İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan indi də ATƏT-i sərhədə çağırdı - Zatulin də üz döndərdi 

İrəvan Kremlə qarşı ATƏT-in sərhədə NATO üzvlərindən ibarət müşahidəçi yerləşdirməsini istəyir; Asim Mollazadə: “Ermənistanın hərəkətləri daha çox isterik xarakter daşımaqdadır”

Avropa İttifaqının müşahidəçi missiyası artıq Ermənistanda öz işinə başlayıb. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, missiya müvəqqəti xarakter daşıyır və iki aydan çox davam etməyəcək. Bunun ardınca isə indi də Ermənistan ATƏT müşahidəçilərinin sərhəddə gətirilməsi üçün fəaliyyətə keçib.

Ölkənin xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistan ərazisindən Ermənistan-Azərbaycan sərhədinə ATƏT müşahidəçilərinin göndərilməsi mövzusu müzakirə olunur. Mirzoyanın sözlərinə görə, Ermənistan hakimiyyəti ATƏT-ə müraciət edib ki, vəziyyətə nəzarət etmək üçün bu təşkilatdan Azərbaycanla sərhədə müşahidəçilər göndərilsin. Bundan əvvəl KTMT də Rusiya Prezidenti Vladimir Putinin təklifi əsasında sərhədə öz müşahidəçilərini göndərməyi təklif edib. 

12-13 sentyabr toqquşmasından sonra siyasi müstəvidə baş verənlər göz qabağındadr - Qərbin, xüsusilə Fransanın bölgəyə müdaxilə imkanlarının genişlənməsi, sərhədə “mülki missiya”nın gəlişi qərarı və s. İrəvanın sərhədin müəyyən edilməsi də daxil olmaqla, bölgədəki vəziyyəti öz xeyrinə dəyişməkdə olduğu görünməkdədir. Praqada qərar qəbul edilsə də, amma Rusiyanın “mülki missiya”nın Ermənistan ərazisinə gəlişinə reaksiyası, gözlənildiyi kimi, sərtdir. İndi də Ermənistan Rusiyaya qarşı daha bir təşkilatın - NATO üzvlərindən ibarət ATƏT-in də sərhədə müşahidəçi yerləşdirilməsini istəyir. Ermənistan Rusiyanın prosesə müdaxiləsinə qədər “beynəlxalq mexanizmlərin” yaradılmasını istəyir. Rusiya şərhçiləri baş nazir Nikol Paşinyanın sərhəddə beynəlxalq müşahidəçi bolluğu yaratmaq istəyinin Ermənistanın Azərbaycanla sərhədin delimitasiyasını və demarkasiyasını pozmaq niyyəti ilə izah edirlər.

Bəli, bu gün Azərbaycanla Ermənistan arasında dəqiq sərhəd yoxdur, sadəcə olaraq, təmas xətti var. Beynəlxalq müşahidəçilərin regiona gəlməsi ilə İrəvan mövcud status-kvonu, yəni Azərbaycan ərazisinin bir sıra hissələrinin Ermənistan tərəfindən davam edən işğalını qorumaq istəyir. Ermənistanın sərhəddə anti-Rusiya oyunları hətta ermənipərəst rusiyalıların da üzünü döndərib. Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr üzrə komitəsinin sədr müavini Konstantin Zatulin etiraf edib ki, son vaxtlar Paşinyan və tərəfdarları Rusiyaya düşmən münasibət sərgilədiyi üçün artıq İrəvana inamla bağlı problemləri yaranıb: “Qafqaz istiqamətində fəallaşan Qərb dövlətləri Rusiyanı tez bir zamanda vasitəçilik missiyasından sıxışdırmaq istəyirlər. Paşinyan, onun tərəfdarları və onu dəstəkləyənlərin Rusiyaya qarşı açıq, bəzi hallarda düşmən münasibəti bugünlərdə xüsusilə açıq-aşkar görünür. Bu isə o mənada problemlər yaradır ki, biz Ermənistan kimi müttəfiqə indiki iqtidarı ilə etibar edirik”.

Bütün bunlar onu göstərir ki, vəziyyət o yerə gəlib çatıb ki, hətta Zatulin belə Ermənistandan üz döndərir. Buna Moskvanın cavabı nə ilə olacaq? ATƏT də müşahidəçi missiyanı göndərə bilərmi?

Ümumiyyətlə, ATƏT-in Ermənistana missiya göndərməsinə ehtiyac yoxdur: “ATƏT-in missiya göndərməsi absurd addımdır və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına xidmət etmir. ATƏT-in özündə də daxildə bu missiya ilə bağlı yekdil fikir yoxdur və bu məsələ razılaşdırılmayıb. Üstəlik, Avropa İttifaqı missiya göndərirsə, ATƏT-ə nə ehtiyac var? ATƏT 30 il münaqişənin "sülh yolu ilə həlli" prosesi ilə məşğul olub. Bir dəfə işğal olunmuş ərazilərə missiya göndərməyib, fəaliyyəti yalnız 3 həmsədr və sədrin şəxsi nümayəndəsinin ezamiyyə pulları bölüşdürməsi, turist-qastrol səfərləri ilə kifayətlənib. ATƏT, ümumiyyətlə, heç bir münaqişənin nizamlanmasına töhfə verməyib. 30 il Ermənistan-Azərbaycan münaqişəsi ilə “məşğul olublar”, nəticəsi göz qabağında. 2014-cü ildən Ukraynadakı münaqişənin nizamlanması ilə “məşğul olublar” - bugünkü müharibə. Ona görə də Ermənistanın bu çağırışları mənasızdır, hətta müraciətinə ATƏT müsbət reaksiya versə belə, nəticəsi olmayacaq. İrəvanın edəcəyi tək tələb var - sərhədləri dəqiqləşdirək, sülh müqaviləsi bağlayaq.

Asim Mollazadə: Hərbi cinayətlər törətmiş cəlladlar məsuliyyətə cəlb  olunmalıdır - 27.05.2022, Sputnik Azərbaycan

Asim Mollazadə 

Deputat Asim Mollazadə “Yeni Müsavat”a açıqlamasında ironiya ilə qeyd etdi ki, Ermənistanın müşahidəçi cəlb etmək üçün növbəti müraciəti Marsdan, yaxud Aydan kimlərisə gətirmək olacaq: “Regionda əsas vəziyyət ondan ibarətdir ki, Ermənistan sülh istiqamətində zəruri addımlar atmaq istəmir, prosesi ləngidir. Ona görə bütün təşkilatlara, ölkələrə üz tutur ki, guya Azərbaycandan ona təhlükə var. Bu addımları atır, ancaq qısa sülh yolu keçmək istəmir. Ona görə İrəvanın hərəkətləri daha çox isterik xarakter daşımaqdadır və revanşist fikirlərini gerçəkləşdirməyə yönəlikdir. Baxın, Hindistandan, İrandan silahlar alırlar və Ermənistan yenidən müharibəyə hazırlaşır. Müharibə təbii ki, yaxında deyil, amma iqtidar daxili ictimai fikri bu istiqamətə yönəldir. Digər tərəfdən, onlar sülh sazişi ilə bağlı addımlar atmaqda diaspordan, hərbi cinayətkarlardan ibarət müxalifətdən qorxurlar. Beləcə Ermənistan oyunlar oynamaqdadır”. Hətta Zatulin kimi ermənipərəst rus deputatın da Paşinyanın antiKreml siyasətindən narazı qalmasına münasibət bildirən A.Mollazadə bildirdi ki, İrəvan xarici qüvvələrə bağlı olduğuna görə bir imperiya zəifləyəndə ondan qaçmağa çalışır: “Tarixən dəfələrlə belə olub. Osmanlı zəifləyəndə ermənilər ruslara tərəf qaçdı, indi Rusiya zəifləyib, özlərinə yeni sahib axtarırlar. Bu oyunlar göstərir ki, vaxtı uzatmağa çalışırlar. Beləliklə, görsünlər ki, Ukraynada hadisələr necə bitəcək, sahiblərinin vəziyyəti necə olacaq...”

Fuad Əliyev: Hamı eyni fikirləşə bilməz

 Fuad Əliyev 

ALDP sədri Fuad Əliyev hesab edir ki, Paşinyanın üz tutmadığı yer qalmayıb, bu da onun şakəridir: “Vətən müharibəsi gedəndə də bütün dünya liderlərinə zəng edərək bezdirmişdi. Guya bununla ordumuzu dayandıra biləcəkdi, sonra kapitulyasiyaya imza atmalı oldu. İndi də oxşar gedişlər edir, KTMT-yə müraciət ünvanlayır, görür səs çıxmır, Aİ və ATƏT-dən dəstək istəyir. Ermənistan rəy yaratmağa çalışır ki, onun suveren ərazilərinə guya müdaxilə var. Bununla müəyyən qədər istəyinə çatıb, 40 diplomat müşahidə aparacaq. Ancaq beynəlxalq ictimaiyyəti ayağa qaldırmaq, monitorinqlər, Qərbdən dəstək, kampaniyaçılıq problemi həll etməyəcək. Ortalıqda sənəd var, sərhədlər müəyyən olunmalıdır. Bunu etmək əvəzinə ATƏT-i də çağırırlar. Sözsüz ki, Paşinyanın bu fəaliyyəti Rusiyanı qane etmir. Ancaq Moskva təmkinlə prosesləri izləyir və nəzarətindən çıxmağa imkan verməməyə çalışır”. Partiya sədrinin sözlərinə görə, Ermənistan sərhəddə təxribatlar etməklə beynəlxalq aləmi üstümüzə qaldırmağa nisbətən müvəffəq ola bilib: “Amma biz Avropa İttifaqının Azərbaycana mülki missiya göndərməsinə razı olmadıq, ATƏT də istəyirsə, Ermənistana getsin. Onsuz da bu təşkilatın 30 il ərzində problemlərin həllinə zərrə qədər faydası olmayıb. ATƏT və onun Minsk Qrupu çoxdan ölüb, İrəvanın bu hərəkətləri onları diriltməyə hesablanıb”.

 Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR