İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan həqiqətən sülh istəyirsə, Azərbaycana qarşı şantaj kampaniyasını dayandırmalıdır – Azay Quliyev

ATƏT Parlament Assambleyasının (ATƏT PA) 23-cü qış sessiyasının ilk günündə siyasi və təhlükəsizlik məsələlərinə dair müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev qurumun Siyasi məsələlər və təhlükəsizlik ümumi komitəsinin iclasında Cənubi Qafqaz regionunda təhlükəsizlik vəziyyəti ilə bağlı iştirakçıları məlumatlandırıb. Bildirilib ki, Azərbaycan suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdikdən sonra Ermənistan və Azərbaycanın tezliklə sülh müqaviləsi imzalamaqla mehriban qonşuluq münasibətləri qurmaq üçün tarixi imkanlar yaranıb. Lakin Ermənistan tərəfinin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə bağlı bəyanatlarına baxmayaraq, bu, sözdən uzağa getmir. Hələ də sülh müqaviləsini siyasi maraqların girovu kimi saxlamaqda davam edən Ermənistanın yaratdığı ciddi maneələr var ki, onlar dərhal aradan qaldırılmalıdır.

Azərbaycan nümayəndəsi fikirlərini konkret faktlarla əsaslandırıb və bildirib ki, Ermənistanın istiqlal bəyannaməsi (23.08.1990) “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının Ermənistan SSR ilə Dağlıq Qarabağın birləşməsi haqqında Birgə Bəyannaməsi“nə (1 dekabr 1989-cu il) istinad edir. Həmçinin Ermənistan Konstitusiyasında bu istiqlal aktına birbaşa istinad var. Belə bir mövqe Ermənistan qanunvericiliyinin tərkib hissəsi olmaqla, əslində Azərbaycana qarşı ərazi iddiasıdır ki, onu da nəzərdən qaçırmaq olmaz.

Həmçinin bildirilib ki, beynəlxalq məhkəmə orqanlarına təqdim etdiyi rəsmi müraciətlərində Ermənistan bir-birinin ərazi bütövlüyünün tanınması üçün əsas sənəd kimi razılaşdırılan Almatı Bəyannaməsini qəbul etmədiyini aydın şəkildə ifadə edir və bununla da keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan Respublikasının ərazisi olması faktını şübhə altına alır. Bu mövqe Ermənistanın Azərbaycana qarşı Avropa İnsan Hüquqları Məhkəməsində, eləcə də Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddialarda da öz əksini tapıb. Bundan başqa, bu ölkənin Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində Azərbaycana qarşı ərazi iddiaları hələ də qalmaqdadır.

Azay Quliyev çıxışında Ermənistanın zəbt etdiyi Azərbaycan kəndlərinin (4 sərhəd kəndi və 4 anklav) qaytarılması məsələsindən yayındığını və bunu aktual olmayan müxtəlif məsələlərlə əlaqələndirməyə çalışdığını vurğulayıb. Eyni zamanda, deyib ki, Ermənistan Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yolla bağlı üçtərəfli bəyanat əsasında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırır: “Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək tələbinin Ermənistan ərazisindən keçən bu yolun ekstraterritoriyası ilə heç bir əlaqəsi yoxdur. Söhbət təhlükəsizlik və ölkəmizin bir bölgəsindən digərinə rahat keçid məsələsidir ki, bu da Ermənistanda azərbaycanlılara qarşı onilliklər boyu davam edən düşmənçiliyi nəzərə alaraq, gücləndirilmiş təminatlar tələb edir. Azərbaycan Ermənistanın nə suverenliyini, nə də Zəngəzur dəhlizi üzərində yurisdiksiyasını şübhə altına almır”.

Azərbaycan təmsilçisi sonda vurğulayıb ki, əgər Ermənistan həqiqətən sülh və barışıq istəyirsə, bütün bu maneələri aradan qaldırmalı, eləcə də Azərbaycana qarşı şantaj kampaniyasını dayandırmalıdır. Çünki bu, onsuz da kövrək olan sülh danışıqlarına böyük zərbə vurur və həll edilməmiş məsələlərin danışıqlar yolu ilə həllində Ermənistanın səmimiyyətini şübhə altına alır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR