Onlayn ictimai-siyasi qəzet
*
“Müharibə” anlayışı həmişə dağıntı və itkilərlə assosiasiya olunur – bu, bütün mənalarda danılmazdır. Amma əgər bu qorxunc hadisəyə fəlsəfi nöqteyi-nəzərdən yanaşsaq, onda bu prosesdə müəyyən dərəcədə təbii bir cəhət də var – insan bu reallıqla barışmalı olur.
Bəzən müharibələr köhnə münasibətlər sistemini süpürüb atır, mövcud olan köhnəlmiş qaydaları dağıdır və yerinə yeni yanaşmalar gətirir. Elə buna görə müharibəni “tarixin mamaçası” da adlandırırlar.
Amma əgər müharibə ədalətsizdirsə və süni bəhanələrlə başladılıbsa, onda vəziyyət tamamilə başqa cür olur. Belə müharibə faydalı və zəruri olanı məhv edir, insanlara ölçüyəgəlməz əzablar yaşadır və dəhşətli yaralar buraxır. Təcavüzkar isə həmişə bu əməllərinə görə ciddi cavab verməli olur.
İki Qarabağ müharibəsi minlərlə insanın həyatına son qoydu, Azərbaycanın ərazisinin 20 faizi işğal olundu. Təcavüzkar tərəf bir neçə çiçəklənən şəhər və kəndi yerlə yeksan etdi, böyük bir regionun işlək infrastrukturunu tamamilə dağıtdı.
Zərər çəkmiş Azərbaycan isə bu gün dağıdılmış hər şeyi öz hesabına bərpa edir və bu işə nəhəng səylər sərf edir. Geniş bir ərazi böyük çətinliklə yaşamaq üçün yararlı vəziyyətə gətirilir. Bərpa işləri ciddi maneələrlə qarşılaşır – onların içində ən təhlükəlilərindən biri minalardır. Amma bu haqda bir qədər sonra.
Hazırda Ermənistan sülh müqaviləsinin on yeddi bəndi üzrə razılaşmanın eyforiyasına qapılıb və bu ölkənin siyasətçiləri ilə ictimai rəy liderləri tərəflər arasında razılaşdırılmış öhdəliklərin əhəmiyyətini xüsusi olaraq vurğulayırlar. Əsas diqqət beynəlxalq arbitraj instansiyalarına verilmiş iddiaların geri götürülməsi məsələsinə yönəlib. Lakin bu kontekstdə çox mühüm bir detal gizlədilir – bu, təkcə Azərbaycan üçün deyil, ümumiyyətlə proses üçün prinsipial əhəmiyyət daşıyır.
İrəvan süni şəkildə öz günahını azaldır və guya 1980-ci illərin sonlarında baş vermiş “miatsum” ideologiyasının alovlandırdığı qanlı hadisələrlə heç bir əlaqəsi olmamış kimi davranır. Bu ideologiya sonradan təcavüzə yol açan əsas səbəblərdən biri olmuşdu. Ardınca iki genişmiqyaslı hərbi kampaniya gəldi ki, bu da azərbaycanlıların yaddaşında dərin izlər buraxdı. İndi isə Ermənistan tərəfi beynəlxalq instansiyalara verilmiş iddiaların geri çağırılması məsələsini ortaya atmaqla yeni bir avantüraya əl atır.
Hazırda Bakıda davam edən və 23 nəfər erməni əsilli şəxsin – o cümlədən qondarma “Dağlıq Qarabağ Respublikasının” keçmiş “prezidentləri”, hərbi komandirləri və digər başçılarının müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və etnik təmizləmə də daxil olmaqla ağır cinayətlərdə ittiham olunduğu məhkəmə prosesi Ermənistan və onun xaricdəki havadarları tərəfindən hər yerdə “qanunsuz” adlandırılır. Onlar iddia edirlər ki, guya bu şəxslərin hüquqları pozulub.
Separatçı Xankəndi rejimini axıra qədər dəstəkləyən qüvvələrin bu qədər sərt reaksiya verməsinin də səbəbi var.
Təqsirləndirilən şəxslərin – qondarma qurumun keçmiş rəhbərlərinin verdiyi ifadələr Ermənistanın bu qanlı cinayətlərdə birbaşa iştirakını ifşa edir. Gecəyarısı yatan azərbaycanlı şəhərlərin – Gəncə, Tərtər, Bərdə, eləcə də Bakı və Mingəçevirin bombalanması əmrlərinin İrəvandan gəldiyi təqsirləndirilən şəxslər tərəfindən etiraf olunub. Qanunsuz qurumun rəhbərləri Ermənistanın siyasi rəhbərliyinin və silahlı qüvvələrinin baş qərargahının verdiyi əmrləri dəqiqliklə yerinə yetiriblər.
Günahı gizlətmək və inkar etmək çıxış yolu deyil. Ermənistan təcavüzə, Azərbaycan torpaqlarının işğalı və dağıdılmasına, Xocalı və digər yerlərdə törədilmiş soyqırımı aktlarına görə birbaşa məsuliyyət daşıyır. İki müharibənin və saysız cinayətlərin günahkarı məhz Ermənistandır. Ermənistan bu iştirakını gizlətməyə və məsuliyyəti uydurma “özünümüdafiə ordusu” olan qondarma “Qarabağ xalqının” üzərinə atmağa çalışsa da, bu, sübutlarla təsdiqlənmir.
Azərbaycanın işğal olunmuş ərazilərində döyüşən qüvvə Ermənistanın müntəzəm ordusu olub. Bu ordunun qalıqları – təxminən 10 minlik hərbi kontingent – 2023-cü ilin 19–20 sentyabrında cəmi 23 saat davam edən antiterror tədbirləri nəticəsində tam zərərsizləşdirilib.
O ki qaldı Ermənistandan kompensasiya tələb olunmasına, burada heç bir şübhə ola bilməz. Ermənistan müqavimət göstərəcək, bəhanələr gətirəcək və müxtəlif bədbəxt izahlar təqdim etməyə çalışacaq – lakin bunların heç bir hüquqi qüvvəsi yoxdur. Müharibənin vurduğu zərərin ödənilməsi beynəlxalq hüququn normalarına tam uyğundur. Məğlub ölkənin qalib tərəfə reparasiya ödəməsi – bu, gündə gecənin dəyişməsi qədər təbii və zəruri prosesdir.
Əgər İrəvan pul ödəməkdən imtina etsə, o zaman ekvivalent kompensasiya təklif etməli olacaq. Belə bir alternativ variant Zəngəzur dəhlizinin açılması və bütün infrastrukturun tam şəkildə qurulması ola bilər.
Tarixdə belə nümunələr çox olub. Təhlükəli borc içində olan işğalçı ölkə bəzən qalibə torpaq və ya istehsalat güclərini güzəştə gedərək ödəmə yolu seçib. Amma bu obyektlər fəaliyyət göstərən, real dəyərə malik olmalıdır – “ölü yük”lə borcu ödəmək mümkün deyil.
Ermənistanın ərazisində sərhədə yaxın yerləşən qiymətli metal yataqları, qızıl mədənləri, dağ-mədən emal müəssisələri və digər istehsal obyektləri var.
Məsələn, Almaniya ilə Fransa arasında baş verən fasiləsiz müharibələr XX əsrdə Almaniyanı ciddi şəkildə zəiflətdi. Həm Birinci, həm də İkinci dünya müharibəsindən sonra Berlin Fransaya Elzas-Lotaringiyanı və onun sənaye potensialını verməyə məcbur oldu.
Daha bir nümunə – Korsika adası Fransanın tərkibinə məhz bu yolla keçdi: Genuya Respublikası müharibəni uduzdu və reparasiya verə bilmədiyi üçün adanı Parisə təhvil verdi.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina problemi hələ uzun müddət ciddi təhlükə olaraq qalacaq. BMT-nin müvafiq ixtisaslaşmış qurumlarının hesablamalarına görə, bu torpaqların tam şəkildə mina və partlayıcı qalıqlardan təmizlənməsi üçün 25 milyard dollar və bir neçə il vaxt lazım olacaq. Ermənistan bu vəsaiti tam şəkildə ödəməlidir.
Müharibə həmişə bəla gətirir – o heç vaxt tək gəlmir. Xüsusilə də bu bəla, onu başladan tərəf öz gücünü həddən artıq qiymətləndirirsə və əsrin cinayətlərinə imza atırsa. Belələrinin sonu həmişə acınacaqlı olur. Günahkar isə ancaq özləridir.
Məqalənin orijinalı bu linkdədir:
https://minval.az/news/124453953
Musavat.com
23 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ