Onlayn ictimai-siyasi qəzet
2017-ci ildə Xankəndi və Şuşaya səfər edərək oradakı separatçı erməni “lider”lərlə fəal görüşlər keçirmiş və hələ 2016-cı ildə Qarabağdakı qondarma rejimin “müstəqilliyi”ni tanımış konqresmen Tulsi Qabbard ABŞ-ın Milli Kəşfiyyat direktoru seçilib. Onun adı ən ermənipərəst Amerika siyasətçilərindən biri kimi Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahısı”ndadır.
Trampın daha bir “kadrı” - ABŞ Hökumətinin Fəaliyyətini Təkmilləşdirmə Agentliyinə rəhbərlik edəcək hind əsilli biznesmen Vivek Ramasvami isə ermənipərəstliyi həyasızlıq səviyyəsinə çatan daha bir “nüsxə”dir. O, ötən il ABŞ prezident seçkilərində iştirak edərkən dəfələrlə Azərbaycanı tənqid edərək, seçiləcəyi təqdirdə qondarma “dqr”in “müstəqilliyini” tanıyacağını vəd etmişdi. Onun həyasızlığının pik nöqtəsi isə Azərbaycana açıq şər atması oldu. Belə ki, Ramasvami çıxışlarının birində açıq saxtakarlıq edərək, 44 günlük müharibə zamanı Ermənistan ordusunun Bərdədə törətdiyi dağıntıların görüntülərini “Azərbaycanın dinc erməni şəhərlərini dağıtmasının sübutu” kimi təqdim etmişdi.
"AzadlıqRadiosu"nun erməni bürosuna (“Azatutyun”) “Regional demokratiya və təhlükəsizlik” mərkəzinin prezidenti Tiqran Qriqoryan Tramp administrasiyasının Cənubi Qafqazla bağlı gözlənilən siyasətini şərh edib. Politoloq bu bölgənin Amerikadakı yeni hökumət üçün daha az prioritet ola biləcəyini istisna etməyib. Bununla belə, bildirib ki, artıq ABŞ Dövlət Departamentinə bir sıra ermənipərəst təşəbbüsləri ilə tanınan Marko Rubio rəhbərlik edir. 2023-cü ildə Azərbaycanın “təcavüzündən və regionda etnik təmizləmə aparması”ndan sonra Ermənistan Müdafiə Aktına qoşulub. Sənəddə ABŞ-ın Azərbaycana hərbi yardımının dayandırılması tələb olunur. Üstəlik, qondarma “artsax”ı müstəqil subyekt kimi tanımış Qabbardın Milli Kəşfiyyatın direktoru təyin edilməsi sualları artırır: Tramp ermənipərəst komanda qurur?
Lakin Tiqran Qriqoryan əmindir ki, fərdlər ABŞ-ın ümumi siyasətinə ciddi təsir göstərə bilməz. “Tramp kimi liderlər üçün bu kimi amillər rol oynaya bilər, lakin ümumilikdə ABŞ-ın müxtəlif regionlardakı siyasəti yeni məmurların şəxsi baxışları ilə müəyyən edilmir. Politoloq hesab edir ki, İrəvan bu fürsətdən istifadə edərək ABŞ administrasiyası ilə əlaqə yaratmalı və müxtəlif, o cümlədən regional məsələlərlə bağlı mövqeyini çatdırmalıdır.
Erməni analitikin ölkəsi üçün baxışı özlərinə maraqlıdır, bizi düşündürən isə Rubio, Qabbard kimi ermənipərəstlərdən ibarət kabinetin Azərbaycana münasibətinin necə olacağıdır. Trampın komandasında ermənipərəstlərin vəzifə tutması Azərbaycanı nə qədər narahat etməlidir? Çünki Azərbaycan rəhbərliyi yeni iqtidardan praqmatik, səmimi münasibət gözləntisindədir.
“İndi vəziyyət kökündən dəyişib. Şuşada və Xankəndidə amerikalını gəzdirənlər hazırda Bakıda mühakimə olunurlar. İnanmıram ki, onlar haqda Tramp komandası fikir bildirmək istəsin”, - “Yeni Müsavat”a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə belə qiymətləndirdi. Hüquq müdafiəçisi Trampın ilk prezidentliyi dövründə Azərbaycanın işğal faktına son qoyduğunu, Ağ Evə ikinci rəhbərliyi dönəmində isə qondarma rejimin rəhbərlərini mühakimə etdiyini açıqladı: “ABŞ hakimiyyətində ermənipərəst siyasətçilərin olması faktı o demək deyil ki, yeni administrasiya Azərbaycan əleyhinə olacaq. Açığı, belə gözləntim yoxdur. Sadəcə, arabir ürəkbulandıran hansısa bəyanatlar da istisna deyil. Məhz Qabbarda gəldikdə, kəşfiyyat şefinin işi xüsusidir, siyasətə qarışmırlar. Onun vaxtilə Şuşanı gəzməsinə baxmayaraq, indi ermənilər mövzusunda danışacağını proqnozlaşdırmıram. Bu, ABŞ kimi nəhəng dövlətin kəşfiyyat rəhbəri üçün kiçik məsələ olardı”.
Ç.Qənizadə qeyd etdi ki, üstəlik, Prezident İlham Əliyev Davosda amerikalı nümayəndə ilə görüşdə açıq danışdı: “Qeyd etdi ki, Bayden-Blinken administrasiyası nankorluq edib, Bakı-Vaşinqton münasibətləri böhrana sürüklənib. Yəni Azərbaycan dövləti Tramp iqtidarından normal mövqe, tərəfdaşlıq gözləməkdədir. Bu mənada, Tramp komandasında Rubio, Qabbard kimi kadrların yer almasına rəğmən Azərbaycan okeanın o tayından özünə qarşı dürüstlük gözləyir. Biz ABŞ-la hər zaman əlaqələrin yüksək olmasının tərəfdarıyıq. Cənab Prezident də dedi ki, yeni administrasiya dövründə əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq imkanları var. Azərbaycan Cənubi Qafqazda ABŞ üçün mühüm tərəfdaşdır. Biz Avropanın enerji təhlükəsizliyinin təmin olunması, beynəlxalq terrorizmlə mübarizədə mühüm rol oynamışıq, Əfqanıstan, İraq və Kosovoda sülhməramlılarımız xidmətini yerinə yetiriblər. Bütün bunları Birləşmiş Ştatlar dəyərləndirməlidir. Eyni zamanda Azərbaycanın həm Rusiya, həm İranla sərhədi olan yeganə dövlət olduğumuzu da Vaşinqtonda təhlil etməlidirlər”.
Məhəmməd Əsədullazadə
Siyasi təhlilçi Məhəmməd Əsədullazadə hesab edir ki, Cənubi Qafqazda gedən geosiyasi proseslər ABŞ-ın maraqlarına cavab verirdi, amma ermənipərəst mövqe sərgilənirdi: “Dövlət Departamentində başda Blinken olmaqla təmsil olunan bir çox diplomatlar tamamilə Azərbaycana qarşı qərəzli və destruktiv mövqedən çıxış edirdilər. Görünən odur ki, artıq onların sonu çatıb. Tramp onları istefaya göndərir. Bu da göstərir ki, Tramp ABŞ-ın dövlət maraqlarına zərbə vuran diplomatlarla işləməyəcək. Hesab edirəm ki, Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərdə normallaşma olacaq. Dövlət Departamenti və yeni dövlət katibi Azərbaycanla münasibətləri normal müstəviyə gətirib çıxaracaq. Məhz rəsmi Bakı bunu gözləyir. Rəsmi Bakı Azərbaycanla Vaşinqton arasında münasibətlərin normal müstəvidə davam etdirilməsində maraqlıdır. İndiki administrasiya bir çox ölkələrin daxili işinə qarışmamağı rəhbər tutacaq”.
Ekspertə görə, ABŞ-ın Azərbaycanla münasibətlərində yeni bir mərhələ başlaya bilər: “Artıq hansısa vasitələrdən Azərbaycana qarşı təzyiq rıçaqı kimi istifadə etmək geridə qaldı. Tramp və onun komandası praqmatik mövqedən çıxış edəcək. Respublikaçıların ümumi siyasi vizionu Azərbaycanla münasibətlərə daim isti yanaşır. Fikrimcə, bu dəfə də belə olacaq. Ona görə də Qabbardın əvvəlki mövqeyinin Tramp kabinetinin kursuna təsir göstərəcəyini gözləmirəm”.
Ramiyə Məmmədova
Siyasi şərhçi Ramiyə Məmmədova Tramp dövründə Bayden hakimiyyəti qədər ermənipərəst siyasət olacağını proqnozlaşdırmır. Onun qənaətinə görə, bu kadrların təyinatı erməniləri sevindirsə də, Bakıya qarşı açıq qərəz nümayiş etdirilməyəcək: “Onu da nəzərə almaq lazımdır ki, Ərdoğan Trampı özünə dost sayır. Azərbaycan və Türkiyənin ABŞ-ın yeni hökumətindən xoş gözləntiləri var. Təbii ki, Tramp imzalanmış xartiyadan irəli gələrək Ermənistana da dəstəyi artıracaq. Burada Türkiyənin də köməyinə ehtiyac duyacaq ki, İrəvan mümkün qədər Moskvadan qopsun. Bu mənada, şəxslərə baxmalı deyilik. Ancaq Rubionun antitürk olması müəyyən tərəddüdlər yaradır. Hər halda, bizə gözləmək qalır. Tramp çıxışlarında bölgəyə dair hələ ki heç nə deməyib. Onun əsas diqqəti ticarət savaşları olacaq”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
24 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ