İnsanlara hürriyət, millətlərə istiqlal!

Yekə Rusiya Putinin nəyinə lazımdır?

2000-ci ildən bəri Rusiya əhalisinin sayı təqribən 3 milyon nəfər artıb, indi 85 yox, 89 federal subyekt var; Alyaska görüşündə ya Trampın Allahı verər, ya da...

Putin 1999-cu ilin avqustundan baş nazir, 2000-ci ilin dekabrın 31-dən prezident səlahiyyətlərinin icrasına başlayanda Rusiyanın hüdudlarını genişləndirməyi düşünməyə nə zamanı vardı, nə imkanı. Çeçenistan daxil Şimali Qafqaz Moskvaya qarşı silahlı itaətsizlik göstərirdi, federal hakimiyyət zəifləmiş durumda idi.

Putin federal sistemi qoruyub saxlaya bildi, ölkəni dağılmaqdan xilas etdi. Rusiyanın “ipini yığmaq” həqiqətən də zaman apardı, təkcə silahlı müxalifət deyil, Yeltsin dövründə “ağzında demokratiyanın şirəsi qalmış” müxalifətin də sistemə zorla və ya pulla inteqrasiyası, ən müxtəlif yollarla loyallaşdırılması və ya yumşaq desək çərlədilməsi də Putinin zamanını apardı. 

M-760.1.7.jpg (53 KB)

Putin hakimiyyətə gələndə, Rusiyanın ərazicə böyüməsinə insan resursları baxımından ehtiyac yox idi. 2000-ci ildə Rusiya əhalisinin sayı təqribən 142 milyon 890 min nəfərə yaxın idi, ərazisi 17 151 442 kv.km idi. 2022-ci il referendumunda dörd yeni region Rusiya Federasiyasının tərkibinə daxil edildi – Donetsk və Luqansk “xalq respublikaları”, Xerson və Zaporojya vilayətləri. İndi Putin Rusiyasında 85 yox, 89 federal subyekt var. Donetsk əhalisi son hesablamalara görə, 2,2 milyon, Luqansk isə 1,4 milyon nəfərdir. Xerson vilayətinin əhalisi 1 milyon nəfərə çatır. Nəhayət, Zaporojya vilayətinin əhalisi təxminən 1,6 milyon nəfərdir. Rusiyanın tənqidçi mediası yazır ki, Putinin 25 illik hakimiyyəti dövründə əhali artımındakı 3 milyonluq fərq demoqrafik vəziyyətin yaxşılaşması ilə bağlı deyil, “yeni regionlar” hesabınadır. Əhalinin yaşayış sıxlığı ilə bağlı statistika da var, əsasən sıxlıq Moskva və digər böyük şəhərlərdədir. Bəzi ərazilərdə isə əhali çox seyrəkdir, bu da işsizlik, iqlim və digər sosial problemlərlə əlaqəlidir. Rusiya öz əhalisini ərazisində məskunlaşdırmaq problemi yaşayır.

Putin hakimiyyətinin ilk on ilini Rusiyanı böyütmək yox, onu qoruyub saxlamağa sərf etdi. Bu, Qərbin “beyin mərkəzləri”nin planı da ola bilərdi ki, Yeltsindən sonra hakimiyyətə gəlmiş gənc və aqressiv Putin Rusiyası daima gərginlikdə qalsın, başqa planlar qurmaq arzusuna düşməsin. İndi adama bir az da gerçək kimi gəlmir – Rusiyanın Qərb demokratiyasına inteqrasiya, hətta NATO və ya Avropa Birliyinə üzvlüyü müzakirə mövzularından idi. Qərb Rusiyanı öz tərəfinə çəkmək istəyində səmimi deyildi, eləcə də Kreml də bu münasibətlərdə rol oynayırdı, amma heç olmasa, ölkə liderləri arasında normal insani münasibətlər vardı. 

BERING-STRAIT-02.jpg (50 KB)

Putin bu dövr haqda danışanda elə rəy yaradır ki, guya Rusiya çox səmimi, hətta sadəlövh olub, ona vəd edilən sözlərə əməl edilməyib, “atıblar”. Putin avqustun 15-də Trampla təkbətək görüşündə bu barədə mütləq geniş danışacaq. Çünki Putin hər zaman deyir ki, Qərb əvvəlcə gorbagor Qorbaçov SSRİ-sini, sonra isə Yeltsin Rusiyasını aldadıb, NATO-nun genişlənməyəcəyin vədi verib, amma əksini edib. Rusiyanın sərhədlərinə doğu gəliblər, nəhayət Ukraynanı da NATO blokuna üzvlüyünə cəhd ediblər. Putin bunları Trampın yadına salmalıdır ki, qondarma referendumla Krım və Sevastopolu Rusiyanın tərkibinə birləşdirdiyinə haqq qazandırsın. Putin deməlidir ki, əgər 2014-cü ilin martında Krımın anneksiyası gerçəkləşməsəydi, orada dərhal NATO qoşunları olacaqdı, rusları da qovacaqdılar. 

4fa6119a31b0a4fe7509568a17e50724.jpg (191 KB)

“NATO ordusu gələcəkdi” bir ölkənin (konkret halda Ukraynanın) ərazisinə qoşun yeritmək üçün əsaslı görünməyə bilər. Ehtimal ki, Tramp da ənənəsinə sadiq qalaraq Bayden administrasiyasının, Avropa Birliyi liderlərinin qarasınca danışacaq, “mən hakimiyyətdə qalsaydım, bu savaşdan yayınmaq olardı” deyəcək. Amma əsas olan işğalı dayandırmaq, savaşı durdurmaq, qırğının qarşısını almaqdır.

Prinsipcə, tərəflər münaqişənin həlli ilə bağlı mövqelərini bir neçə telefon danışığında açıqlayıblar. Yəni tərəflərin mövqeyi bir-birlərindən çox uzaqdır, son nəticəsiz İstanbul danışıqları da bunu təsdiq etdi. Zelenskini yenə kənarda saxlandığı xəbərləri var, amma Alyaskada sürpriz də ola bilər. Ən optimist proqnozlara baxsaq, hərbi əməliyyatların tam dayandırılacağına ümid edənlər azdır. Çətin ki, danışıqların nəticəsi tərəfləri qane etsin. Tramp Putinin boynuna hansısa güzəşt kimi görünəcək nələrsə qoya bilər. Məsələn, qısa müddətli atəşkəs və sairə. Eləcə də Rusiyanı Xerson və Zaporojyenin işğalından vaz keçməyə təkid edə bilər. Putin buna hazır deyil. 

og_og_166254391428849776.jpg (245 KB)

Ukrayna prezidenti Vladimir Zelenski də bəyan edib ki, ABŞ və Rusiyanın Alyaskada keçiriləcək sammitində qəbul ediləcək qərarları Kiyev tanımayacaq. Zelenskini də qulağı “itidir” və ola bilsin, informasiyadan çıxış edərək bu cür bəyanat verir. Ola bilsin, ona da heç nə demirlər, Ukrayna lideri də verilən qərarların qəbul edilməyəcəyi mesajını verir.

Alyaska görüşü ərəfəsi situasiya qəlizdir. Alyaskada ya Trampın Allahı verər, ya da Putinin...

 

Nazim SABİROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR