İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni baş nazirin BMT-də  “ayaq tutmayan” yalanı

Paşinyanın BMT-dəki bəyanatı növbəti siyasi populizmdən başqa bir şey deyildi

Ermənistanın baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasının 77-ci sessiyasında etdiyi çıxış ənənəvi populizm və faktların təhrifindən başqa bir şey deyildi. Erməni baş nazir faktları təhrif etməklə beynəlxalq tribunadan Azərbaycana qarşı mənfi fikir formalaşdırmağa cəhd etdi.

Ermənistanın baş naziri son iki gündə tirajlanan çıxışında deyir:

“Azərbaycan prezidentinə rəsmi və açıq sual verirəm: mənə Ermənistanın elə bir xəritəsini göstərə bilərsinizmi ki, onu qəbul edirsiz, yaxud Ermənistan Respublikası kimi qəbul etməyə hazırsınız?”

Daha sonra davam edir:

“Əgər Azərbaycan Ermənistan ərazisini tək nəzəri deyil, konkret olaraq beynəlxalq səviyyədə tanınmış 29 min 800 kvadrat kilometr təşkil edən ərazisini tanısaydı, bu, o demək olar ki, biz hər iki ölkənin ərazi bütövlüyünü qarşılıqlı surətdə tanıyaraq, sülh sazişini imzalaya bilərik”.

Gəlişigözəl və hiyləgər açıqlamadır. Əvvəla, Azərbaycan dövləti Ermənistanla sərhədlərin delmitasiya və demarkasiyasına hazır olduğunu bəyan edib və birgə komissiyanın yaradılmasına razılıq verib. Lakin Ermənistan bu prosesi pozdu və delmitasiya və demarkasiya prosesi başlamadı. Yəni Azərbaycan Ermənistanla sülh sazişinin imzalanması, iki ölkə sərhədlərinin müəyyən olunmasına razı olub və bunu əməldə göstərib. Əksinə, İrəvan sülh sazişi və sərhədlərin müəyyən olunması prosesini pozub. Nəticədə sülh sazişi prosesi iflic olub.

Azərbaycan rəsmən bəyan edib ki, tarixi xəritələrə əsasən iki ölkə sərhədlərini müəyyən etməyə hazırdır. Yəni burada mübahisə mövzusu hansı xəritə əsasında sərhədlərin müəyyən olunması deyil, qarşılıqlı ərazi bütövlüyünün tanınmasıdır. Paşinyan bu məsələdə hiyləgərlik edir. Azərbaycandan Ermənistanın 29,8 min kv.km ərazisini tanımağı tələb edən Ermənistan rəhbərliyi Azərbaycanın 86,6 min kv.km ərazisində suverenliyini tanıyırmı?

Əlbəttə, Paşinyan bu hissəyə toxunmayıb. Amma toxunmasa belə, bəzi həqiqətlər bəllidir. Əvvəla, Ermənistan hələ müstəqil olmamışdan əvvəl Azərbaycana qarşı ərazi iddiası irəli sürüb, Dağlıq Qarabağ ermənilərinin müstəqilik hüququnu tanıyıb və ötən 30 il ərzində, eləcə də hal-hazırda Qarabağ erməniləri üçün özünüidarə haqqı tələb edir. 1989-cu il dekabrın 1-də Ermənistan Ali Soveti və Dağlıq Qarabağ ermənilərinin milli şurası birləşmə elan edib.

Yəni başqa sözlə, hazırda Ermənistan dövləti Azərbaycanın 86,6 min kv.km ərazisində suverenliyini tanımır və ya ən azı bunu şübhə altında qoyur. Amma BMT tribunasından Azərbaycanı ittiham edir.

Bu çıxışın başqa bir açıq qalan tərəfi ondan ibarətdir ki, Ermənistan hakimiyyəti Azərbaycanla sülh sazişi məsələsini ortaya atmaqla İrəvanı danışıqlar prosesindən çıxarmağa çalışır. Çünki Paşinyanın qeyd etdiyi şərtlərdə sülh sazişinin imzalanması o deməkdir ki, Ermənistan 2020-ci il 10 noyabr sazişini icra etmədən prosesdən çəkilir və bunun ardınca beynəlxalq təşkilatların, o cümlədən ABŞ və Fransanın təzyiqi ilə Dağlıq Qarabağ erməniləri üçün status danışıqlarına cəlb olunur və bununla da faktiki olaraq Azərbaycan 44 günlük müharibə zamanı əldə etdiyi nəticələrin bir qismindən məhrum olur, kommunikasiyalar, Zəngəzur dəhlizi layihəsi icra olunmamış qalır. Üstəlik Dağlıq Qarabağ ermənilərinin müqəddəratı, yəni siyasi status müzakirələri bərpa olunur.

Azərbaycanın isə mövqeyi qəti və aydındır. Ermənistan 10 noyabr müqaviləsinə əməl etməli, hərbi qüvvələri Qarabağdan çəkməli, Naxçıvana dəhliz verməli, Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanımalıdır.

Ermənistan isə bu şərtlərə əməl etmək istəmir, bu səbəbdən də hər dəfə müxtəlif səbəblərlə prosesi uzatmağa, sərhəd toqquşmaları ilə münaqişənin həllinin dalana dirəndiyi görüntüsünü yaratmağa çalışır. Azərbaycan isə hazırda mümkün olan yeganə vasitə olaraq Ermənistanı ədalətli sülhə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanımağa məcburetmə əməliyyatları keçirir. Üstəlik, bu əməliyyatlar delmitasiya edlməmiş sərhəd xəttində həyata keçirilir.

Nikol Paşinyan isə öz ampluasındadır. 3 il əvvəl Xankəndinin mərkəzi meydanında “Miatsum” qışqıran baş nazir indi BMT tribunasından Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir. O zaman olduğu kimi, indi söylədikləri də blefdir, amma bleflə çox uzağa getmək mümkün deyil.

Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR