Onlayn ictimai-siyasi qəzet
İlham İsmayıl: “Ermənilər dərk etməlidirlər ki, dörd bir tərəflərində bizik”
Xəbər verildiyi kimi, bu il yanvarın 30-da internetdə İrəvanın mərkəzi meydanında bir qrup güney azərbaycanlı “Qarabağ” mahnısı oxuyub. Daha sonra video sosial şəbəkələrdə yayılıb və geniş ictimai rezonans doğurub.
Məsələ ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidməti “siyasi və sosial səbəblərdən müəyyən qrup insanlara qarşı nifrət və dözümsüzlük yaratmaq və ya təbliğ etmək məqsədi daşıyan” bəyanatla çıxış edib. Ardınca yerli Cinayət Məcəlləsinin 329-cu maddəsinin 2-ci hissəsinin 3-cü bəndinə uyğun gələn cinayətin törədilməsi ilə bağlı İstintaq Komitəsinə müraciət edilib. “Siz azərbaycanca oxuya bilərsiniz, amma onu yaymaq olmaz”, - məlumatda qeyd edilir.
Qurum videonu yayan Müstəqil Strateji Araşdırmalar Mərkəzinin rəhbərinə qarşı cinayət işi açıb (sonradan buraxılıb). İrəvanda olayla bağlı etiraz aksiyaları da keçirilib. Hətta mahnını oxuyanlardan biri - İran vətəndaşı, Güney Azərbaycandan olduğu bildirilən Milard Vahid həbs edilib. Bir müddət sonra azad edilib.
Ancaq fakt faktlığında qalır. İndi bu da sizə Qərbin, özəlliklə Avropa Parlamentinin təriflədiyi, “Qafqazda demokratiya mayakı” adlandırdığı, gerçəkdə isə milli tolerantlıqdan əsər-əlamət olmayan və türkə nifrətin azalmadığı monoetnik (adı üstündə) Ermənistan...
Qarabağ məgər Ermənistan ərazisidir ki, onun haqqında hələ sovet dövründə məşhur olmuş bir mahnını İrəvanda, ictimai yerdə oxumaq nifrət yaratmaq motivi kimi təsbit edilsin və cinayət işi qaldırılsın? Əlbəttə ki, söhbət Ermənistanda növbəti irqçi, ksenofobik, faşist təzahürdən gedir. Bu, Prezident İlham Əliyevin ötən ay yerli telekanallara müsahibəsində dediyi fikri - Ermənistanda faşizmin hökmün sürdüyünü bir daha təsdiqləyir.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a deyib ki, Ermənistanda məsələyə iki reaksiya verilib: “O videonu yayan Qərib Babayanın reaksiyası və yazdıqları var. Daha bir reaksiya isə rəsmilər tərəfindən verildi. İlk reaksiya Qərib Babayana qarşı oldu. Onun yazdıqlarının millətlərarası və dinlərarası məsələləri gərginləşdirməyə xidmət etdiyini dedilər. Rəsmilərin bu reaksiyasını müsbət qarşılamaq lazımdır. Hətta məhkəmə qərarı veriləndə məhkəmə önünə cəmiyyətdən xeyli insan toplaşdı. Daxildəki auditoriyanın reaksiyasının necə olacağını bildiklərinə baxmayaraq cəsarət göstərdilər”.
İlham İsmayıl deyib ki, erməni cəmiyyəti məğlub cəmiyyətdir və paytaxtlarının ortasında Qarabağ mahnısının oxunmasını sinirə bilmir: “Bu, onlar üçün çox çətindir. Hələ məğlubiyyət acısını çəkirlər, müharibədən sonrakı yaralar da hələ tam sağalmayıb. Ona görə də İrəvanın mərkəzində Qarabağ mahnısının oxunmasına reaksiya o qədər də təəccüblü deyil. İndiki situasiyada bu reaksiyanı təbii qəbul etmək lazımdır. Ermənilər də dərk etməlidir ki, dörd bir tərəfləri bizik. İstər Güney olsun, istər Quzey, Azərbaycan dilində danışanlardır. İndiki durumda vəziyyəti doğru qiymətləndirib qərar verməlidirlər”.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ