, Rusiya, İran). Azərbaycan bu ideyanı da dəstəkləyir, sadəcə Gürcüstanın Rusiya ilə diplomatik münasibətləri olmadığına, o cümlədən İrandakı dairələrin Azərbaycanın müstəqil siyasəti və Zəngəzur dəhlizi əleyhinə açıqlamalarına son vermədiklərinə görə 3+3 formatını indiki şərtlər altında həyata keçirmək çətindir. Cənab Prezidentin irəli sürdüyü “Qafqaz evi” ideyasını reallaşdırmaq isə mümkündür, sadəcə bunun üçün Ermənistanın Azərbaycanla sülh sazişi imzalaması vacibdir. Xalqa müraciətində “Azərbaycanın və Ermənistanın öz aralarında olan məsələləri tənzimləyəcəyi gün uzaqda deyil, sülh müqaviləsi imzalanacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar” deyən Cənab İlham Əliyev faktiki bölgə ölkələrinin “yol xəritəsi” üzərində çalışmalara başlamasının zərurətini xatırladıb.

Əlbəttə, Cənubi Qafqaz mürəkkəb bölgədir, müharibələr, ərazi iddiaları, itkilər – bunlar hamısı yaxın tarixdə baş verib və unudulmayacaq. Buna baxmayaraq, bölgədə əmin-amanlığın bərpası, sülhün təsisi əməkdaşlıqdan keçir. Bunu Ermənistanda anlamalıdırlar, ancaq hələ ki, İrəvan küçələrində və meydanlarda yenə separatizmə dəstək və ərazi iddiaları çağırışları eşidilir. Azərbaycan ərazisində separatizm bitdi, kökü kəsildi, bir daha baş qaldırılmasına imkan verilməyəcək, bunu anlamaları lazımdır. Azərbaycanın güclü ordusu və modern hərbi texnikası var, hərbi xərcləri artır, Qarabağın tamamı nəzarətimiz altındadır – bu reallıqdır. Cənab İlham Əliyevin Ermənistana 5 prinsip əsasında təklif etdiyi sülh sazişi və “Qafqaz evi” ideyası Ermənistanın yeganə xilas yoludur. Ermənistandakı militarist qüvvələr reallığı qəbul etmək əvəzinə yenə təxribat yolunu seçəcəklərsə, Cənab Prezidentin dediyi kimi, qarşılarında “Dəmir Yumruğu” görəcəklər. Seçim Ermənistanındır: Ya “Qafqaz evi”, ya da “Dəmir Yumruq”...

1658135164_adil_aliyev_300920.jpg (79 KB)

Adil Əliyev, millət vəkili, Milli Məclisin sədr müavini

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR