Onlayn ictimai-siyasi qəzet
Ermənilərin Livanda yerləşən Böyük Kilikiya Evinin katolikosu I Aram Azərbaycanın əleyhinə qızışdırıcı, müharibəyə çağırış xarakterli açıqlamalar verib. “Yeni Müsavat” erməni mediasına istinadən xəbər verir ki, erməni keşiş avqustun 12-də Theotokos kilsəsinə ziyarəti münasibətilə liturgiyadan sonra çıxış edib.
“Bizim ilk mesajımız Ermənistan hökumətinə ünvanlanıb. Ermənistan hökumətinin ”Artsax"a (ermənilərin Qarabağda separatçı rejimlərinə qoyduqları uydurma ad-red.) qarşı tutduğu yanaşmalar artıq onu erməni dünyasının xəritəsindən silə və Ermənistanın gələcəyini təhlükə altına ata bilər.
Aramın fikrincə, elə bir struktur yaratmaq lazımdır ki, o, iqtidar, müxalifət, diaspor nümayəndələrindən, zəngin siyasi və diplomatik təcrübəyə malik insanlardan ibarət olsun: “Müvafiq olaraq bu struktur Azərbaycanla tamamilə fərqli üslubda, fərqli yanaşmalarla danışıqlar aparsın. Azərbaycanla danışıqlarda Ermənistan uduzan tərəf kimi çıxış etməyi dayandırmalıdır, çünki bu mövqe yalnız güzəştə aparır”.
Katalikos İrəvanı Xankəndinin “blokadası” götürülənə qədər Bakı ilə bütün danışıqları dayandırmağa çağırıb: “Ümumiyyətlə, danışıqlarda Qarabağın Azərbaycanın tərkibinə daxil edilməsini nəzərdə tutan istənilən yanaşma rədd edilməlidir. Heç bir halda Dağlıq Qarabağın təhlükəsizliyini və müstəqilliyini təmin edən öz müqəddəratını təyinetmə ədalətli hüququ təmin etmədən Azərbaycanın ərazi bütövlüyünü tanıyacağına dair vədlər vermək yolverilməzdir”.
Göründüyü kimi, adını “din adamı” qoyan insanların taleyi ilə oynayaraq yeni savaş, müharibə, qan tökülməsini istəyir. Ruhani olduğu halda faşistsayağı çıxış etməkdən çəkinmir. Bu bəyanatın arxasında əslində kimlər durur, məqsəd nədir?
Ceyhun Məmmədov
Mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov “Yeni Müsavat”a dedi ki, Azərbaycanla Ermənistan arasında münaqişənin alovlanmasında ədavətin davam etməsində ən çox maraqlı olan və ən fəal iş aparan təşkilatlardan biri erməni kilsəsidir: “Bu kilsə həm Ermənistanın daxilində, həm də onun xaricdəki din xadimləri vasitəsilə davamlı olaraq erməni xalqını, Ermənistan hakimiyyətini Azərbaycanla müharibəyə tətikləyir. Bu gün Ermənistan hakimiyyəti müəyyən müsbət bəyanatlar versə də, bəzən bu təşkilatın, kilsələrin davamlı olaraq təxribat yönlü açıqlamalar verdiyinin şahidi oluruq.
Bu, həm də dinlərin mahiyyətinə zidd olan məsələdir. Əslində səmavi dinlər insanları, bəşəriyyəti sülhə, birgəyaşayışa, qarşılıqlı anlaşmaya, normal münasibətlərə çağırır. Bu gün səmavi dinlərin - xristianlıq, yəhudi, islamın bütün çağırışlarında sülhlə bağlı xüsusi məqamlar var. Amma Ermənistanda bu fərqlidir. Bu onu göstərir ki, bu kilsə xristian dininin mahiyyətindən uzaqlaşıb, artıq ekstremist bir təşkilata çevrilib".
Deputat əlavə etdi ki, kilsə Azərbaycanla Ermənistan arasında münasibətlərin gərginləşməsində əsas rol oynayır: “Nə üçün bu addımlar atılır? Hesab edirəm ki, bunun əsas səbəblərindən biri Ermənistanın xaricdəki bir sıra təşkilatlarının fondları kimi erməni kilsəsinin də Azərbaycanla Ermənistan arasındakı münaqişədən bəhrələnməsidir. Bu müharibə dövründə kilsə davamlı olaraq ianələr yığaraq, bu ianələrdən müxtəlif məqsədlər üçün istifadə edib. Bunun da adını qoyurdu ki, Qarabağdakı ermənilərə yardım edir və sairə. Onlar artıq bu yardımdan məhrum olduqlarını görürlər.
İkincisi isə, onlar gündəmdə qalmaq, cəmiyyətin həyatından çıxmamaq üçün, Ermənistan cəmiyyətində separatizmə meyilli şəxslərin rəğbətini qazanmaq üçün davamlı olaraq bu addımları atırlar və bu cür bəyanatları verirlər. Onlar nə qədər dindən danışsalar da, özlərini din xadimi kimi təqdim etməyə çalışsalar da, dinin mahiyyətindən tamamilə uzaqlaşıblar. Bunlar daha çox dinin adından istifadə edən dəllallardırlar. Ermənistan cəmiyyətini uçuruma, məhvə aparan, Ermənistanın gələcəyi haqqında düşünməyən təşkilata çevriliblər. Ermənistan cəmiyyəti ayıq-sayıq olmalıdır, anlamalıdır ki, bu kimi təşkilatlar, fəaliyyətlər onları məhvə aparır. Bu gün şans var ki, müharibəyə son qoyulsun. Onlar çalışmalıdır ki, bundan yararlansınlar".
Yazını hazırladı: Afaq MİRAYİQ
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ