Onlayn ictimai-siyasi qəzet
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Ümumdünya Kilsələr Şurası Mərkəzi Komitəsinin növbəti iclasının yekun sənədində birtərəfli xarakter daşıyan və erməni tərəfinin mənafelərinə xidmət edən bənd qəbul etməsi ilə əlaqədar etiraz məktubu ünvanlayıb.
“Yeni Müsavat” həmin məktubdan bəzi məqamları diqqətə çatdırır: “Təəssüflə qeyd etməliyik ki, 2022-ci ilin 31 avqust - 8 sentyabr tarixlərində Ümumdünya Kilsələr Şurasının 11-ci Asambleyasında olduğu kimi, ÜKŞ yenidən Mərkəzi Komitənin növbəti iclasının yekun sənədində birtərəfli xarakter daşıyan və erməni tərəfinin mənafelərinə xidmət edən bənd qəbul edib. Biz yaxşı bilirik ki, bu kimi anti-Azərbaycan mahiyyətli sənədlər Eçmiədzin və Kilikiya erməni kilsələrinin sizə etdiyi müraciətlər və obyektiv olmayan, həqiqətdən uzaq məlumatlara əsasən qəbul edilir. Belə qənaətə gəlmək olar ki, 1993-cü ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə verən və münaqişənin dini mahiyyət kəsb etməməsi haqqında o vaxtkı mövqeyindən fərqli olaraq, ÜKŞ hazırda birtərəfli və qərəzli şəkildə erməni təəssübkeşliyi mövqeyindən çıxış edir. Eyni zamanda ÜKŞ son dövrlərdə dünyada cərəyan edən siyasi prosesləri dini müstəviyə çıxarmaqla öz nüfuzuna xələl gətirir. Düşünürük ki, müasir dünyada baş verən zorakılıq, nifrətə çağırış, dini və irqi zəmində ayrı-seçkilik hallarının, dini atributların həqarət olunması kimi vandalizm aktlarının artdığı bir dövrdə Kilsə adını daşıyan Təşkilat bu kimi təhlükəli tendensiyalara daha çox diqqət ayırmalı, birtərəfli siyasi bəyanatlarla deyil, barışdırıcı, sülhü təmin edə bilən və birgəyaşayışı təbliğ edən çağırışlarla çıxış etməlidir.
Xüsusilə nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycanın 86,6 min kv. km. təşkil edən ərazisində “Artsax” adlı inzibati vahid yoxdur və bunu dünya birliyi ilə yanaşı, Ermənistanın baş naziri Paşinyan da rəsmən etiraf edib. Azərbaycanın suveren ərazisi olan Laçın-Xankəndi yolunda cari ilin əvvəllərində ölkəmizin təbii sərvətlərinin talan edilməsinə, ekologiyasının çirkləndirilməsinə, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci ilin 10 noyabr tarixli bəyanatından sonra işğaldan azad olunmuş ərazilərimizə 2021-ci ildə Ermənistanda istehsal olunmuş minaların və hərbi sursatın daşınması faktlarına qarşı ekofəalların dinc xarakterli haqlı etiraz mitinqləri olmuşdur. Həmin dövrdə və bu gün də humanitar məqsədli gediş-gəlişə və mülki malların daşınmasına heç bir məhdudiyyət yoxdur. Birmənalı şəkildə bildiririk ki, erməni kilsəsi və onun havadarları tərəfindən yayılan və həqiqətə uyğun olmayan məlumatlar, Qarabağda guya humanitar böhranın və “etnik təmizləmə siyasəti”nin yaşandığı barədə iddialar böhtan xarakteri daşıyır və qanunsuz erməni hərbi qruplaşmalarının Azərbaycanın ərazisində təxribatçı terror fəaliyyətlərini ört-basdır etməyə hesablanıb. İşğaldan azad olunmuş ərazilərimizdə yüzlərlə dinc sakinimiz bu gün də ermənilər tərəfindən qoyulmuş minalara düşərək öz həyatını itirir, əlil olur, erməni kilsəsi isə dini kürsüdən istifadə edərək yenidən müharibə ritorikası ilə çıxışlar edir və revanşizmi dəstəkləyir.
Bu məktubumuzla rəhbərlik etdiyiniz təşkilatı həqiqəti müdafiə etməyə və obyektiv bəyanatlar verməyə, kövrək sülh şəraitində birtərəfli mövqe tutmamağa, ədalətin yanında olmağa, erməni tərəfinin qızışdırıcı fəaliyyətinə dəstək verməməyə çağırırıq. Çünki Vahid Yaradana və Haqqa xidmət edən din xadimləri, dini təşkilatlar, xüsusilə dini liderlər münaqişəyə və qarşıdurmaya deyil, humanizm ideyalarına, sülhə, birgəyaşayışa və qarşılıqlı anlaşmaya töhfə verməlidirlər.
Azər Hüseynov
AG Partiya başqanının ideoloji məsələlər üzrə müşaviri, siyasi ekspert Azər Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Ümumdünya Kilsələr Şurasından elə bunu gözləmək olardı: “Ermənilər tarixən səlibçi hərəkətlərin himayəsində və xidmətində olublar. Bir çox bu tip qurumların da ola bilər mərkəzi idarələrində bu zehniyyət vardır. Onsuz da bu tipli qurumlar missioner fəaliyyətinin əlaqələndirilməsi ilə məşğuldurlar. Həmin fəaliyyətlər də əsasən müsəlmanlara qarşıdır. Ona görə bu təşkilatın erməniləri dəstəkləməsi qeyri-adi hal deyildir. QMİ də yaxşı edibdir. Məktub reallıqları deyir. Amma biz bir məktubu da ölkəmizdəki xristian icmalarından birgə və ayrılıqda gözləməliyik. Onlar durmadan yazmalıdırlar ki, Azərbaycanda xristian icması necə fəaliyyət göstərir. Bakının mərkəzində və bölgələrdə xristian icmalarının durumu nədir? Ola bilsin ÜKŞ bizi, müsəlmanları qərəzli hesab edir. Ona görə xristian icmalarımız qabağa düşməlidir. Onlar bizim səsimizi çatdırmalıdır. Bizim tolerantlığımız nə durumdadır, onlar dünyaya hayqırmalıdır. Bu məsələdə Azərbaycanın və onun maraqlarının xidmətində olmaq həm adil olmaq, həm də Vətən borcudur. Ümid edirəm ki, Azərbaycanın xristian icmaları bu təşkilatı məktub yağmuruna məruz qoyacaqdır”.
Afaq MİRAYİQ
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ