Onlayn ictimai-siyasi qəzet
Azərbaycan 3 ildir 5 məlum baza prinsipi əsasında Ermənistan sülh müqaviləsi təklif etsə də, İrəvan bundan israrla yayınır. Sülh oyunbazlığı ilə məşğul olur. Hətta altdan-altdan ordusunu təzədən bərpa edib revanşist planlar qurur. Bilə-bilə ki, belə avantürist planlar erməni xalqına yalnız yeni fəlakətlər gətirəcək.
Bu arada erməni mətbuatı yazıb ki, Ermənistan İqtisadiyyat Nazirliyi Azərbaycanla ticarətə başlamaq məsələsini müzakirə edir.
“Məsələ mümkün icra variantlarının müzakirəsi və işlənib hazırlanması mərhələsindədir”, - deyə bildirilir.
Görəsən, hansı ticari əlaqələrdən söhbət gedir, əgər Ermənistan Azərbaycanla hələ də sülh müqaviləsi imzalamayıbsa, Zəngəzur dəhlizi açılmayıbsa?
Ümumiyyətlə, belə bir sənəd olmadan iki ölkə arasında iqtisadi-ticari əlaqələr mümkünmü? Yoxsa əksinə, ticari əlaqələr sülh müqaviləsini tezləşdirə, qarşılıqlı etimadı artıra bilər?
Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov burada daha çox unutqanlığımıza vurğu etdi: “Biz erməni xislətinin nədən ibarət olduğunu yaxşı bilirdik. Lakin təəssüf ki, bunu, sadəcə, unutmuşduq. Elə bu səbəbdən də onlar 30 ildən çox zaman kəsiyində öz xislətlərini bizə bir daha "xatırlatdılar". Nədən biz ermənilərin 1905-1907, 1914-1916, 1918-1920, 1948-1953-cü illərdə bizə yaşatdıqları soyqırımlardan heç bir nəticə çıxara bilmədik? Ona görə də 1998-ci ildən etibarən bu acıları 30 ildən çox bir dövrdə yenidən yaşamalı olduq. Ermənilər bizə erməni xislətinin nədən ibarət olduğuna dair daha bir tarix dərsi keçdilər. Milli yaddaşımız zəif deyil, o, sadəcə olaraq, yoxdur desək, səhv etmərik. Bu olsaydı, tarixdə eyni səhvlərin bir neçə dəfə təkrar olunmasına yol verməzdik. Bu bizim bir millət olaraq ən zəif yerimizdir. Bu qədər qırğınlardan, bu qədər amansız qətliamlardan sonra milli birliyimizin olmaması və bir millət kimi formalaşmamağımız səbəbindən biz zaman-zaman indiki Yerevan adlandırılan İrəvandan və indiki Ermənistan adlandırılan doğma torpaqlarımızdan üzülüşüb getdik və onları ermənilərə verdik.
Türkmənçay müqaviləsindən sonra rusların İrandan Qarabağa erməni ailələrini köçürməsinə qarşı millətimiz adından heç kim etiraz etmədi. Ermənilərin iki yüz ildən artıqdır ki, başımıza hər dəfə gətirdikləri müsibətlərdən sonra biz bütün bunları az zaman kəsiyində unudub, onları qoynumuza almışıq. Bu ilanlar isə bizim qoynumuzda bəslənib, ayaqları yer tutan kimi yenidən bizə o zülmləri təkrar yaşadıblar. 1905-ci ildən 1988-ci ilə qədər bu acı tarixi hadisələr bir neçə dəfə eyni qaydada təkrarlansa da, biz bir millət olaraq ayılmamışıq. Ermənilər isə hər dəfə bizləri “yuxuya verərək” ayaqlarımızın altını qazıb, millətimizə yeni faciələr yaşadıblar.
Bu gün Qarabağ torpaqlarımızda keçirdiyimiz son antiterror əməliyyatlarından sonra aydınlaşır ki, erməni vandalları Qarabağı böyük bir barıt çəlləyinə çeviriblər. Onlar əllərində olan silah-sursatın böyük bir qismini - haradasa 9/10-nu hələ təhvil verməyiblər. Bu proses gedir. Və biz onları təbii ki, sona qədər tərk-silah edəcəyik. Bu qədər silah-sursatın demək olar ki, hamısını ora rusların əli ilə, onların vasitəsilə daşıyıblar. İndi aydın olur ki, onlar üçtərəfli sazişin - erməni silahlı birləşmələrinin Qarabağ torpaqlarımızı tərk etməsinə dair bəndini nədən icra etmək istəmirdilər. Beyni yuyulmuş bu bədbəxtlər, illərlə yığdıqları silah - sursatın çoxluğuna güvənirmişlər. Hətta 44 günlük müharibədən belə dərs çıxarmağı bu biçarələr bacarmadı. Başa düşmədilər ki, rusun paslanmış top-tüfəngi Azərbaycan Ordusunun təchiz edildiyi müasir silahlarla bir tərəziyə belə qoyulmaz.
İndi ermənilər bizimlə ticarət əlaqələrindən danışırlar. Olsun, nə qədər düşmən olsaq da, tarix bizi hələ ki yanaşı yaşamağa vadar edir. Odur ki, sülh müqaviləsi bağlandıqdan bir müddət sonra iki ölkə arasında zamanla müxtəlif səviyyədən olan əlaqələrin bərpası mümkündür. Lakin bunun indi sülh müqaviləsindən, Qarabağdan yalnız silahlı erməni tör-töküntülərinin deyil, eyni zamanda rus “sülhməramlılarının” çıxıb getməsindən əvvəl baş tutması bizim tarixdə yeni strateji bir səhvimiz olar.
Qarabağda ermənilərə cənnət yaratmağı da düşünmək lazım deyil, qonşu rayonlarda azərbaycanlılar necə yaşayırsa, orada da ermənilər o səviyyədə yaşamalıdırlar. Onsuz da zaman-zaman oradan öz xoşları ilə gedəcəklər. Bunun üçün bizim dərin və uzağa hesablanmış bir strategiyamız olmalıdır.
Bir sözlə, bütün bu tarixi dərslərdən sonra biz heç vaxt dəmir yumruğu yerə qoymamalıyıq".
Fikrət Yusifov: “İki ölkə arasında zamanla müxtəlif səviyyəli əlaqələrin bərpası mümkündür”
Sabiq nazir maraqlı bir təkliflə də çıxış etdi: “Daha radikal bir təklifim isə - bu gün yetərincə yüklənmiş Bakını bu yükdən azad etmək məqsədilə müasir şəhərsalma prinsipləri ilə tikilməkdə olan Ağdamı Azərbaycanın paytaxtı elan edib, onu böyüdərək, Xankəndi ilə birləşdirib, bununla da bir həmlə tarixi bir inqilab etmək mümkündür. Bununla da Azərbaycan üçün ən azından bir neçə qlobal məsələ öz həllini tapa bilər. Bu, fantaziya deyil, reallaşması gerçəkdən mümkün olan və lazım olan bir məsələdir. Belə addım atılarsa, insanlarımızın zamanla Qərbi Zəngəzura da, Göyçə mahalına da, İrəvanın özünə də qayıdışı xeyli asanlaşar. Onsuz da sonda ermənilər bu torpaqlara gəldikləri kimi, onu tərk də edəcəklər. Tarix göstərdi ki, erməni xisləti ilə bu torpaqlarda yaşamaq mümkün deyil”.
Azər Badamov: “Sülh və əmin-amanlıq içində yaşamağımız üçün heç vaxt olmadığı kimi yeni imkanlar yaranıb”
Deputat Azər Badamov heç vaxt olmadığı kimi yaranan yeni imkanlardan danışdı: “Azərbaycan üç il əvvəl torpaqlarını işğaldan azad edəndə müharibənin başa çatdığını elan etdi və Ermənistana düşmənçilik səhifəsini bağlamaqla ölkələrarası münasibətlərə yeni səhifədən başlamağı təklif etdi. Ona görə də sülh müqaviləsinin imzalanması üçün 5 əsas baza prinsipindən ibarət sülh müqaviləsinin layihəsini qarşı tərəfə təqdim etdik. Ermənistan müharibənin başa çatdığı ilk zamanlarda özünü sakit aparsa da, sonradan havadarlarının dəstəyi ilə ordusunu yeniləndirməyə və revanşizm şüarları səsləndirməyə başladı. Hətta Praqa görüşündə baş nazir Paşinyan Azərbaycanın suveren ərazilərinin bütövlüyünü parametrləri açıqlayaraq tanıdığını bildirdi. Bu da Qarabağın erməni əsilli sakinlərinin yaşadığı torpaqların da Azərbaycan ərazisi kimi tanınması demək idi. Hətta Paşinyan müxtəlif tribunalardan Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu dilə gətirdi. Amma bununla yanaşı Qarabağda hərbi mövcudluğunu davam etdirir və separatizmin yenidən qol budaq açmasına dəstək verirdi. Sülh müqaviləsinin imzalanması məsələsində isə, əsas maneə kimi Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliklərinin beynəlxalq səviyyədə təmin edilməsi kimi göstərilirdi.
Azərbaycan Ordusu 19-20 sentyabrda Qarabağda lokal xarakterli antiteror tədbirləri keçirməklə separatizmin yuvasını dağıtdı və sülh müqaviləsinin imzalanmasında Ermənistanın əsas problem kimi gördüyü erməni əsilli sakinlərin hüquq və təhlükəsizliyinin Azərbaycan dövlətinin qanunları ilə təmin olunacağını sübut etdi. İndi bu problem gündəmdən çıxıb və qısa bir zaman kəsiyində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanacağını düşünürəm. Sülh müqaviləsinin imzalanmasından sonra Ermənistanla Azərbaycan arasında bütün sahələr üzrə əməkdaşlıq bərpa olunacaq. O cümlədən ticarət əlaqələrinin inkişafı da baş verəcək. Biz qonşu ölkələr olduğundan birgə əməkdaşlıqla yaşamağa məhkumuq. Ölkələrimiz arasında baş vermiş düşmənçilik və müharibələr əbədi davam edə bilməz. Silahların işlənməsi heç kimə xeyir gətirmir. İndi reallıqlar dəyişib, sülh və əmin-amanlıq içində yaşamağımız üçün heç vaxt olmadığı kimi yeni imkanlar yaranıb. Ermənistanın bu imkanlardan istifadə edəcəyini və bundan sonra özünü normal münasibətləri təmin olunmuş qonşu kimi aparacağını hesab edirəm".
Cavanşir ABBASLI
“Yeni Müsavat”
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ