Onlayn ictimai-siyasi qəzet
Ermənistanın ölkəmizə qarşı mina terroru davam edir. Ötən 7 gün ərzində işğaldan azad edilmiş torpaqlarımızda 4 mina hadisəsi qeydə alınıb. Faktlara diqqət edək.
Cəbrayıl rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Əsgər Nicat oğlu Musazadə mina partlayışı nəticəsində həlak olub.
Aprelin 6-da Ağdam rayonunun Qalayçılar kəndi ərazisində mina hadisəsi baş verib. 1983-cü il təvəllüdlü Qalayçılar kənd sakini Səbuhi Elman oğlu Məmmədov minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.
2 aprel 2025-ci il tarixində Ağdamın Çəmənli kəndi ərazisində də mina hadisəsi baş verib. Ağdam rayon sakini, 1968-ci il təvəllüdlü Nurəddin Abbasov keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən piyada əleyhinə minanın partlaması nəticəsində ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya çatdırılıb.
Cəbrayıl rayonu ərazisində Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Heydər Əli oğlu Xankişiyev minaya düşüb. Onun sağ ayağın topuq nahiyyəsinin amputasiyası olunub. Heydər Xankişiyev
Birinci Qarabağ müharibəsinin şəhidi Əli Şahlar oğlu Xankişiyevin övladıdır.
Məhz Ermənistanın çirkin “oyunları”nın nəticəsidir ki, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunsa da, olduqca böyük əraziləri əhatə edən sahələrə minaların basdırılması keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə öz evlərinə qayıtması üçün ciddi əngəl olaraq qalmaqdadır.
Ermənistanın dünyanın yaddaşında 21-ci əsrin mina terrorunun memarı kimi qalıb. Bu gün, Azərbaycanın müvafiq qurumları baş verə biləcək xoşagəlməz halların aradan qaldırılması - minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində fasiləsiz olaraq çalışırlar. Əfsuslar olsun ki, həyata keçirilən irimiqyaslı tədbirlər nəticəsində hər gün Ermənistan tərəfinin basdırdığı minalar haqqında yeni-yeni məlumatlara şahidlik edirik.
Ombudsman Səbinə Əliyevanın Cəbrayıl və Ağdamda baş vermiş mina partlayışları ilə bağlı müraciət paylaşıb.
Ombudsman qeyd edib ki, Ermənistanın davam edən mina terroru nəticəsində günahsız insanlar həyat və sağlamlıqlarını itirməkdədir. Cəbrayılda və Ağdamda baş verən mina partlayışı nəticəsində 4 Azərbaycan vətəndaşı, o cümlədən uşaqlar ciddi xəsarət alıb. Bu faciə regionda mina təhlükəsinin hələ də davam etdiyini və günahsız insanların həyatının hər an təhdid altında olduğunu bir daha ortaya qoyur: “2020-ci ildən etibarən Ermənistan tərəfdən basdırılmış minalar, həmçinin partlamamış hərbi sursatların partlaması nəticəsində 392 nəfər həlak olub və ya yaralanıb. Bu, yalnız fiziki deyil, həm də insanların psixoloji və sosial baxımdan dərindən təsirləndiyi ciddi bir problemdir. İşğal dövründə ərazilərimizə basdırılmış minalar regionda qalıcı sülhün bərqərar olmasına ciddi təhdid yaradır. Bu təhlükənin qarşısının alınması üçün beynəlxalq əməkdaşlıq və yardımlar olduqca vacibdir. Eyni zamanda, Ermənistanın minalarla çirkləndirdiyi ərazilərdəki humanitar vəziyyətin ciddi şəkildə nəzərə alınması və Ermənistanın beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb edilməsi aidiyyəti beynəlxalq qurumlar qarşısında mühüm bir öhdəlik olaraq qalmaqdadır. Minaların məqsədli şəkildə basdırılması insan hüquqlarının ciddi şəkildə pozulmasına, regionda sülhün və təhlükəsizliyin bərpa olunmasını çətinləşdirməyə səbəb olur. Ombudsman olaraq, beynəlxalq ictimaiyyəti minatəmizləmə fəaliyyətlərinin təxirəsalınmazlığını qəbul etməyə, Azərbaycanın davam edən mina təmizləmə səylərinə dəstək olmağa və həmçinin Ermənistanı məqsədli şəkildə və geniş miqyasda basdırılmış minalara görə məsuliyyətə cəlb etməyə çağırıram”, - müraciətdə bildirilir.
Azərbaycan torpaqları 30 ildən artıq bir müddətdə düşmən qüvvələrin işğalı altında qalıb. Bu müddət ərzində işğalçılar ərazidə ciddi şəkildə mina “əkinçiliy”i ilə məşğul olublar. Düşmənin bu işi sistemli və miqyaslı şəkildə icra etməsinin sübutu müharibənin bitməsindən ötən 4 ildən artıq bir vaxt ərzində 300-dən artıq Azərbaycan vətəndaşının minaya düşməsidir. İlkin qiymətləndirmələrə görə, Azərbaycan ərazilərində Ermənistanın torpaqlarımızda basdırdığı minaların sayı 1,5 milyondan artıqdır. Azərbaycanın 8235 kvadrat kilometrdən çox ərazisi mina və digər partlayıcı sursatlarla çirkləndirilib. 1991-ci ildən 2024-cü il oktyabrın 14-nə qədər olan statistikadır ki, 3400 nəfərdən çox insan mina qurbanıdır. Onlardan 359 nəfəri azyaşlı və gənc, 38 nəfəri qadındır. İkinci Qarabağ müharibəsindən sonra, 2020-ci ilin noyabrından 2024-cü il oktyabrın 14-nə qədər isə mina qurbanlarının sayı 381 nəfər təşkil edib ki, bunun da 70 nəfəri həlak olub, 311 nəfəri xəsarət alıb. 198 nəfər mülki şəxs bunun qurbanıdır ki, onların da 55 nəfəri həlak olub. Hərbi qulluqçular 183 nəfər, 15 nəfəri isə həlak olub. Mina qurbanları olmuş mülki şəxslərin təsnifatına gəldikdə – infrastruktur işləri aparanlar 17 faiz, xidməti vəzifə aparanlar 24 faiz, kənd təsərrüfatı ilə məşğul olanlar 27 faiz təşkil edib. 32 faiz insan isə 30 il həsrətində olduğu dədə-baba torpaqlarına səfər edərkən mina qurbanı olublar. Rəsmi məlumatlara görə, Vətən müharibəsindən sonra Azərbaycanın 12 faizdən artıq ərazisi minalarla çirkləndirilib. Azərbaycan ərazilərində 1,5 milyon mina basdırılıb. Ölkəmiz bu göstəriciyə görə dünyada minaya görə ən çox çirklənmiş 5-ci ölkədir. İşğaldan azad edilmiş 1 milyon 166 min 702 hektar ərazidə minaların olması güman edilir ki, bunun da 211 min 800 hektarı yüksək və 954 min 902 hektarı orta səviyyəli çirklənməyə məruz qalıb. Qarabağda minatəmizləmə prosesinə indiyədək 349,1 milyon dollar vəsait xərclənib. Bu vəsaitin cəmi 16,1 milyonu beynəlxalq mənbələrdən daxil olub. Azərbaycan hökuməti təkcə 2023-cü ildə dövlət büdcəsindən 110,2 milyon manat pul ayırmışdı. Ümumilkdə minatəmizləmə prosesin 30 ilə qədər bir vaxt alacağı və bu işlərin görülməsi üçün 25 milyard ABŞ dolları lazım gələcəyi proqnozlaşdırılır.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ