İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni vəhşiliyinin açıq səma altındakı sübutları: kütləvi məzarlıqlar

Qarabağda daha bir vandallıq aşkarlanıb; Azərbaycan bu dəlil-sübutlardan istifadə edəcəkmi?

Erməni vandalların işğal dövründə Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklər saymaqla bitməz. Bu da növbəti fakt - Qarabağda daha bir kütləvi məzarlıq aşkarlanıb.      

“Beynəlxalq hüquqa görə, insanların girov götürülməsi qadağan olunsa da, burada insanlar girov götürülməklə yanaşı, işgəncələrlə qətlə yetirilib. Onlar qətlə yetirildikdən sonra burada kütləvi şəkildə dəfn olunub”.

“Yeni Müsavat” bildirir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycan tərəfi uzun müddət həm Xocalı soyqırımı zamanı, eləcə də Ermənistanın Azərbaycana təcavüzü nəticəsində itkin düşmüş vətəndaşların taleyinin araşdırılması ilə bağlı beynəlxalq təşkilatların vasitəsi ilə Ermənistana sorğular göndərib: “Bu insanların taleyi ilə bağlı faktları Ermənistan tərəfi gizlətməyə davam edir”.

E.Səmədov qeyd edib ki, aşkarlanan meyit qalıqlarında zorakılıq izləri aşkar görünür: “Onların ayaq, əl və kəllə sümüklərində küt alətlərlə vurulmuş zədələr var. Meyit qalıqları üzərində işgəncə izləri aşkar görünür. Geyimlərdən görünür ki, bu qalıqlar mülki şəxslərə aiddir. Mütəxəssislərin rəyinə görə, onların arasında qadınlar çoxluq təşkil edir. Qazıntı prosesi davam edir. Ola bilsin ki, yerin aşağı laylarında yenə meyit qalıqları tapılsın”.

Məlumdur ki, sülh sənədi layihəsinin bəndlərinin birində Azərbaycan və Ermənistan beynəlxalq instansiyalarda  bir-birinə qarşı məhkəmə iddiaları qaldırmamaq öhdəliyi götürüb. O zaman bu kimi faktlar necə olsun bəs? Azərbaycan kütləvi məzarlıqlarla bağlı dəlil-sübutlardan istifadə edəcəkmi?

Əlövsət Allahverdiyev 1905.az

 Əlövsət Allahverdiyev

Beynəlxalq hüquq üzrə ekspert Əlövsət Allahverdiyev “Yeni Müsavat”a açıqlamasında bu məsələnin beynəlxalq hüquqi bir məsələ olduğunu qeyd etdi: “Əslində, çox maraqlı məsələyə toxunmusunuz. Bu, iki dövlətin məsələsi deyil, təbii ki, beynəlxalq hüquqi məsələdir. Yəni silahlı münaqişələr dövründə mülki şəxslərin məcburi yoxa çıxarılması, itkin düşməsi və sonradan onların taleyi haqqında məlumat verilməməsi beynəlxalq sülh və təhlükəsizlik üçün qorxuludur. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində dinc mülki əhalinin öldürülməsi, işgəncələrə məruz qalması və əsir götürülməsi dünya ictimaiyyətinə məlumdur.

Demək olar ki, dinc mülki əhali erməni silahlı birləşmələrinin törətdikləri müharibə cinayətlərinin qurbanına çevrilib. Təcavüzkar siyasətin həyata keçirilməsinin nəticəsi olaraq 3968 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3962 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə Vətən müharibəsində itkin düşüb. Halbuki, Ermənistan Bütün Şəxslərin Məcburi yoxa çıxarılmadan Müdafiəsi üzrə 2006-cı il Konvensiyasının iştirakçısıdır. Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndində göstərilir ki, heç kəs zorla itkin düşməyə məruz qala bilməz. 2-ci bəndində isə  qeyd olunur ki, istər müharibə vəziyyəti, istərsə də müharibə təhlükəsi, daxili siyasi qeyri-sabitlik və ya hər hansı digər ictimai fövqəladə vəziyyət, heç bir müstəsna hal məcburi itkin düşməyə əsas kimi istinad edilə bilməz".

Hüquqşünas vurğuladı ki, Ermənistan birincisi, insanları məcburi yoxa çıxarmaqla Konvensiyanın tələblərini pozmuş, ikincisi isə həmin şəxslərin taleyi haqqında, habelə onların məzarları haqqında məlumat vermədiyi üçün beynəlxalq humanitar hüquq normalarının tələblərini pozub: “Xüsusilə bildirmək istəyirəm ki, bu sahədə aparılmış araşdırmalar da təsdiq edir ki, məcburi yoxa çıxarılan, itkin düşmüş şəxslər işgəncələrlə öldürüldüyündən qarşı tərəf heç vaxt bununla bağlı məlumat vermək istəmir. Söhbət tək öldürülməkdən getmir, həm də öldürülmüş şəxslərin meyitləri üzərində təhqiredici hərəkətlər edilir və onlar tanınmaz hala salınır. Bunlar beynəlxalq fərdi cinayət məsuliyyətinə səbəb ola biləcək müharibə cinayətləridir. 1949-cu il Müharibə qurbanlarının müdafiəsinə dair Cenevrə Konvensiyaları müəyyən edir ki, ölülər, mümkün qədər mənsub olduqları dinin ayinlərinə uyğun dəfn edilməli və yalnız müstəsna hallarda, gigiyena ilə bağlı imperativ səbəblərə görə, ölənin dininə görə yandırıla bilər. Cenevrə Konvensiyaları bundan əlavə, prinsipcə dəfnin fərdi qəbirlərdə olmasını tələb edir”.

Onun sözlərinə görə, kollektiv qəbirlərdən yalnız şərait fərdi qəbirlərdən istifadəyə imkan vermədikdə və ya hərbi əsirlərin və ya mülki internirlərin dəfn edilməsi zamanı istifadə oluna bilər: “Çünki qaçılmaz hallar kollektiv qəbirlərdən istifadəni tələb edir. Nəhayət, Cenevrə Konvensiyaları imkan daxilində qəbirlərin milliyyətinə görə qruplaşdırılmasını tələb edir. Konvensiyadan da görünür ki, meyitlərlə qəddar davranışa yol verilməməlidir. Bu əməllər Ermənistan silahlı birləşmələrinin törətdiyi beynəlxalq cinayətlərin bir hissəsidir. Törədilmiş beynəlxalq cinayətlər isə cəzasız qalmamalıdır. Bu beynəlxlalq sülh və təhlükəsizlik üçün təhdiddir. Cəzasızlıq yeni beynəlxalq cinayətlərin törədilməsinə şərait yaradır. Bu isə heç bir halda sülh danışıqlarının həyata keçirilməsinə mane olmamalıdır. Tarixə nəzər salsaq, görərik ki, II Dünya müharibəsi başa çatdı, sülh danışıqlarına başlanıldı və eyni zamanda Nürnberq və Tokio tribunalları yaradıldı və cinayətkarlar mühakimə olundular. Bununla bərabər də sülh müqaviləsi imzalandı. Ölkə Prezidenti öz çıxışlarında da qətiyyətlə vurğulamışdı ki, Ermənistanın keçmiş siyasi və hərbi rəhbərliyi törətdikləri beynəlxalq cinayətlərə görə mütləq beynəlxalq cinayət məsuliyyətinə cəlb olunmalıdılar”.

Cavanşir Abbaslı,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

BÜTÜN XƏBƏRLƏR