Onlayn ictimai-siyasi qəzet
Azər Hüseynov: “Onların mövcud düşüncələri ilə Azərbaycana reinteqrasiyası mümkün görünmür”
“Hüquqi baxımdan, Qarabağ bölgəsində doğulmuş ermənilər Azərbaycan vətəndaşlarıdır. Lakin Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı zamanı İrəvan anneksiya siyasəti aparıb və o, regionun, demək olar ki, bütün erməni sakinlərinə qeyri-qanuni pasportlar paylayıb”. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “TRT World”ə deyib.
Onun sözlərinə görə, Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşı kimi qəbul olunmaq üçün müvafiq ərizə ilə müraciət etməlidirlər. Bu, həm də o deməkdir ki, onlar Azərbaycan vətəndaşlığını qəbul etməklə Bakının suverenliyini və qanunlarını da tanıyırlar. Prezidentin köməkçisi diqqətə çatdırıb ki, Azərbaycan Qarabağ ermənilərinin dil, mədəni, dini və bələdiyyə hüquqlarını təmin edəcək.
Ümumiyyətlə isə Azərbaycanda hər zaman başqa dindən olan xalqlara, millətlərə qarşı tolerant münasibət bəslənilib. Bəs ermənilərlə birgə yaşayış mümkün olacaqmı? Birgə yaşayış olarsa, növbəti dəfə onlara inanıb etibar etməliyikmi, yoxsa...
Siyasi şərhçi Azər Hüseynov mövzu ilə “Yeni Müsavat”a bildirib ki, münaqişənin hərbi fazasının bitdiyi dövrlərdə bir neçə dəfə bu haqda deyib: “Yekunda ermənilər Azərbaycan cəmiyyətinə reinteqrasiya ediləcəklər. Ona görə də, bəli, Qarabağda anadan olmuş ermənilər Azərbaycan vətəndaşıdır. Lakin faktiki olaraq da vəziyyəti dəyərləndirmək lazımdır. Onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası planlı və proqramlı bir şəkildə həyata keçirilməlidir. Çünki Qarabağda anadan olmuş ermənilərin bir çoxunda separatçılıq və aqressiv millətçilik problemi vardır. Bu adamların mövcud düşüncələri ilə Azərbaycana reinteqrasiyası mümkün görünmür. Amma sistemli bir siyasət apararaq içərilərindən Azərbaycana münasibəti müsbət olan insanlardan siyasi bir lay formalaşdırmaq lazımdır. Bu lay Qarabağ ermənilərinin öz içində təbliğat aparmalıdır ki, Azərbaycan vətəndaşı olmaq Ermənistan vətəndaşı olmaqdan daha yaxşıdır. Burada bir məqama diqqət çəkmək istəyirəm. Öz ehtiyatlığımı ifadə edirəm. Separat düşüncələri olan ermənilərin hətta silahı yerə qoyub siyasiləşməsi də özlüyündə təhlükədir. Qardaş Türkiyədə HDP-nin yaranması PKK meylli bir çox insanın cəmiyyətə inteqrasiyasına müəyyən qədər kömək etdi. Çünki dağlarda hərbi fəaliyyət insanların, Türkiyə vətəndaşlarının ölümünə səbəb olurdu. Siyasətdə bu qismə yer verməklə xeyli insanın aqressivliyi azaldı. Amma bu yeni bir problem əmələ gətirdi. Siyasi hüquqlar çərçivəsində separat düşüncələr Türkiyə Böyük Millət Məclisindən səslənməyə başladı. Siyasiləşən separatizmlə mübarizə millitarist separatizmlə mübarizədən fərqlidir. Ona görə separatizm düşüncələrinə malik olan ermənilərin gələcəkdə yerli özünüidarə orqanlarında fəaliyyəti də əslində potensial bir təhlükəyə çevrilə bilər. Məhz buna görə də ermənilərin vətəndaşlıq məsələsində sınaq müddətləri qoymaq lazımdır”.
Ekspert əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyünə ziyan vura biləcək istənilən bir fikir və təşəbbüslə çıxış edənlər dərhal vətəndaşlıqdan çıxarılmalı və ölkədən xaric edilməlidir: "Ermənistandan sonra gəlib məskunlaşanlara gəldikdə, onları fərdi siyasi və ideoloji filtrasiyadan keçirmək lazımdır. Bu insanlar Azərbaycanın siyasi hakimiyyətini qəbul edirmi? Ermənilərin mərkəzi Azərbaycan hakimiyyəti ilə dialoq prosesində separatçılıq fəaliyyətlərində ən azı rəhbər mövqedə olmayanlar iştirak etməlidir. Ünsiyyət ritorikasını Azərbaycan mərkəzi hakimiyyəti müəyyən etməlidir. Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası və istənilən yerli özünüidarədə iştirakı qərbi azərbaycanlılara da eyni hüquqların verilməsi ilə müşahidə edilməlidir. Azərbaycan Ermənistan ərazisində tarixi toponimikamızın, yer adlarının bərpasını şərt qoymalıdır. Əlbəttə, biz bilirik ki, hər şərt reallaşmır. Bu siyasi danışıq prosesinin reallığıdır. Lakin bunun üçün daha çox şərt qoymaq lazımdır. Ermənilərin Qarabağda gələcəkdə mədəni fəaliyyətlərində, şeirində, sənətində, memarlığında, mediasında separatizm elementləri qəti bir şəkildə qadağan edilməlidir. Qarabağ ermənilərinin İrandan köçərkən Dağlıq Qarabağ Muxtar Vilayətində bir zaman qoyduqları abidə bərpa edilməlidir. Bu abidə ermənilərin Qarabağa köçürülməsinin 150 ili ilə əlaqədar qoyulmuşdu. Qarabağda alban irsinin tədqiqi ciddi və sistemli olmalıdır. Şuşada Qarabağ Albanşünaslıq Mərkəzi qurulmalıdır. Azərbaycan həm də bölgədə ciddi iqtisadi yüksəliş işləri görməlidir. İşğaldan azad edilmiş bölgələrdə azərbaycanlılar üçün yüksək yaşayış standartları bərqərar edilməlidir ki, erməni də baxsın görsün ki, yaşamaq necə olur. Bəli, ermənilərə gələcəkdə mədəni və digər hüquqları vermək reallıqdır. Çünki bunsuz mümkün deyil. Ancaq bir şey də qeyd edim. Rusiya Ukrayna müharibəsi başlayanda Avropada Çexovu, Lev Tolstoyu yıxmağa başladılar. Rus sənət adamlarını az qala linç edirdilər. Bəli, bu mədəni Avropadır. Halbuki Çexovun, Tolstoyun, Dostayevskinin bu savaşa nə aidiyyətı vardır. Belədirsə, bizdə Qarabağ ermənilərinə sınaq müddəti verməliyik. “Günah yuma” prosesindən keçməlidirlər. Azərbaycan xalqı unutqanlıq sindromunu tərk etməldir. 1918-ci il mart, 1948-53, 1988-1993-cü illərdə nələr yaşadı Azərbaycan. Bu gün orada indi fərdi gigiyenik ehtiyaclarını ödəməyə gücü yetməyən o qədər erməni vardır ki, Xocalı canilərindəndir. Ona görə reinteqrasiya proqramları olmalıdır. Məcburi Azərbaycan dilini bilmək də bura daxildir. Bizim üçün isə nəticə o olmalıdır ki, milli konsolidasiya institutlarımızı gücləndirməliyik. Ermənilər tarixən kilsələri və milliyyətçi ziyalıları ətrafında birləşiblər. Xaraktersiz liberalizmin, dini həssaslığın olmadığı etinaslığın, milli mentallığına nifrətin olmadığı güclü bir Azərbaycan üçün hamımız çalışmalıyıq".
Hazırladı: Afaq MİRAYİQ
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ