İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni general Bakıya gələcəkmi... - rəylər

Sabah MDB ölkələrinin qərargah rəisləri Azərbaycana toplaşır; ekspert: “Ona burada çox sərt suallar verilə bilər”

Oktyabrın 12-də Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclası keçiriləcək. “Yeni Müsavat” bildirir ki, bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidməti xəbər verib.

Sentyabrın 12-də müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyevlə MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının katibi, general-mayor Yuri Daşkin iclasla bağlı təşkilati məsələləri müzakirə ediblər. Beləliklə, MDB-yə üzv ölkələrin qərargah rəisləri Azərbaycana təşrif buyuracaqlar. Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi vəzifəsini Edvard Asryan icra edir. Onun Bakıya gəlib-gəlməyəcəyi haqda rəsmi fikir bildirilməyib. Belə aydın olur ki, digər üzv ölkələr kimi Ermənistan da öz qərargah rəisini “odlar yurdu”na göndərəcək. Əgər Asryan gələcəksə, bu, çox maraqlı hadisə olacaq. Xüsusən Praqa görüşündən və sərhəddə baş verən toqquşmalardan sonra erməni general K.Vəliyevlə müzakirə apara bilər. Amma onun gəlməməsi də istisna deyil.

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC

Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədli inanmır ki, sərhəddə baş verən münaqişələrdən sonra erməni general Bakıya gəlsin. Onun “Yeni Müsavat”a dediyinə görə, hər bir halda belə səfər olarsa, beynəlxalq tədbirdir, Azərbaycan yəqin ki, onu qarşılamağa hazır olduğunu bildirib: “İclasda iştirak edənlərin hansı ölkəni təmsil etməsinin Azərbaycan-Ermənistan əlaqələrinə aidiyyəti yoxdur. Əksinə, Ermənistanın baş qərargah rəisi iştirak edərsə, Azərbaycanın imicinə müsbət təsir edər, sülh sazişində maraqlı tərəf olduğunu bir daha göstərər. Amma zənn etmirəm ki, gələcək. Çünki ona burada çox sərt suallar verilə bilər və erməni general bu vəziyyətlə qarşılaşmaq istəməz. Rəsmi Bakı bütün beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil edir, təhlükəsizliyə qarant verir. Sadəcə, erməni general cavab verməlidir ki, nə üçün sərhəddə təxribata yol verirlər, mövqelərimizin atəşə tutulmasında məqsəd nədir?”

Oxu.az - Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma  Ermənistanda türk görmək istəmirlər”

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova güman etmir ki, Ermənistan tərəfi toplantıda iştirak etsin: “Bu iclaslar ölkələr arasında hərbi əməkdaşlığı genişləndirməyə hesablanıb. Eyni zamanda Rusiyada MDB dövlət başçılarının qeyri-rəsmi toplantısından sonra Bakıda qərargah rəislərinin iclasının çağırılması maraqlı gedişdir. Rusiya müharibədə böyük itkilər verir və nüfuz imkanları getdikcə zəifləyir, ona görə MDB kimi təşkilatın fəaliyyətini canlandırmaq fikrində görünür. Rusiya zəif hala gətirilsə, MDB, KTMT, Avrasiya İqtisadi Birliyi, Gömrük İttifaqı sabun köpüyünə çevriləcək”.

Onu da deyək ki, təxminən beş aylıq fasilədən sonra Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi var. Ermənistan prezidentinin sərəncamına əsasən, bu vəzifəni Edvard Asryan icra edir. Digər sərəncamla Artur Harutyunyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəis müavini təyin edilib. Ermənistanda ekspertlər Edvard Asryanın təyinatı ilə bağlı bir sıra narahatlıqlar görürlər. Erməni hüquq müdafiəçisi Nina Karapetyan deyib ki, narahatlıq daha çox mənəvi səviyyədədir: “Digər mənalarda bu problem artıq tükənib. Ali baş komandan hərbi çevriliş cəhdində iştirak etmiş şəxsi baş qərargah rəisi təyin etməklə bağlı necə belə bir qərar verə bilər? Bu, daha çox mənəvi müstəvidədir. Əslində təəccüblü heç nə yoxdur, çünki münasibətlər həmişə bu məzmuna malik olub: prinsipsiz, qeyri-ardıcıl və plansız...”

Erməni politoloq Ruben Mehrabyanın sözlərinə görə, bu təyinat çoxlu suallar doğurur: “Sual olaraq qalır ki, belə kadrlarla Ermənistanda hansı hərbi islahat aparılır? Görünür, bu sualın cavabını parlamentin tribunasından eşitmək lazımdır. İdeologiya 2020-ci il müharibəsinin dərslərini ehtiva etməli, hərbi təhdidlərin mahiyyətinin təhlilinə əsaslanmalı və həll yolları ondan alınmalıdır. Bu nə dərəcədə həyata keçirilir, əmin deyiləm. Məndə belə bir təəssürat yaranıb ki, burada bəzi inertial yanaşmalar üstünlük təşkil edir ki, bu da indiki vəziyyətə adekvat deyil”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat"

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR