Onlayn ictimai-siyasi qəzet
Ermənistan bir il ərzində İranın Oman körfəzindəki Çabahar limanından istifadə etmək imkanının yaranacağına ümid edir.
Musavat.com xəbər verir ki, bu barədə Hindistanın “The Economic Times” qəzetinə müsahibəsində Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan bildirib. Onun sözlərinə görə, Çahabardan istifadə Hindistan bazarına, eləcə də digər Asiya ölkələrinə çıxışı təmin edəcək: “Biz Çabahar limanına qoşulmaq üçün danışıqlar aparırıq və ümid edirik ki, limana və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə qoşulma prosesi tezliklə başa çatacaq. Bu prosesin bir il ərzində başa çatacağına işarələr var".
Qeyd edək ki, bu ilin aprelində İrəvanda Ermənistan, Hindistan və İranın xarici işlər nazirliklərinin nümayəndələri ilə məsləhətləşmələr keçirilib və bu məsləhətləşmələrdə digər məsələlərlə yanaşı, regional nəqliyyat dəhlizlərinin inkişafı məsələləri də müzakirə olunub. Ermənistan “Dünyanın kəsişməsi” layihəsini irəli sürərək, regional layihələrə qoşulmağa çalışır. Bu layihə çərçivəsində İrəvan Asiyadan İran və Ermənistan ərazisindən keçməklə, Qara dəniz sahillərinə və daha sonra Avropa ölkələrinə mümkün çıxış yolu ilə nəqliyyat dəhlizlərinin yaradılması üzərində işləmək niyyətindədir.
Çabahar limanı İranın cənub-şərqində yerləşir, onun yük dövriyyəsi 2 milyon tondan artıqdır. İran onu Mərkəzi Asiya ilə ticarət əlaqələrinin əsas nəqliyyat qovşağı kimi inkişaf etdirməyə çalışır. Hindistanla 2018-ci ildə bağlanmış müqaviləyə əsasən liman ötürücülük gücünün artırılması şərtilə Hindistana icarəyə verilib. Lakin ABŞ sanksiyaları limanda hər hansı genişləndirmə işlərinin aparılmasını mümkünsüz hala gətirib. Rusiyanın Ukraynaya hücumundan sonra Moskvanın da dəstəyi ilə limanda təkmilləşdirmə işlərinin aparılması məsələsi müzakirə olunur.
Ermənistanın limandan istifadə etməsi üçün mövcud avtomobil yollarının ötürücülük gücü yetərli deyil. Ölkə 10 ildən artıqdır Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə qoşulmaq üçün zəruri olan avtomagistralın tikintisinə başlayıb, hələ işlərin yarısı belə görülməyib.
Son bir neçə ildə Ermənistan Hindistanla əməkdaşlığı inkişaf etdirir. 2022-ci ilin sentyabrında The Economic Times xəbər vermişdi ki, Yeni Dehli və İrəvan 244,7 milyon dollar dəyərində Hindistan silah və sursatını, o cümlədən “Pinaka” zenit-raket sistemlərini (MLRS) tədarük etməyə razılaşıblar.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ