Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, Avropa ilə Ermənistan arasında viza liberallaşması üzrə dialoqun başlanması qərarı verilib.
Millət vəkili Fazil Mustafa Musavat.com-a açıqlamasında prosesi belə şərh edib:
“Avropa ilə Ermənistan arasında viza liberallaşması üzrə dialoqun başlaması prinsip etibarilə bizim əleyhimizə deyil. Bu, Ermənistanın boşalmasına gətirib çıxara biləcək amillərdən biridir. Ermənistan bu prosesdən heç nə udmayacaq. Biz daha çox o məsələ üzərində durmalıyıq ki, Ermənistan prinsip olaraq bu sazişin imzalanmasından sonra əhalisini saxlamaqda çətinlik çəkəcək. Yaşayış şərtləri ölkənin boşalmasına səbəb olacaq. Bu, demoqrafik vəziyyətin dəyişməsinə gətirib çıxaracaq”.
Millət vəkili Aydın Mirzəzadə isə Musavat.com-a şərhində qeyd edib ki, Ermənistan və Avropa İttifaqı sıx inteqrasiya məsələlərinə son dövrlərdə ciddi surətdə diqqət edirlər.
Millət vəkili hesab edir ki, bununla Ermənistanı Avropanın bir hissəsinə çevirməyə və Avropa səviyyəsinə qaldırmağa ümid edənlər var:
“Hər iki tərəfin fikrincə, viza rejiminin ləğv edilməsi Ermənistana böyük investisiya axınına, biznes mühitinin yaxşılaşdırılmasına kömək etməlidir. Görünən odur ki, Ermənistanın qonşu dövlətlərlə, Azərbaycan və Türkiyə ilə diplomatik əlaqələrinin olmaması, onun dünya bazarına çıxışının məhdud olması heç də Ermənistanı investisiya üçün cəlbedici etmir. Onsuz da demoqrafik böhran yaşayan Ermənistan Avropa ilə viza rejimini ləğv etdikdən sonra əhalinin kütləvi surətdə həm yaşamaq, həm də işləmək üçün Avropaya köç etməsi gözlənilir. Bu da Ermənistanın mövcud problemlərini daha da gücləndirməlidir.
Ermənistan rəhbərliyi və Avropanın müəyyən dairələri başa düşməlidirlər ki, Ermənistanı ağır vəziyyətdən ancaq qonşu dövlətlərlə yaxşı münasibətlər çıxara bilər. Azərbaycan və Türkiyənin ərazi bütövlüyünün tanınması, ərazi iddiasının konstitusiyadan çıxarılması inkişaf üçün yaxşı imkanlar yarada bilər. Eyni zamanda Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələrin yaranması Ermənistan əhalisinin sosial vəziyyətini yaxşılaşdıra bilər. Ancaq Ermənistan Azərbaycanla sülh danışıqlarını bacardığı qədər uzatmağa, süni problemlər yaratmağa çalışır. Nəticənin isə ilk növbədə Ermənistan üçün bir çox sahədə daha da dərin problemlər yaradacağı gün kimi aydındır”.
Nigar HƏSƏNLİ,
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ