Onlayn ictimai-siyasi qəzet
Ermənistan bu ay ərzində artıq neçənci dəfədir ki, atəşkəsi pozur. Müdafiə Nazirliyinin yaydığı son məlumata görə, avqustun 28-i saat 06:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Təbii ki, bütün hallarda olduğu kimi, indi də Ordumuz adekvat tədbirlər görüb, qarşı tərəf susdurulub.
Lakin maraqlı olan budur ki, nə üçün Ermənistan davamlı olaraq məhz Naxçıvanı hədəfə alır, oradakı mövqelərimizi atəşə tutur? Bununla rəsmi İrəvan nəyə nail olmağa çalışır?
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Ərəstun Oruclu bildirib ki, Azərbaycan-Ermənistan münasibətlərindəki mövcud gərginlik yaxın zamanlarda sülh müqaviləsinin imzalanmayacağını göstərir.
Onun sözlərinə görə, iki ölkə arasında sülh sazişi bu mövzu daha çox aktual olduğu dövrdə imzalanmalı idi: “Çünki tərəflər bununla üzərlərinə təhlükəsizlik öhdəlikləri götürmüş olardılar, amma bu, baş vermədi. Rusiya, İran başda olmaqla, bunu istəməyən qüvvələr var. Bu məsələdə yeganə maraqlı tərəf Türkiyə olub. Lakin hər bir halda alınmadı. Proses Ermənistanın özünə yeni müttəfiqlər tapmasına gətirib çıxardı. Hazırkı Ermənistan artıq 2020-2022-ci ildə olan ölkə deyil. Orada artıq hakimiyyət möhkəmlənib. Xüsusilə də İkinci Qarabağ müharibəsindən sonrakı sarsıntıdan sonra İrəvanın sabit xarici tərəfdaşları formalaşıb. Hər nə qədər paradoksal olsa da ABŞ, Fransa və digər Qərb ölkələri ilə yanaşı, rəsmi İrəvanın həmçinin İranla da yaxşı münasibətləri var. Rusiya ilə son dönəmlərdə soyuqluq olsa da bu ölkə Ermənistanın tərəfdaşlarından biridir. Yəni Ermənistan artıq çoxvektorlu xarici siyasət yürütməyə başlayıb. Təbii ki, belə bir şəraitdə ölkə özünü daha əmin, cəsarətli və güclü hiss edir. Bu, ilk növbədə sülh müqaviləsinin mümkünlüyünü aradan qaldırır. Vəziyyəti dramatikləşdirmək istəməsəm də yaxın illərdə sülh sazişinin imzalanacağını düşünmürəm”.
Ə.Oruclu söyləyib ki, Azərbaycan və Ermənistan hələ də müharibə şəraitindən çıxa bilmir. Politoloqun qənaətincə, bunun dərin səbəbləri var: “Təəssüf ki, müharibə, düşmən ritorikası siyasətdə vacib bir faktora çevrilib. Həm Azərbaycan, həm də Ermənistanda Rusiyanın çox geniş bir təxribatçı şəbəkəsi var. Hesab edirəm ki, təxribatlar Rusiyanın sifarişi ilə törədilir. Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərindən sonra təxribatların intensivləşməsi və yaxud həmin təhdidlərin olması haqqında məlumatların qabardılması onu göstərir ki, Bakı və İrəvan yaxın vaxtda sülh müqaviləsi imzalamayacaq. Qafqaz böyük güclərin döyüş məkanına çevrilib. Artıq Qafqaz uğrunda mübarizə gedir. Atəşkəsin pozulması haqqında yayılan məlumatlar sülh sazişinin bağlanacağı tarixədək davam edəcək”.
Ə.Oruclu Azərbaycanla Ermənistan arasında baş verə biləcək yeni müharibəyə də toxunub: “Azərbaycanla Ermənistan arasında birdəfəlik müharibə olacaq. Düşünürəm ki, bu dəfə hər iki ölkə arasında baş verə biləcək müharibənin miqyası daha böyük olacaq. Bu təhlükə isə kifayət qədər realdır”.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ