İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan ABŞ və Rusiyanın məngənəsində

Son həftələr Rusiyanın Ukrayna cəbhəsində mövqelərinin zəiflədiyi göz önündədir. Qərb bunu şans kimi dəyərləndirərək, Rusiyanın təsir dairəsində olan bəzi bölgələrdə öz nüfuzunu gücləndirməyə çalışır.

Bu bölgələrdən biri də Cənubi Qafqazdır.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti və Ermənistanın baş nazirinin görüşlərinin təşkili, Qərbin bu bölgədə itirilən nüfuzunun bərpası cəhdinin başlanğıcı hesab edilə bilər.

Rusiya isə, görünür, buna imkan verməməkdə qərarlıdır.

Hər iki tərəfin mövqeyinin nəticəsi olaraq Azərbaycan-Ermənistan sərhədində son hərbi hərəkətlilik baş verir. Bu fonda ABŞ və Rusiyanın hərəkətləri, mövqe mübarizəsi getdiyini hiss ediləcək dərəcədə aydın göstərir.

Azərbaycan-Ermənistan arasında baş verən son hadisələrin fonunda bütün tərəflərin mövqelər aşağıdakılardan bəlli olur:

ABŞ: Konqresin Nümayəndələr Palatasının sədri xanım Nensi Palesini Ermənistana göndərdi. O isə İrəvanda aşağıdakı hərəkətləri etdi:

-Ermənistanda qondarma “Soyqırım abidəsini ziyarət etdi;

-“Biz ABŞ-da fəxr edrik ki, ətrafımızda erməni-vətənpərvərlər (oxu: erməni lobbisi) var və onlar bizim vətəndaşlardır” dedi;

-“Ermənistanın ərazisinə və suverenliyinə hücum baş verib” dedi;

-“ATƏTin Minsk Qrupunun üzvü kimi və Ermənistanın daimi dostu kimi...” ifadəsini işlətdi;

-“ABŞ Konqresinin nümayəndələrinin Ermənistana səfəri inkişaf edən və demokratik Ermənistanın möhkəm müdafiəsinin simvoludur” söylədi;

-“ABŞ Ermənistanın sərhədlərinin dəyişdirilməsinə qarşı olacaq” dedi

-“Biz ona görə buradayıq ki, Ermənistanın rəhbərliyi ilə danışıb görək, biz nə edə bilərik. Biz həm də Ermənistandan müdafiə məsələlərində əməkdaşlıq ehtiyacları haqqında eşidirik" dedi və s.

Ermənistan: Parlamentinin spikeri Alen Simonyan aşağıdakı cümlələri dilə gətirdi:

-Ruslardan fərqli olaraq atəşkəsin məhz ABŞ-ın vasitəçiliyi ilə əldə olunduğunu bildirdi;

-“Son hadisələrlə bağlı KTMT-nin reaksiyasından razı deyilik” dedi;

-İrəvanda Ermənistanın KTMT-dən çıxması üçün mitinqlər başladı (şantaj xarakterli olsa da).

-Bununla paralel Rusiyanı müdafiə edən qüvvələr də İrəvanda ABŞ səfirliyi qarşısında mitinqə başladılar. 

Rusiya:

-Şimal qonşumuzun yüksək çinli nümayəndəsi Uşakov Qərbin bu məramını dilə gətirərək dedi ki, Qərb bu bölgədə Rusiyanı sıxışdırır;

- KTMT-nin son hərbi insidentin başvermə səbəblərini araşdırmağa gedən missiyasının rəhbəri Anatoli Sidorov “maksimum obyektiv olmağa çalışırıq, hər hansı nəticədən danışmaq hələ tezdir” dedi;

- O, KTMT bu bölgəyə nə indi, nə də yaxın gələcəkdə qoşun yeritmək fikrində olmadığını bəyan etdi.

Sadalanan faktlar açıqca göstərir ki, Ermənistan hakimiyyəti öz siyasi istiqamətini yenidən Qərbə doğru yönəldib. Rusiya da bunu anlayır. Amma bütün bunların fonunda Rusiya tərəfi hələ ki öz qəti mövqeyini ortaya qoymayıb.

Bütün yuxarıda qeyd edilənlər, sentyabrın 12-si gecəsi Azərbaycan-Ermənistan sərhədində provokasiyanı Qərbin təzyiqi ilə Paşinyan hökumətinin başladığını göstərir. Paşinyanın Qərbin və Rusiyanın təzyiq məngənəsi ağzında nə edəcəyini, deyəsən, bilmir.

Telman Məmmədov, Musavat.com üçün

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR