İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər Azərbaycan-Rusiya gərginliyini niyə istəyir?

“Rusiya və Azərbaycan birgə iş üçün istiqamətləri müəyyənləşdirib. Enerji sahəsində əməkdaşlıq və nəqliyyat əlaqələrinin inkişafı prioritetdir”. Bunu iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Həştərxanda keçirilən 23-cü iclasında Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib. Bu görüşdən sonra Ermənistanda bir narahatlıq yaranıb.

İrəvan Azərbaycanla Rusiyanın yaxınlaşmasından həyəcanlanıb. Erməni tərəfi ümid edirdi ki, münasibətlərin pisləşməsindən istifadə edə bilər. Amma Həştərxanda keçirilən görüş gözləntiləri puç edib. Bu barədə armenianreport yazır: “Erməni cəmiyyətində və siyasi dairələrində tez-tez "Rusiya Cənubi Qafqazı nəhayət ki, itirdi" fikrini eşitmək olar. Ancaq son hadisələr göstərir ki, bu cür söhbətlər reallıqdan çox arxayınlığa bənzəyir. Avqustun 23-də Rusiya və Azərbaycanın xarici işlər nazirləri - Sergey Lavrov və Ceyhun Bayramov arasında telefon danışığı olub. Bu cür müntəzəm təmasların olması faktı onu deməyə əsas verir ki, Moskva və Bakı bir-birindən uzaqlaşmaq fikrində deyil. Ancaq bu hamısı deyil. Həştərxanda iqtisadi əməkdaşlıq üzrə Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçirilib. Aleksey Overçuk və Şahin Mustafayev komissiyanın 23-cü iclasının yekunlarına dair protokol imzalayıblar. Bu, formallıq deyil, iqtisadi əlaqələrin dərinləşməsi üçün konkret vasitədir". 

Göründüyü kimi, erməni mediası bu əlaqələrdən keçirdiyi ağrıları hiss etdirib. Sözügedən portal daha sonra qeyd edir: “Ola bilsin ki, yaxın gələcəkdə iki ölkə arasında münasibətlərin tədricən istiləşməsinin şahidi olacağıq. Bəli, bir həftə əvvəl qeyri-mümkün görünən şey baş verə bilər. Son illərdə eşidilən bütün qarşılıqlı qınaqlar tez bir zamanda keçmişə çevrilə bilər. Və sonra rus təbliğatçıları yenidən Azərbaycan barədə güclü və müstəqil dövlət nümunəsi kimi danışacaq. Və belə olan halda sual yaranır: Ermənistan nə etməlidir? Açığı, Qərbə birtərəfli "stavka" özünü doğrultmur. Həm Rusiyanın maraqlarını, həm də Avropanın imkanlarını nəzərə alan balanslaşdırılmış xarici siyasət qurmaq daha ağıllı olardı". 

Azərbaycan-Rusiya münasibətlərində gərginliyin qismən azalması Ermənistanı niyə narahat edir? İrəvan Bakı ilə Moskva arasında gərginlikdə nə üçün maraqlıdır və bundan necə istifadə edə bilər?

Xəyal Bəşirov: Paşinyan hakimiyyətini qorumaq üçün hər addıma hazırdır »  Azxeber.com

Xəyal Bəşirov 

Politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, bu gərginlik tam aradan qalxmasa da, təyyarə hadisəsi ilə bağlı tələblərimizə lazımi cavab verilməsə də, Rusiyanın Azərbaycana ehtiyacı var: “Bu ehtiyac Rusiyanın Qərb dünyasından təcrid olunduğu bir vaxtda daha da artır. Burada dövlətlərarası münasibətlərdən söhbət getmir. Bu gün Rusiya Ukrayna müharibəsinə görə təbii sərvətlərini, enerji məhsullarını dünya bazarına çıxara bilməmək problemini yaşayır. Təbii ki, bu, həm də Azərbaycanla münasibətlərin yaxşı olması zərurətini, aktuallığını meydana gətirir. Rusiyanın Azərbaycana daha çox ehtiyacı var, Ermənistana isə ehtiyacı yoxdur. Ermənistan Rusiyaya hazırda hərbi bazasının yerləşdirilməsi baxımından bir ərazi olaraq lazımdır. Yeni reallıqlar Azərbaycanla gərginliyin uzun müddət davam etməsini Rusiya üçün zərərli prosesə çevirir. Ermənistan isə faktiki olaraq hələ də Rusiyadan qidalanır”.

Politoloq qeyd etdi ki, Azərbaycanın Rusiya üçün əhəmiyyətinin get-gedə artdığını Ermənistan görür və narahatlıq keçirir: “Son zamanlar Rusiya-Azərbaycan münasibətlərində müşahidə olunan gərginliklər erməniləri sevindirməyə başlamışdı. Ermənilər hesab edirdilər ki, bu gərginlik ən kəskin fazaya qədər yüksələcək və bərpası mümkünsüz hala çatacaq. Belə vəziyyətdə Rusiyanın Ermənistana ehtiyacı yaranacaq, Rusiya Ermənistana "arxanda dayanmışam Azərbaycana qarşı hücuma keç" kimi göstəriş verəcək. Ermənilər Birinci Qarabağ müharibəsində baş verənlərin təkrarlana biləcəyi arzusuna düşməyə başlamışdılar. Onlar hesab ediblər ki, Rusiyanın Azərbaycanla münasibətlərinin gərgin olması Ermənistanın Moskvanın qucağında daha çox oturmasını və Rusiyanın Ermənistanı daha çox qucaqlamasını şərtləndirir. Lakin erməni mediası nahaqdan ümidləndiyinin fərqinə varmağa başlayıb. Buna görə də Rusiya-Azərbaycan münasibətlərinin düzəlmə xətti götürməsindən dilxor olduqlarını gizlətmirlər".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR