İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər anklavları qaytarmaqdan rəsmən imtina etdi - ruslar isə orada qarnizon qurur...

Ermənistanın davranışları gərginliyi tətikləyir, bu dəfə iki dövlətin müəyyən olunmayan sərhədində; Ekspert: “Gec-tez onlar məcburiyyət qarşısında Azərbaycan ərazilərini geri qaytaracaqlar”

Ermənistan növbəti dəfə 2020-ci ilin 10 noyabr anlaşmasını pozmaq istiqamətində addım atıb. Belə ki, rəsmi İrəvan 1992-94-cü illərin birinci Qarabağ müharibəsi zamanı erməni ordusunun işğal etdiyi Azərbaycan anklavlarının qaytarılması niyyəti ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına absurd cavab verib.

Ermənistan XİN-in bəyanatında iddia edilib ki, Azərbaycanın anklavları tələb etmək üçün heç bir hüquqi əsası yoxdur, Azərbaycan xarici işlər naziri müavininin bəyanatı isə heç bir hüquqi sənədə əsaslanmayıb. İrəvan Ermənistan ərazisindəki hər hansı anklavla bağlı Bakıdan hüquqi əsaslandırma və ya hüquqi sənədlər almayıb. “Müxtəlif xəritələr dərc olunub, lakin çox mühüm bir hal var: tərəflərdən birinin dərc etdiyi xəritə ərazinin bu və ya digər tərəfə məxsus olmasına qanuni əsas deyil. İstənilən xəritə hüquqi sənədə əsaslanmalıdır”, - deyə bildirilir. Bundan əlavə, qeyd edilib ki, İrəvanın “Azərbaycan ərazisindəki anklavlara” hüquqi əsasları var. Erməni tərəfi bu “əsasları” Azərbaycanla danışıqlar zamanı təqdim edəcək. Həmçinin İrəvan Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra nəzarətə götürdüyü ərazilərdən silahlı qüvvələrini çıxarmasını tələb etməkdə davam edir. Yada salaq ki, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, demarkasiya komissiyasının fəaliyyəti nəticəsində, digər məsələlərlə yanaşı, Qazax rayonunun 7 kəndi və Kərki Azərbaycana qaytarılmalıdır. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da müxalifətin səsləndirdiyi anklavların mümkün mübadiləsinə toxunaraq bu barədə danışıb. O bildirib ki, hər iki tərəfdə anklav olduğundan, anklavlar məsələsi indiyədək qaldırılmayıb. Bu arada isə məlum olub ki, Əskipara kəndinin inzibati ərazisində, Əskipara-Bağanis yolunun kənarında rus hərbçilər hərbi qarnizon yerləşdirmək üçün 2 hektar ehtiyat ərazini icarəyə götürürlər. Bu barədə Ordu.az saytı məlumat yayıb. Saytın qeyd etdiyinə görə, bunu erməni jurnalist Voskan Sərkisyan öz “Facebook” səhifəsində yazıb. Əskipara sakinləri erməni jurnalistə bildiriblər ki, Rusiya hərbçiləri həmin ərazidə iş görüb, torpaq nümunəsi götürüblər. Rusiya hərbi qulluqçularının Tavus regional administrasiyası ilə 2 hektar torpaq icarəsi müqaviləsi imzalayacağına dair məlumatlar var və hazırda həmin sənəd hazırlanır.

Bütün bunlar o qənaətə gəlməyə əsas verir ki, Ermənistan anklav kəndlərimizi geri qaytarmaqdan rəsmən imtina edir. Yazı çapa hazırlananadək rəsmi Bakı İrəvandan gələn absurd bəyanata münasibət bildirməmişdi, amma yəqin ki, tutarlı cavab olacaq. Bəs müstəqil ekspertlər İrəvanın və Rusiyanın bu mövqeyini necə şərh edər? Mövcud durumda hansı addımlar atıla bilər?

63 yaşlı Qafar Çaxmaqlı: “Həmişə hər şeyi sıfırdan başlamışam” - MÜSAHİBƏ

Qafar Çaxmaqlı

Politoloq Qafar Çaxmaqlının fikrincə, anklavlar məsələsi heç şübhəsiz ki, sərhədlərin müəyyənləşməsi ilə bağlı danışıqların predmeti olacaq: “Demarkasiya və demilitasiya işi həyata keçirilərkən onlar müzakirə ediləcək. Ermənistan bu danışıqlardan öncə belə bir fikir yaratmağa çalışır ki, hər iki ölkənin anklavları var və bunlar bir-biri ilə dəyişdirilsin. Onlar Gədəbəy ərazisində olan Başkəndi digər anklavlarla əvəzləmək taktikası irəli sürürlər. Amma bu ərazilərin sahəsi eyni deyil. Qazağın 7 kəndi və Kərki kəndi Başkənd ərazisinə bərabər deyil. Həm də Başkənd sonradan Ermənistana verilmiş ərazidir. SSRİ vaxtı dərc olunmuş xəritələrdə də bu, yer alıb. İndi Qazax rayonuna aid anklav durumuna düşmüş həmin kəndlərimiz də vaxtilə anklav deyil, Azərbaycanın digər torpaqlarına bitişik olmuşdur. Ermənilər danışıqlar prosesində bunların ortaya çıxacağından ehtiyat edirlər. Bu gün etdikləri manipulyasiya da bununla bağlıdır”. Q.Çaxmaqlı hesab edir ki, Rusiya bu ərazilərə strateji nöqteyi-nəzərdən baxır: “Rusiya Bağanis-Ayrım istiqamətində qarnizon inşa etməklə üç respublikanın yolunu nəzarətə götürmək istəyir. Gürcüstanla bağlı Rusiyanın kommunikasiya xəttinə nəzarət əldə etmək istəməsi yeni deyil və Azərbaycan burada hər hansı hərbi qarnizonun olmasına etiraz etməlidir. Ruslar burada hər hansı iş görmək istəyirlərsə, Azərbaycanla razılaşdırmalıdrlar, Ermənistanla yox. Bu ərazilər Azərbaycana aiddir. Anklavlar məsələsi ayrıca 10 noyabr  bəyanatında da yer alıb. Ermənistan Qazağın 7 kəndini və Kərki kəndini qaytarmalıdır”.

Üzeyir Cəfərov: “Siz azərbaycanlısınız, ya bu xalqa düşmən olan digər  millətlərin nümayəndələri?”

 Üzeyir Cəfərov

Hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, anklav ərazilərlə bağlı baş verənlər bir daha Ermənistanın bölgədə sülhün, əmin-amanlığının bərqərar olmasında o qədər də maraqlı olmamasını deməyə əsas verir: “Gah sülh danışıqları və sənədinin imzalanmasından danışan Paşinyan və komanda üzvləri, bir qədər sonra müxtəlif bəhanələrlə məsələni uzatmaq və öz pozuculuq siyasətlərini davam etdirirlər. Azərbaycandan daha çox özünün iqtisadi-siyasi vəziyyətini, hərbi potensialını normal bir duruma gətirməyə böyük ehtiyacı olan erməni tərəfi yenə aranı qatmaq, münaqişənin həllini uzatmaq üçün müxtəlif bəhanələr düşünür. Onsuz da gec-tez onlar Azərbaycan ərazilərini geri qaytarmaq zorunda olacaqlar. İndi anklav əraziləri guya ”ortalıqda sənəd yoxdur" bəhanəsi ilə geri qaytarmayacaqlarını bəyan etmələri  bəsit və gülüncdür. Hər iki tərəfdən sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı işçi qrupları ciddi fəaliyyətə başladıqdan sonra özləri də əmin olacaqlar ki, onların nəzərdə tutduqları sənədlər də mövcuddur, xəritələr də. Ona görə də bəhanə axtarmaq, vaxt uzatmaq Ermənistanın ziyanınadır". O ki qaldı rusların icarəyə torpaq götürmək, hansısa hərbi obyekt, infrastruktur qurmaq kimi addımları, polkovnik bildirdi ki, bunun da perspektivi yoxdur: “Yaxın aylarda onların nə maddi, nə də hüquqi əsasları imkan verəcək ki, onlar o ərazilərdə duruş gətirə bilsinlər. Amma biz Azərbaycan tərəfi olaraq onlara diplomatik xətlər vasitəsilə başa salmalıyıq ki, bir qədər diqqətli və ehtiyatlı olsunlar. Azərbaycan sərhədlərinin 1 addımlığında Rusiyanın bu kimi işlərlə məşğul olması əslində yersizdir və bu faktın özü də bir daha sübut edir ki, Rusiya Ermənistan faktorundan bölgədə öz millitarist hərəkətlərini davam etdirmək üçün var gücü ilə çalışır. Bu isə o deməkdir ki, Cənubi Qafqazda separatizmin kökünü kəsmək, qonşu dövlətlərə qarşı ərazi iddiası üçün ermənilərə münbit şərait yaratmaq kimi xain xislətlərindən əl çəkmək fikirləri yoxdur. Amma son baş verən proseslər onu deməyə əsas verir ki, inşallah, yaxın dönəmdə çox şeylər dəyişəcək və biz bölgədə nəhayət ki, sabitliyə doğru addımların atılmasının şahidi olacağıq”.

Son günlər erməni mediası davamlı şəkildə Qazağın işğalda olan kəndləri və Sədərəyin 1990-cı ildən bəri zəbt olunmuş Kərkisindən reportajlar hazırlayır, oradakı azsaylı erməni əhalinin dilindən “ölərik, kəndi tərk etmərik”, kimi gülməli iddiaları tirajlayırlar. Unudurlar ki, Hadrutdan da çıxmaq istəmirdilər. Bu mənada Ermənistanın davranışları gərginliyi tətikləyir, bu dəfə iki dövlətin müəyyən olunmayan sərhədində...

E.PAŞASOY,
“Yeni Müsavat”

 

 

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR