Onlayn ictimai-siyasi qəzet
Erməni mediası hökumətin qərara gəlməsindən yazır
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirak etmək niyyətindədir. Bu barədə Ermənistanın “Hraparak” nəşri hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Baxmayaraq ki, ötən cümə günü Mirzoyan “Vətəndaş Müqaviləsi” fraksiyası ilə qapalı görüşdə “əsirlərin” geri qaytarılacağı təqdirdə Bakıya səfər edəcəyini açıqlayıb.
Nəşr yazır ki, “onlar geri qaytarılmasa belə, xarici işlər naziri həmin platformada bu məsələni gündəmə gətirməyin vacib olduğunu düşünür”.
Qeyd edək ki, Azərbaycan Ermənistanı COP29 iqlim sammitinə rəsmi dəvət edib. Dəvət COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev tərəfindən göndərilib.
Oktyabrın 22-də isə parlamentdə jurnalistlərlə söhbətində Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, “COP29-da iştirakla bağlı hələ qərarımız yoxdur, biz hər şeyi müzakirə etməliyik, başa düşməliyik ki, ora getmək nə üçün lazımdır. Oraya getmək Ermənistana nə verəcək, bizim maraqlarımız nədir, tədbirdə hansı səviyyədə iştirak edəcəyik?”
Oktyabrın 25-də isə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan bildirmişdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycandan Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında iştirak etmək üçün dəvət alıb və hazırda bu məsələ hökumətdə müzakirə olunur.
Siyasi ekspertlər hesab edir ki, Azərbaycanın Ermənistanla rəsmi diplomatik münasibətləri olmadığı halda dəvət məktubunun göndərilməsi Azərbaycanın xoşməramlı və inklüziv yanaşmasının nümunəsidir. Bununla Azərbaycan Ermənistanla normal qonşuluq, sülh münasibətlərində yaşamaq tərəfdarı olduğunu da nümayiş etdirib. COP29 qlobal əhəmiyyətli tədbirdir.
Qabil Hüseynli
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, vaxtın az qalmasına baxmayaraq Ermənistan hələ də Bakının dəvətini rəsmən qəbul edib-etmədiyini açıqlamayıb: “Rəsmi şəxslərin son bir neçə həftə ərzində verdiyi açıqlamalarda dəvətin müzakirə edilməkdə olduğu deyilir. Belə görünür ki, təxminən bir ay öncə Rauf Arifoğlunun dediyi kimi, Ermənistan bu məsələdə də özünü baha satmağa çalışır, sonda isə COP29 tədbirində nazir səviyyəsində olsa da təmsil olunacaq, özünü kənarda qoymayacaq. Ermənistanın məşhur ”Hraparak" qəzetinin xarici işlər naziri Ararat Mirzoyanın COP29 iqlim konfransında iştirak etmək niyyətində olduğunu yazması da bunu deməyə əsas verir. Hesab edirəm ki, artıq Ermənistan hökuməti COP29-da təmsil olunmaq qərarını verib, sadəcə, hələ rəsmi açıqlamırlar.
Hətta bir ay öncə baş nazir Nikol Paşinyanın COP29-da iştirak edəcəyi barədə Ermənistanın bəzi media orqanlarında fikirlər bildirilmişdi. Lakin hələ ki nə Paşinyan özü, nə də digər rəsmi instansiya bunu təsdiqləməyib. Mən hesab edirəm ki, Ermənistan baş nazir səviyyəsində olmasa da, COP29-da təmsil olunacaq. Ermənistan ya xarici işlər naziri, ya da ətraf mühitin mühafizəsi nazirini Bakıya göndərəcək. Nikol Paşinyanın hər gün bir mövqeyə gələn siyasətçi olduğu bəllidir. Odur ki, Paşinyanın Bakıya gəlmək qərarını da qəfil verməsi istisna deyil. Erməni baş nazir bu addımı atarsa, ölkəsi və özü üçün ən düzgün qərar vermiş olacaq. Onun COP29-da iştirak üçün Bakıya gəlişi sonrakı proseslərin - sülh danışıqlarının dinamikasına və effektivliyinə müsbət təsirini göstərər. Ümumiyyətlə, Ermənistan Bakıya dəvəti qəbul edəcəksə və COP29-da iştirak edəcəksə, bu, onun Azərbaycanla münasibətlər qurmaqda maraqlı olduğunun bir əlaməti kimi qəbul olunacaq. Əgər Bakıdan edilən dəvət qəbul olunmayacaqsa, uduzan tərəf Ermənistan olacaq. Ermənistan beynəlxalq ictimai rəydə bununla özünə mənfi fikir formalaşdıracaq. Belə rəy yaranacaq ki, Ermənistan uzlaşma yox, uzaqlaşmaq yolunu tutub. Sülh üçün stimul verən addımları atmaqdan uzaq ölkədir".
Politoloq hesab edir ki, Ermənistan CO29-a gələcəksə, hər hansı şərt irəli sürmədən gəlməlidir: “COP29 kimi beynəlxalq səviyyəli tədbir şərt irəli sürmək yeri deyil. Ara-sıra erməni mediası yazır ki, Paşinyan Bakıya keçmiş separatçı rejimin Bakıda həbsdə olan keçmiş liderlərinin azad olunması şərti ilə gedə bilər. Xarici işlər naziri Mirzoyan da ötən həftə açıqlamasında "əsirlərin" geri qaytarılacağı halda COP29 üçün Bakıya gedəcəyini demişdi. “Əsirlər” deyərkən o, Bakıda həbsdə saxlanan keçmiş separatçı rejimin başçıları olmuş cinayətkarları nəzərdə tutur. Halbuki həmin şəxslər əsir deyillər, Azərbaycan dövlətinə, Azərbaycan xalqına qarşı ağır cinayətlər törətmiş qatı cinayətkarlardır. Buna görə də barələrində Azərbaycan qanunlarına uyğun olaraq cinayət işi açılıb və məsuliyyətə cəlb olunublar. Bu cür cinayətkarların azad edilməsi şərtini irəli sürməyin heç bir mənası yoxdur və Azərbaycan təbii ki, belə şərti qəbul etməz.
Azərbaycan dəvətini göndərib, gəlib-gəlməmələri ermənilərin öz seçimləridir. Biz onlara Bakıya gəlmələri üçün xahiş-minnət edən deyilik. Dəvəti qəbul edəcəklərsə, öz faydalarına olacaq. Etməyəcəklərsə, itirən Ermənistan olacaq, Azərbaycan yox. Azərbaycanın Ermənistana COP29-da iştirak üçün dəvət göndərməsi xoş və sülhməramlı niyyətin təzahürüdür. Baş nazir Paşinyanın COP29 çərçivəsində Azərbaycana gəlişi sülh müqaviləsinin imzalanmasını tezləşdirə və bütövlükdə Cənubi Qafqazda əməkdaşlığa töhfə verə bilər. Əslində bu, Ermənistan üçün böyük bir şansdır. Çünki Azərbaycana və azərbaycanlılara qarşı uzun illər boyu işğal, etnik təmizləmə və digər ağır müharibə cinayətləri həyata keçirən Ermənistan əgər sülh istəyirsə, etimad yaratmaq üçün konstruktiv davranmalı və bu istiqamətdə real addımlar atmalıdır".
Onu da bildirək ki, Azərbaycanla Ermənistan arasında bu günə kimi sülh müqaviləsi imzalanmadan bir sıra razılaşmalar əldə olunub, həmçinin İrəvan COP29-un Azərbaycanda keçirilməsinin əleyhinə çıxış etməyib, o zaman baş nazir Nikol Paşinyanın ölkəmizə keçirilən qlobal miqyaslı tədbirdə iştirak etməsində heç bir problem olmamalıdır. Lakin belə görünür ki, Nikol Paşinyan bu addımı atmaqdan çəkinir, ona görə də nazir səviyyəsində təmsil olunacaqları barədə yerli mediaya informasiya sızdırılır.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ