Onlayn ictimai-siyasi qəzet
Bakıdan reaksiya: “İlhan Aşkının müdafiəsi ilə bağlı da müəyyən tədbirlərin görülməsi zəruridir, bu sadəcə bir türkün fərdi qaydada davası deyil, bütün türk millətinin davasıdır”
Hollandiyada fəaliyyət göstərən Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkının erməni iddiaları əsasında mayın 15-də Haaqa şəhər Ağır Cəza Məhkəməsində növbəti məhkəməsi keçirilib. Bu barədə İlhan Aşkın özü məlumat verib (Axar.az.)
“Vəkilimlə birlikdə mənə qarşı Ermənistan səfirliyi və diasporunun ittihamlarına əsaslı faktlarla cavab verdik. Məhkəmənin nə qərar verdiyini yalnız iki həftədən sonra biləcəyik. Hesab edirəm ki, bugünkü (srağagünkü - red.) müdafiəmiz çox pozitiv oldu və biz haqlı olduğumuzu sübut etməyə çalışdıq. Ermənilərin təzyiqləri davam etsə belə, məhkəmənin ədalətli mövqe sərgiləyəcəyinə ümid edirəm”, - Aşkın bildirib.
İlhan Aşkın məhkəmədə Azərbaycan səfirliyinin nümayəndələri və diaspor üzvlərinin ona heç bir dəstək vermədiyini də qeyd edib: “Erməni diasporunun mənə qarşı aqressiyasının səbəbi odur ki, 2011-ci ildə onların Haaqa şəhərində qondarma ”erməni soyqırımı"na abidə qoymaq istəklərinin qarşısını imza toplamaqla almışam. Bunun əvəzində isə 2014-cü ildə Haqqa şəhərində Xocalı soyqırımına abidənin qoyulmasına nail oldum. Ona görə də bu, indinin yox, 10 il ərzində ermənilər tərəfindən davam edən kin və nifrətin nəticəsidir".
Yada salaq ki, İlhan Aşkın ötən il Haaqa məhkəməsinin qərarı ilə 1000 avro məbləğində cərimə olunub, üstəlik iki aylıq həbs cəzasına məhkum edilmişdi. İlhan Aşkın həmin qərardan apelyasiya şikayəti vermişdi.
Rəsmi Bakı ermənilərin hədəfində olan bir türk vətənpərvərə necə kömək edə bilər?
Fazil Mustafa
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, İlhan Aşkının müdafiəsi istiqamətində Azərbaycan tərəfindən mümkün olan bütün addımlar atılmalıdır. Məhkəmədə tələblərin nə olduğunu dəqiqləşdirmək laızmdır. Amma bütün hallarda Azərbaycan dövləti Azərbaycanın haqq işi uğrunda mübarizə aparan bütün vətənpərvərlərə kömək etməyə hazırdır və hər zaman da bunu edir: “Hollandiya da erməni təsiri kifayət qədər böyükdür və Hollandiya öz maraqlarını ermənilərin iradəsinə təslim edib, boğazındakı ipi ermənlərə verib. Ermənilər də hara gəldi Hollandiya kimi bir dövləti sürükləyirlər. Bu da həmin dövlətin cılız bir siyasi strategiya izlədiyini göstərir. Halbu ki, o daha çox Azərbaycan kimi dövlətlə dost olmağa çalışmalıdır. Həm iqtisadi, həm mədəni, həm başqa aspektlərdə yaxşı əlaqələr qurmağa maraqlı olmalıdır. Təəssüf ki, bütün platformalarda türklər əleyhinə öncül mövqeyi Hollandiya dövləti tutur. Amma buna baxmayaraq biz bu cür təhdidlər, təzyiqlər qarşısında heç vaxt geri çəkilən cəmiyyət olmadığımıza görə ayrı-ayrı fərdlər formasında olsa da, qruplar, icmalar, təşkilatlar formasında da olsa, dövlət səviyyəsində də olsa mübarizəmizi davam etdirəcəyik. Konkret İlhan Aşkının müdafiəsi ilə bağlı da müəyyən tədbirlərin görülməsi zəruridir. Çünki bu sadəcə bir türkün fərdi qaydada davası deyil, bütün türk millətinin davasıdır”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ