Onlayn ictimai-siyasi qəzet
Ermənistanda "Amulsar" mədəninin inkişafına investisiyalar 750 milyon ABŞ dolları məbləğində qiymətləndirilir.
Bu barədə Ermənistan KİV-ləri İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Bu vəsaitin 250 milyon ABŞ dolları tikintinin tamamlanması və mədənin istismarına başlanması üçün nəzərdə tutulub.
Mədənin təsdiqlənmiş ehtiyatları 73 ton qızıl və 294 ton gümüş təşkil edir. Son məhsul "dore" - qızıl və gümüş ərintisi olacaq. Qızılın cari bazar qiymətlərinə əsasən, istismar dövründə illik vergilər və royalti 120 milyon ABŞ dollarını keçəcək.
Qeyd edək ki, ötən ilin dekabrında layihənin operatoru – "Lydian Armenia" öz səhmlərinin 12,5 %-ni Ermənistan hökumətinə əvəzsiz olaraq bağışlayıb. "Lydian Armenia" yaxın aylar ərzində "Amulsar" mədənində əsas obyektlərin tikintisini başa çatdırmağı və 2025-ci ilin 4-cü rübündə isə filiz hasilatına başlamağı planlaşdırır.
"Amulsar" Ermənistanda qızıl ehtiyatlarına görə ikinci yataq hesab olunur. O, ölkənin cənub-şərqində, Cermuk şəhərindən 13 km məsafədə yerləşir./Report
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ